Medianews.az
Virtual məkanda nifrət püskürməsi
496 baxış

Virtual məkanda nifrət püskürməsi

xalid kazimli kose 1
Şərh bölümləri aktiv olan saytlarda bir çox yazıların altı söyüş poliqonuna çevrilib. Bu son aylarda xüsusilə qabarıq görünür.
Musavat.com saytı da qıraqda deyil. Bu saytın şərh bölümündə də “qırğın” gedir. Oxucular öz sonsuz hiddətlərini, illərlə yığılmış nifrətlərini ən ağır sözlərlə ifadə edərək hansısa yazının altına şərh yazırlar. Tam bir biabırçılıq.
Hər 10 şərhin 7-8-də söyüş, təhqir, aşağılama, ekstremizmə çağırış, iftira, böhtan və sair peşəkar mediada yerləşdirilməsi yolverilməz sayılan ifadələr var. Adamlara elə gəlir ki, bu ifadələr qəzetçilərin hazırladıqları materialda yer almaya bilər, amma ondan iki sətir aşağıdakı şərhlər bölümündə gedər.
Saytın adminstratorları bu cür şərhlərin əlindən boğaza yığılıblar. Mətnlərdən nə qədər söyüş çıxarmaq, şərhyazanlara nə qədər xəbərdarlıq etmək olar...
Xeyri yoxdur. Adam fikirləşir ki, hələ bunlar qəzet oxuyan, savadlı adamlardır, amma öz fikirlərini bu cür qaraj, bazar jarqonuyla ifadə edirlər, görün, qəzetdən, kitabdan uzaq olan fəalların leksikonu, ən ümdəsi təfəkkürü nə gündədir.
Bir neçə mövzu var ki, onlara gələn şərhləri yığıb-yığışdırmaq olmur. Din, millət və oliqarxlar mövzusu həmişə söyüşlü, qarğışlı polemika doğurur.
Artıq neçə vaxtdır ayrı-ayrı adamlar məzhəblərarası münaqişələrini virtual müstəviyə keçirib, yazdıqca yazırlar, bir-birini təhqir edir, hədələyir, qarğayır, qarşılıqlı olaraq kütləvi ölüm (“kökünüz kəsilsin” kimi) arzulayırlar. Ertəsi gün uyğun mövzuda yenidən başlayırlar.
Türk, fars, ərəb, yəhudi, kürd, rus, alman, holland, ingilis və başqa xalqların ünvanına təhqiramiz ifadələrlə, aşağılayıcı epitetlərlə dolu şərhlər xüsusilə çox olur. Xəbərdarlıq edirik ki, hansısa milləti aşağılamaq, onun ünvanına təhqiramiz ifadələr səsləndirmək faşizm əlamətidir, bundan çəkinin, xeyri olmur.
Ən qəribəsi odur ki, bu sayaq şərh yazanların çoxu savadlı adamlardır, elə tarixi faktlar gətirirlər ki, bunu yalnız sırf o sahə üzrə mütəxəssis olan tarixçilər bilər, elə sitatlara yer verirlər ki, onları ən güclü politoloqlar belə bilmirlər. Di gəl, bir sonrakı cümlədə mütləq təhqir var, şovinist şüarlar, ekstremist çağırışlar var.
Son günlər yazdıqları şərhlərdə Hitlerə haqq qazandıranlar çoxalıb, Stalini öyənlər, zatən, azalmamışdı. Bu adamların demokratiya, insan haqları barədə daşlaşmış qənaəti bundan ibarətdir: Stalin kimi biri olmalıdır, bütün yaramazları divara söykəyib güllələməlidir, düşərgələrə basmalıdır (düşünmürlər ki, divara söykədilənlərin və ya həbs düşərgələrinə basılanların arasında özləri də ola bilərlər).
Bir İP ünvanından daxil olaraq beş fərqli niklə (təxəllüs) şərh yazanlar var. Onlar elə bilirlər ki, özlərinə beş fərqli təxəllüs götürməklə kimisə aldada bilərlər. Ancaq bu şəxslər bilməlidirlər administratorlar İP ünvanını görürlər və şərhlərin hamısının eyni kompüterdə yazıldığını anlayırlar. Belə şəxslər daha çox oliqarxların və başqa yüksək mənsəbli məmurların müdafiəçiləridir. Onlar öz aləmlərində “şef”ə hücumları bu cür dəf etdiklərini düşünürlər.
Bir də eyzən söyüş yazanlar, iftira, böhtan atanlar var. Onlar da yalançı təxəllüs altına girərək özlərini təhlükəsizlikdə hiss edir, dövlət rəhbərlərindən tutmuş müxalifət liderlərinə qədər hər kəsin ünvanına təhqir yazırlar. Əgər biz o ağır ifadələrin ən yumşağını buraxsaq və hüquq-mühafizə orqanlarının əməkdaşları onların ünvanını istəsə, əmin olsunlar ki, bir neçə saatdan sonra poqonlular onların qapısını döyəcək. Yəni özünə “Patriot”, “Cəsur” təxəllüsü götürərək xoşuna gəlməyən şəxsləri söymək, sonra rahatca gizlənmək mümkün deyil. Hər kəs işlətdiyi ifadənin məsuliyyətini biləcək, arxasında duracaq.
Bu qeydləri etmək məqsəd odur ki, qoy fəal oxucular öz hiddətlərini boğsunlar, məsuliyyətli olsunlar, nə özlərinə, nə saytların administratorlarına iş artırmasınlar. Xüsusilə də din, məzhəb, millət, etnik qruplar məsələsində son dərəcə ağıllı olmaq, qızışdırıcı ifadələrdən, fikirlərdən imtina etmək lazımdır.
Saytların oxuculara verdikləri tribunadan səmərəli istifadə etmək, sui-istifadə etməmək mümkündür və bir çox ölkələrdə artıq o cürdür. Gəlin, biz də qabağa gedək.

Bizə qoşulun