“Hüseyn Çelik iddia edib ki, keçirilən sosioloji sorğular göstərir ki, Rəcəb Tayyib Ərdoğan ilk turda 50 faizdən çox səs toplayacaq və qalib gələcək”.
“Əli Əhmədovun fikrincə, sosioloji sorğuların nəticələri göstərir ki, prezident İlham Əliyev seçkilərin ilk turunda seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq yenidən prezident seçiləcəkdir”.
Bu iki iddia arasında yalnız bir neçə kəlməlik fərq var. Türkiyənin hakim partiyasının sözçüsü ilə Azərbaycanın hakim partiyasının təmsilçisinin ritorikası bir-birindən işlədilən sözlərin artıq-əskikliyi ilə fərqlənir, mənası isə birdir. Başqa sözlə, bir niyyət, iki söhbət.
Hər iki ritorika hazırda hakimiyyətdə olan dövlət xadiminin seçkinin İLK TURUNDA qalib gələcəyini iddia edir. Sadəcə, birinə seçkidə qalib gəlmək üçün 50+1 faiz səs kifayətdirsə, digərində bu 75 faizdən artıq olmalıdır.
Bizdə hələ müstəqilliyin ilk illərindən 50 faiz səs qaneedici sayılmayıb. Son 22 ildə ölkəmizdə prezident seçilən 4 şəxsin içində yalnız Əbülfəz Elçibəy 50 faizdən bir az artıq seçicinin səsiylə ali dövlət postunda oturmuşdu. Qalanların hamısının qazandığı səs faizi 75-dən çox olub. İlk turda 75 faiz. Vəssalam. Nöqtə.
Avtoritar rejimli bütün ölkələrdə belədir: hakimiyyətdə olan şəxs mütləq seçkilərin birinci turunda qalib gəlməyə məcburdur. İşi şansa buraxmaq olmaz. Kim bilir, seçki ikinci tura qalsa, nə olar, kimlər kimlərlə birləşər və qüvvələr nisbəti necə dəyişər. Ən yaxşısı məsələni ilk turda həll etməkdir - düşüncə budur.
Əlbəttə, diktatura və yarımdemokratik rejimlərdə əldə olan imkanlardan (seçkiyə hiylə qatmaqdan tutmuş inzibati resurslardan, qeyri-bərabər təbliğat üsullarından yararlanmağa qədər) istifadə etməklə 50+1 faiz səsi düzəltmək çətin deyil və günümüzdə bunu müxtəlif ölkələrdə tez-tez tətbiq edirlər.
Ancaq hansı ölkədə avtoritar idarəçilik nə qədər şiddətlidirsə, diktatura nə qədər güclüdürsə, seçilən liderin “qazandığı” (daha dəqiqi, onun adına yazılan) səs faizi o qədər yüksək olur. Bu yüksək səs faizi xalqın liderə rəğbətinin göstəricisi olmalı, onun rəqiblərinə göz dağı verməlidir. Rəqiblər bilməlidirlər ki, “seçilmiş lider” onlardan fərqli olaraq, “xalqın əksəriyyətinin dəstəyi”nə malikdir və ona qalib gəlmək mümkün deyil.
Bununla müqayisədə hansısa liderin qazandığı 50+1 səs faizi sürüşkən görünür. Bu, həm o deməkdir ki, xalqın digər yarısı, 50 faizi bu liderə qarşıdır, həm də siyasi rəqiblərə “bir az artıq səy göstərsək, 1 faiz artıq səs qazanar və hər halda ona qalib gələ bilərik” ümidi yaratmağa qadirdir.
İndilikdə Türkiyədəki hakim partiyanın sözçülərinin durub Ərdoğanın qazanacağı 70-75 faiz səsdən danışmaları absurd görünə bilər. Zatən, Hüseyn Çelikin Ərdoğanın ilk turda qalib gələcəyini iddia etməsi həmin qrafadandır.
Çünki bir neçə ay öncə (martıqn 30-da) keçirilən bələdiyyə seçkiləri göstərdi ki, hakim partiyanın səsi 50 faizə çatmır. Hələ bu səs faizi də AKP-nin ayrı-ayrı nüfuzlu şəxslərinin, xalq arasında olan hörmətləri baş nazirininki ilə identik olmayan, ayrıca yüksək olan məmurların hesabınadır.
Yəni bu, o deməkdir ki, seçkidə hiyləyə əl atılmasa, inzibati resurslardan sui-istifadə edilməsə, halal seçki keçirilsə, Ərdoğan birinci turda seçilməyə bilər. Ən qəribəsi odur ki, seçkilər ikinci tura qalarsa, qüvvələr nisbəti və konsolidasiyası elə dəyişə bilər ki, Ərdoğan ikinci turda ümumiyyətlə, seçilməz.
Hüseyn Çelik və digər sözçülərin baş nazirin ilk turda qalib gələcəyini anons və iddia etməsi Türkiyənin hakim partiyasının niyyətindən xəbər verir. Ərdoğanın komandası nəyin bahasına olursa-olsun, hətta Türkiyənin demokratik imicini zərbə altına qoymaq hesabına olsa da, seçkini ilk turda udmaq istəyəcək.
Zatən, bir neçə nüfuzlu namizədin qatıldığı seçkidən birinin - əlində hakimiyyət olanın öncədən qalib elan edilməsi anti-demokratik hərəkətdir, azad seçim etməyə hazırlaşan xalqın iradəsinə təzyiqdir.
Biz bunu öz ölkəmizdə çox görmüşük. YAP-ın rəhbər şəxsləri seçkilərin nəticələrini öncədən yüzdəyüz dəqiqliklə “proqnozlaşdırmaq” (“bizimki 75 fazi səs alacaq”) qabiliyyətlərinə görə fenomendirlər. İndi Türkiyənin AKP-si də YAP gedən yolu gedir.
