Medianews.az
Bir tərəfdə ah-fəqan, bir tərəfdə çal-oynasın...
751 baxış

Bir tərəfdə ah-fəqan, bir tərəfdə çal-oynasın...

xalid kazimli kose 1
Hanı, deyirdilər, “qara xəbər tez duyulur”? Bəs bu nəydi, səhər açılıb, günortanın doqquzu olub, amma bir neçə agentlik və saytdan başqa gecə baş verən müharibənin itkiləri barədə yazan, danışan yoxdur.
Düşmənlə təmas xəttində 8 (bəzi məlumatlara görə, 11) əsgər və zabit həlak olub, nə qədər gənc insan yaralanıb. Gecə boyu əsl müharibə gedib.
Son illər bu qədər itki verdiyimiz olmamışdı. Lap olsun ki, ermənilər də itki verib. Deyək, bir alay əsgərləri qırılıb. Bu, bizim yaramızı sağaltmaz. Bu gənc övladını itirmiş anaları ovundurmaz, qəddi əyilmiş ataların belini dikəltməz, gözü yaşlı qalmış qardaşların, bacıların, sevgililərin acısını səngitməz.
8-11 gəncin bir gecədə həyatını itirməsi düşmən snayperi tərəfindən vaxtaşırı vurulan hərbçilərimizin faciəsi ilə eyni deyil. Miqyas böyükdür. Bir əsgərin itkisinə təhəmmül etmək olur – bu faciə daha çox bir ailənin, bir nəslin hisslərinə təsir edir. 8 oğulun itkisi isə artıq vətənin, millətin acısıdır.
Bu, Müdafiə Nazirliyinin bəyan etdiyi “cəbhə boyunca atəşkəs rejimi 71 dəfə pozulub” açıqlamasının altına sığışacaq akt deyil.
Hələ dünən və srağagün atəşkəsin 111 və 95 dəfə pozulduğu barədə xəbər yayılmışdı.
Bir şey ki, silahlar gecə sabaha qədər susmur, bu nə atəşkəsdir? Belə atəşkəs rejimi olarmı? Hələ bir də kimlərsə oturub atəşkəsin neçə dəfə pozulduğunu sayır. Absurd. Aradakı fasilələr yalnız güllə darağının dəyişdirilməsi zamanı yaranan susqunluqdur.
Hər dəfə cəbhə xəttində bu cür eskalasiya olanda erməni tərəfi “Azərbaycan ordusu hücuma keçmişdi, itki verdi, geri çəkildi” deyə haray-həşir salırlar. Bizim ordunun rəhbərliyinin açıqlaması da belə olur: “Düşmən hücuma keçməyə cəhd edib, hərbçilərimiz onlara layiqli cavab veriblər, təcavüzkar itki verərək geri çəkilib”.
Beynəlxalq müşahidəçilər ilk olaraq kimin hücuma keçdiyini, kimin təxribat törətdiyini heç cür analaya bilmirlər.
Müdafiə Nazirliyinin açıqlamalarına fikir vermədən, bu işin əslini öyrənmək istəyənlər təmas xəttində xidmət keçən yaxınlarından, dost-tanışlarından öyrənə bilərlər, doğrudan da cəbhə xəttindəki gərginlikləri yüzdə doxsan halda ermənilər yaradırlar. Bizim əsgərlərə qəti əmr verilib: düşmən tərəfə güllə atmayın, atəşkəsi pozmayın. Erməni tərəf isə həmişə aqressivdir, onları əmri başqa cürdür.
Bu, dünənə qədər beləydi. Dünənki döyüşlərin isə əsl səbəbkarını araşdırmağa ehtiyac var.
Düzdür, torpaqlarımız 21 ildən bəri işğal altında saxlanıldığı üçün heç kəs bizi atəşkəs rejimini pozduğumuza görə qınaya bilməz, ancaq özümüz bilirik ki, atəşkəsi pozanda da uğurlu həmlə ilə pozmaq lazımdır, daha o qədər itki verməklə yox.
Hər halda, bir gecədə o qədər itki vermək ümummilli faciədir.
Bəs bir millət olaraq bu faciəyə necə yanaşdıq, necə qiymət verdik? Tam bir rəzalət!
Ölkənin sayt oxuyan, onlayn informasiya alan kəsimi qan ağladığı halda telekanalların studiyalarında şou-biznes adamları bayağı mahnılar oxuyur, qol götürüb oynayırdılar. Qəhqəhə çəkən kim, ucuz söhbətlərlə baş qatan kim...
Başqa vaxt, rəsmi matəm günlərində qara bürünüb, göy örtürlər, özlərini kədərlənmiş kimi göstərirlər, millətə patriotluq dərsi keçirlər, amma bu boyda hadisədən ya xəbərləri yoxdur, ya da onu adi şey, məsələn, yol qəzası kimi qəbul edirlər.
Can candan ayrıdır axı. Şəhid anasının acısını bilmək üçün ən azı əsgər anası olmaq lazımdır. O şou-biznes adamları əsgər valideynləri olsaydılar, cəbhədə atəşkəsin pozulmasından narahat olar, əsən əllərinə mikrofon götürə bilməzdilər.
Ancaq məsələ belədir: bu ölkədə bir qədər artıq imkanı olan istənilən şəxs, ən kiçik dövlət vəzifəsi tutan adam övladını ya əsgərlikdən birdəfəlik yayındırır, ya da arxa cəbhədə, güllə tutmayan yerlərdə bəslətdirir.
Güllə qabağında kasıb-kusubun balalarıdır. Qırılan onlardır və bu, vətənin gülünü dərən, qaymağını, balını yeyən, dilbər guşələrində dincələn, ən bahalı, komfortlu məkanlarında əylənən harınların vecinə deyil. Ona görə də onlar öz kef-damaqlarından, əyləncələrindən qalmırlar.
Biz bu vətən torpağının üstündə rahat nəfəs ala biliriksə, məhz o şəhid oğulların, düşmən çəpərlərinin sayəsindədir.
Onların qədrini bilmək, onları qorumaq, qoruya bilmədikdə, heç olmasa xatirələrini əziz tutmaq boynumuzun borcudur.

Bizə qoşulun