Bilirəm, Braziliya yığmasının ölkəmizdəki fanatlarının xoşuna gəlməyəcək, amma bu komandanın darmadağınla uduzması mənim 12 illik arzum idi. Köhnə və sadiq oxucularım 2002-ci il mundialında yazdığım “Qıvraldo” başlıqlı yazını xatırlayarlar - bu arzu o günlərdə doğmuşdu.Gənc nəsil üçün bir daha xatırladım ki, o mundialda koreyalı hakim Braziliya ilə oynayan Türkiyə millisinin qapısına çox havayı bir penalti təyin etmişdi. Qayda pozuntusu cərimə meydançasından iki-üç metr qıraqda olsa da, hakim penalti nöqtəsini göstərdi və braziliyalı oyunçu havayı qolu vuraraq yaquar öldürmüş gənc hindu kimi havaya sıçrayıb nərildədi. Nə olub, ə?
Bundan sonra Hakan Ünsal topu zərblə oyunun vaxtını öldürməkdə olan Rivaldoya tərəf vurdu, top Rivaldonun dizinə dəydi, o isə üzünü tutub kobra vurmuş hindli kimi acılar içində qıvrıldı və “ədalət mücəssəməsi” hakim Hakana qırmızı kart göstərib oyundan qovdu. Həmin kadrı hələ də göstərirlər - həyasız simulyasiya örnəyi kimi.
Bax, o zaman futbol azarkeşi olaraq məndə belə bir arzu oyandı ki, ay, nə ola, gün gələ, Braziliyanın böyük hesabla məğlubiyyətini görəm, onların pərt olmalarına, yerə yıxılıb üzülmələrinə baxam.
Bu gün o gündür. Arzum çin çıxdı. Yəqin ki, elə bu çempionatın ilk oyununda Braziliya Xorvatiyanı nahaq penalti hesabına udaraq yerə-göyə sığmayan sevinc təzahüratı yapanda da bənzər arzuya düşənlər çox olmuşdu. Nəhayət, hamı o günü - buynuzsuz qoçun qisasının buynuzluda qalmadığı anı gördülər. Alma xorvatın ahını, çıxar ahəstə-ahəstə.
Beləcə, göbəyiaçıq braziliyalı qızlar komandalarının qələbəsindən sonra ortalığa düşüb əndam titrədə, qara gədələr sambaçılıq edə, “biz yekik”, “hamıdan böyük Braziliya, başqa böyük yox” çığırtıları ilə Rioda növbədənkənar karnaval düzəldə bilmədilər. Ləzzət elədi. Amma yazar tayfası bir az ürəyiyuxa olur, düzü, dördüncü qoldan sonra əlində plastik kola parçı tutmuş uşağın üzünü stəkanla tutaraq hıçqırması ürəyimi sızlatdı. Gərək pentakampeonlar o uşağı ağlatmayaydılar, uduzursan, 0:2, cəhənnəm-gor, 0:3 hesabıyla uduz, ta 7:1 nəydi?
Yazıq braziliyalılar lap əvvəlcədən deyirdilər ki, bizə mundial lazım deyil, “haramıza yaraşır” deyirdilər. “İşsizlərimiz, aclarımız var, ölkə pis gündədir, milyardları futbola xərcləyincə sosial layihələrə yönəldək, adam kimi yaşayaq” deyə mitinq, yürüş keçirir, polislə dalaşırdılar. Brailiyanın FFA-sı isə deyirdi, yox, tarix yazacağıq. Al, bu da sənə tarix. Hələ tarixdə (yəni mundialllar tarixində) belə biabırçılıq olmayıb. Braziliya millisini, bişəkk, o yalavac əhalinin ah-naləsi tutdu. Yoxsa olacaq iş deyildi.
Zarafat-zarafat, Braziliyanın futbol sektorunda yarım əsrdən bəri davam edən hökmranlığı öz evində bir anın içindəcə dağılıb getdi.
Bu hökmranlıqla yanaşı nə qədər miflər dağıldı, klişe ifadələr puç oldu. Braziliyalı oyunçular, guya hər zaman belə deyirlər: “Rəqiblərimiz bizə bacardıqları qədər qol vurur, biz - istədiyimiz qədər”. Almanlar bu söhbətin belini birdəfəlik qırdı, Braziliyanın qapısına ürəkləri istəyən qədər qol vurdular. Hətta oyunun ikinci hissəsində almanların necə böyük bir ürəyə sahib olduqları üzə çıxdı, onlar istəsəydilər və bir az artıq səy göstərsəydilər, daha beş qol da ikinci hissədə vura bilərdilər. Nəyə görəsə qıymadılar, tamam məhv etmədilər.
“Skolari əjdaha məşqçidir” mifi də dağıldı. Adam 12 il öncəki haqq-nahaq qazandığı uğurun içinə beş qat artıq zibil qoydu, gedib durdu İspaniyanı pis günə qoyan, Kasilyası iməklədən del Boskenin yanında.
Braziliya azarkeşlərinin bugünkü halına baxırsan, yazığın gəlir, amma siz onları oyundan qabaq görəydiniz. Ortalıqda şəkillər var. Biri Klozeni ələ salırdı, biri baş məşqçi Yoahim Lövün şəklinin başını kəsib qoltuğuna vurmuşdu, biri “Almaniya, rədd ol evinə” şüarı qaldırmışdı və s. Harda qaldı bəs qonaqpərvərlik? Yaraşdımı indi? Qonaq uşaqların yanında səni o vəziyyətə saldı...
Gün o gün olsun ki, simulyasiya, saxtakarlıq, hiylə, zorbalıq hesabına qələbə qazanan başqalarının da bu cür darmadağınlı məğlubiyyət gününü görək. Onda həyat daha maraqlı olur.