Medianews.az
Permanent erməni hiylələri
464 baxış

Permanent erməni hiylələri

samir sari kose 1
Sanasan, biyaban əqrəbidirlər, hansı daşı qaldırırsan, altından çıxırlar. Biz bunlarla nə edək, nə qayıraq, hara köçək? 39-42-ci paralellərdən başımızı götürək hara qaçaq? Tundrayamı gedək, Alyaskayamı sığınaq?
Budur, kimin ağlına gələrdi ki, 3 ton heroin məsələsi əslində ermənilərin işiymiş, amma bizim boynumuza atmaq istəyirmişlər. Özü də görün, bunlar bunu kimə edirlər? Nəinki regionda, hətta dünyada cibə nəşə atıb-tapmaq üzrə ad çıxaran bizə. 5 qram deyil, 10 qram deyil, heç cibə də 3 ton heroin atarlarmı?
Amma ermənilər bunu da etdi. Yox, bunların əlindən yaşamaq bizə haramdır.
Bir öz regionumuzda deyil, dünyanın hər tərəfində ermənilər bizə badalaq vururlar. Keçən il Meksikada ümummilli heykəlimizin parkdan götürülməsində, bişəkk, erməni barmağı vardı, uzaq olduğu üçün gedib araşdıra, ortalığı qarışdıra bilmədik.
Beş-altı il qabaq Avropa Şurası Parlament Assambleyasında Andreas Qrossun eyzən bizim əleyhimizə danışması erməni faktoru ilə bağlıydı, şanlı deputatımız Rəfael Hüseynov “Andronik Andreasın içində” başlıqlı yazı yazaraq onu vaxtında ifşa etdi.
Fransanın eks-prezidenti Sarkozinin Türkiyəyə və Azərbaycana qarşı atdığı addımlarda erməniləri rolu olduğu bütün dünyaya məlumdur, sübuta ehtiyacı yoxdur. Deyəsən, yeni prezident Ollandın böyür-başında da xeyli məkrli erməni var, o da arada “dra-dra” deyir.
Hələ tam araşdırmamışıq, amma keçən il Moskvada gənc rusu bıçaqlayan, hazırda məhkəməsi gedən Orxan Zeynalovun erməni fitnəsinin qurbanı olduğu versiyası üzərində işləmək lazımdır. Görərsiniz, bu işdən mütləq erməni barmağı çıxacaq.
Bütün bəlalarımızın günahı ermənilərdir. Türkiyə camaatının problemlərinin qaynağı masonlar olduğu kimi, bizimki də onlardır.
Düzdür, ermənilər də oturub-durub deyirlər ki, bütün dərd-bəlalarının səbəbkarı azərbaycanlılardır, amma göydə Allah var, məgər biz əlimizdə tutulan 3 ton heroini onların üstünə atırıq?
Xeyr. Amma onlar hər fürsətdə çalışırlar ki, iqtisadi inkişaf tempimizi ləngitsinlər, beynəlxalq arenada qazandığımız uğurlara kölgə salsınlar, demokratik ölkəmizin reputasiyasına xələl gətirsinlər, insan hüquqları sahəsindəki nailiyyətlərimizi ört-basdır eləsinlər və sair və ilaxır.
Təəssüf ki, öz ölkəmizdə də erməni dəyirmanına su tökənlər var. Əvvəllər onlar bunu vedrələrlə, sisternlərlə edirdilər, amma sonra erməni dəyirmanına boru xətti çəkməyə çalışdılar, amma ayıq-sayıq hökumətimiz kanalın qarşısını kəsərək erməni dəyirmanının daimi su ilə təchiz edilməsi planını pozdu.
25 ildir ki, vəziyyət bu cürdür. Rayonlarda camaat yerli İH başçılarından kəndarası yolların təmir edilməsini, içməli su xətti çəkilməsini tələb edəndə də ortaya çıxır ki, yeganə maneə erməni məsələsidir. Başçılar deyirlər, bilirsiniz, ölkəmiz müharibə şəraitindədir, 1 milyon qaçqınımız var, ərazimizin 20 faizi işğal olunub, bu şəraitdə yolların təmiri və içməli su xəttinin çəkilməsi mümkün deyil, inşallah, danışıqlar yolu ilə münaqişə həll olunacaq, ondan sonra həyat gözəl olacaq.
Bizim camaat da bir az utancaqdır axı, deyə bilmir, cənab başçı, bəs sən özün içində beşulduzlu hotellərin hovuzundan əskik olmayan hovuzu olan, qəsrə oxşayan villaları tikdirməyi nəyə görə sülh dövrünə saxlamırsan. Demək olmur. Bu sözü camaat içində deyən adama dərhal “erməni” deyərlər və basarlar meyxanaçı Bayram Kürdəxanılının yanına.
Yeri gəlmişkən, söhbət gəzir ki, Bayramı elə bu cür söhbətlərin üstündə tutublar, nəşə-məşə havayı söhbətdir. Heç demə, Bayram öz rayonunun İH başçısının iradəsi əleyhinə çıxıb və dərhal yada düşüb ki, adam nəşəxordur, deyiblər, bunu salın içəri, Allahdan təcridxana da öz kəndlərindədir.
Söz uzandı, hardan hara gəldi, 3 ton heroindən danışdığımız yerdə gəldik “istehlak tələbatından artıq həcmdə tutulan narkotik maddə”yə. (Görəsən, narkotikin istehlak qədərini kim müəyyən edib? Bəlkə biri bunu çəkənidir, çox istifadə edir?)
Bəli, növbəti erməni hiyləsi ilə üz-üzəyik. Şübhəsiz, onlar da 3 ton heroinə yiyə durmayacaqlar. Beləcə, arada toz-duman əmələ gələcək, mal yiyəsi də malını götürüb aradan çıxacaq.

Bizə qoşulun