Medianews.az
Məcburən Londonda...
482 baxış

Məcburən Londonda...

samir sari kose 1
Ölkəmizdə təhsilin yüksək səviyyəsindən danışan deputat-rektor Əhməd Vəliyevdən soruşublar ki, bəs nəvələriniz harada təhsil alırlar, səmimiyyətlə cavab verib ki, onlar Londonda oxuyurlar. Rektorun cavabı bu şəkildə olub: “İngiliscə bitirdiklərinə görə onlar məcburiyyət qarşısında qalıb gedib Londonda oxuyurlar. Yoxsa Azərbaycanın özündə də ali təhsil ala bilərdilər. Sadəcə, təhsilləri burada ingiliscə olduğuna görə İngiltərədə qəbul ediblər”.
Əlbəttə, elədir, məcburiyyət pis şeydir. “Ehtiyac qul eylər qəhrəmanı da”, “Allah sağ əli sol əlin köməyinə möhtac eləməsin”, “Toxun acdan xəbəri olmaz”, “Şad ol, könül, nə məlulsan, keçər dövran belə qalmaz” və sair və ilaxır.
Deputatın nəvələri məcbur olmasalar, ali təhsillərini ta Londonda niyə alırdılar, öz ölkəmizdə gül kimi universitetlər var, 700 bal yığıb daxil olar, oxuyar, vətənə, millətə xeyirli övlad olardılar. Amma iş belə gətirib ki, nəvələr lap uşaq vaxtından ingilisdilli olublar, yekələndə isə görüblər ki, bay, Azərbaycanda nəinki ingiliscə təhsil verən universitet yoxdur, heç universitetlərdə ingilis sektoru da yoxdur. Belə olandan sonra uşaq dumanlı Albiona getməsin, neyləsin. Məcburdur.
O başqa söhbətdir ki, deputata demək olar, o boyda professorsan, rektorsan, qanunvericilik hakimiyyətinin üzvüsən, bilmirsənmi ki, bu ölkədə dövlət dili Azərbaycan dilidir, niyə əvvəldən nəvələrinə ibtidai və orta təhsili Azərbaycan dilində verdirmirsən. Düzdür, adam bacardıqca çox dil bilməlidir, amma o “çox dil”in içində ana dili də olmalıdır - üstəlik, həmin ana dili seçilmişlərindən olduğun dövlətin rəsmi dilidirsə, məcbursan züryətinə doğma dilində dərs verəsən.
Ümumiyyətlə, möhtərəm həmvətənlər, son illər qəribə bir təmayüllə qarşı-qarşıyayıq. Elitar zümrənin, daha dəqiqi, pulla adamların ciyər-parələri öz vətənlərində yaşamaz, işləməz, oxumaz olublar. Kimi araşdırırsan, məlum olur ki, oğlu, qızı, yaxud da nəvəsi Londondadır, ya təhsil alırlar, ya da orda nəsə bir iş görürlər.
Hiss olunur ki, yüksək mənsəbli məmurlarımızın içində yekə bir London eşqi var. Havası sərindir, ya orda bunların üzünə xoş baxırlar, nədir, bir az pul qamarlayanların hamısı Londona cumur. “N” qədər mülk alanlar var. Hamısı eyni yerdən alsalar, çoxdan “Yeni Bakı” qəsəbəsi əmələ gətirərdilər. İntəhası, hərəsi şəhərin bir köşəsindədir. Əvvəlcədən bir ağsaqqal olsaydı, Londona köç edənlərə “çalışın, ora-bura dağılmayın, bir məhəllədə toplaşın” deyə öyüd-nəsihət versəydi, indi bilərdik ki, Londonun filan məhəlləsində bir anklavımız, kompakt yaşayan həmvətənlərimiz var. Bunun xeyri-şəri, ad günü, şad günü var... Güc birlikdədir.
Əvəzində məcburən Londona yerləşmiş züryətlər şəhərin müxtəlif kafe-restoranlarında buluşur, dərdləşir, doğma respublikanın problemləri ilə nəfəs alıb-verirlər. Çalışırlar erməni dəyirmanına su tökməsinlər, hətta əksinə, faciə ildönümlərində yığışıb tədbir-filan da keçirirlər.
Bir də görürsən, dinc vaxtlarda da onların patriot damarları tutur (“Eurovision”da, futbol matçlarında), üçrəngli bayrağımızı götürüb stadiona, arenaya gedir, cani-könüldən yellədirlər. Biz də, məsələn, “Arsenal”-"Liverpul" oyununu televiziya ilə canlı-canlı izləyərkən stadionda dalğalanan bayrağımızı görür, qürur hissi duyur, riqqətə gəlirik. Heç xəbərimiz də olmur ki, uşaqlar o bayrağı orda yelləyə-yelləyə nə qədər əziyyət çəkirlər. Kefdən eləmirlər ki... Məcburdurlar. Bu işlərin hamısı xalq, vətən, millət yolundadır.
Amma qorxasan, bu tendensiyanın zibili çıxa. Çünki ölkədə bir oğlan var, özü Londonda doğulub, ingilis dilini hamıdan yaxşı bilir, fəqət hazırda Bakıda təhsil alır. Əgər o fikirləşsə ki, onun atasının hesabına milyonlar yığan məmurlar gedib Londonu Badamdara döndəriblər, üstəlik, özlərini yaxşı aparmırlar, vallahi, elə bir tədbir qılar ki, londonlu bakılılar gecəylə Mançesterə köçərlər.
Bir şey də var ki, hazırda məcburiyyət üzündən Londonda yaşayanların ata-babası bir zamanlar məcburiyyət üzündən Moskvada yaşayırdılar. Sadəcə, indi dövran və paytaxt dəyişib.

Bizə qoşulun