Medianews.az
Yıxılı evin dirəyi
550 baxış

Yıxılı evin dirəyi

zamin yeni raz

İl ibarətdir 365 gündən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (mən qabaqlar buna gül kimi Meşə və Çaqqal Nazirliyi adı qoymuşdum, sonra redaksiya rəhbərliyinin kəskin tələbləri sayəsində adı qaytarası oldum) hesablamalarına görə, Abşeron yarımadasında küləkli günlərin sayı da 250-280 gün arasında dəyişir. Yəni loru dillə desək, bu xarabada ilin cəmi 3 ayı sakitçilik olur.

Bəs belə küləkli şəhərdə 160 metr uzunluqda bayraq dirəyi qayırıb onun başına stadion boyda parça keçirtməyin nə mənası var idi? Dünən oxudum: Bayraq Dirəyi Meydanı Dövlət İdarəsinin (bəh-bəh, gör nə qəşəng idarələrimiz vardır, goru çatlamış SSRİ belə bizə həsəd aparardı) qərarı ilə məşhur bayraq yenə endirilibdir. Çünki küləyin sürəti filan-filan olubmuş, belə havalarda dünya standartına görə bayraq endirilməli imiş, yoxsa cırılarmış.
Çox maraqlı vəziyyətdir. Hətta kino sənayemiz cəhənnəmə vasil olmasaydı - fürsət ikən Ayaz Salayevin nakam, Mədəniyyət Nazirliyi tərəfindən sünnət edilmiş kinosunu soruşaq, ya da soruşmayaq, rejissor özü taleyə boyun əyibsə, biz neyləyə bilərik - bu bayraq dirəyi əla bir kinokomediyanın obrazıdır. Məsələn, neçə yüz milyon manat xərclənib, ancaq çox vaxt dirək görünür, bayraq isə endirilmiş olur. Belə çıxır ki, biz əslində dirək qurmuşuq. Camaat bayrağı qaldırmaq üçün düzəldir, biz endirmək üçün.
Bəzən külək qəfil əsir, ya da MÇN-in hava bürosu xəbəri idarəyə vaxtında çatdıra bilmir, nəticədə Dirək İdarəsi çatdırıb bayrağı tez endirmir, külək parçanı cırır. İnternetdə axtarsanız, Azərbaycan bayrağının cırıq şəkli bəlkə bütöv şəklindən çoxdur. Al, bu da sənə növbəti sui-qəsd motivi: yapistlər üçrəngli bayrağı təhqir eləmək üçün o boyda dirək və bayraq düzəldiblər. Ki, tez-tez cırılsın. Nəzərdə tutduğumuz kinoda qaranlıq bir zirzəmidə toplaşıb bayrağımızı cıran maskalı masonlar səhnəsi çəkmək olar. Növbəti kadrda Bayraqdar Elman Türkoğlu zirzəmiyə girər, bomba atıb onları havaya sovurar. Komediyaya triller elementləri qatanda super alınır, bəs necə...
Azərbaycanın cırıq bayrağı Xruşşov haqda anekdotu xatırladır. “Amerikaya çatıb onu ötmək” haqda olan məhşur anekdotu. Orda bir kəndli “bəlkə ötməyək, şalvarımızın yamağını görərlər” deyirdi, indi biz də Qafqazın lideri, ÜDM artımına görə Süd Yoluna çıxmış, kainatın avanqardı-zad olsaq da hər yerdən baxanda rəmz olaraq ancaq cırıq bayrağımız, onun boş qalmış dirəyi görünür. Bayraq dirəyi boş qalmış dövlətlə papağı boş qalmış kişi təxminən eyni şeydir. (Vəziyyəti dramatikləşdirmək üçün belə müqayisələr seçirəm. Kino sənətində kulminasiya vacibdir).
Bəs o küləkli günlərdə endirilən bayraq hara qoyulur? Onu bir qatlayan, ütüləyən varmı? Bayraq qatlama işlərinə neçə nəfər baxır? Xalqımız bu suallara dərhal cavab istəyir, yoxsa hökuməti istefaya göndərəcəyik, mən ölüm, sənin əziz başın haqqı... O cümlədən, ilin 280 günü boş qalan dirəkdən funksionallıq baxımından necə yararlanmalıyıq? Ümid edirəm Artur müəllim uzun sürən ağır əmək fəaliyyəti sayəsində NK-da bu suallara cavab tapacaqdır. Dirək boş olan günlərdə ondan qoyun əti asmaq, “Azərcell” və başqa telefon şirkətlərimiz üçün ötürücü stansiya, teleqüllə, bulud çırpmaq üçün çubuq kimi yararlanmaq olarmı? Xahiş edirəm başqa pis şeylər fikirləşməyin. O cümlədən, dirəkdən pir düzəldib, adını “Tanrının qələmi” qoyub yaxşı pul çıxartmaq mümkündür, çətini bir arvadatelekanalizasiyada “Getdim ora nəzir verdim, uşaq oldu” dedirtməkdir, gör camaat dirəyi necə öpür.
Amma bütün hallarda bizim indiki quru bəyliyimizə, saxta müstəqilliyimizə o bayraq dirəyindən yaxşı simvol fikirləşmək mümkün deyil. Necə ki, dövlət var, ancaq bu dövlət xalqa məxsus deyil, eləcə dirək var, bayrağı isə yoxdur. Ta freydvari “iqtidarsızlıq” yozumlarını oxucuların ixtiyarına buraxıram.
 

Bizə qoşulun