Üç-dörd il öncə, şəhərin mərkəzindəki köhnə binaları söküb, yerində qış bulvarı əmələ gətirmk təşəbbüsləri qaldırılanda bəzi uzaqgörən dostlar deyirdilər: “Deyəsən, bunların niyyəti kasıb-kusubu mərkəzdən uzaqlaşdırmaqdır. Gün gələcək, bizi mərkəzə buraxmayacaqlar, buraxsalar da, deyəcəklər, pul ödəyin”.
Təxminən elə bir şey alınıb, əziz oxucular. İçərişəhərə avtomobillə daxil olmağın pullu olduğunu bilirsiniz, əlavə söhbətə gərək yoxdur. Artıq başqa küçələrdə də elədir. Girə bilərsən, dura bilməzsən. Hökumət Nəqliyyat Nazirliyinin əli ilə gətirib hər küçənin başına bir “dayanma, durma qadağandır” işarəsi qoyub, o qadağaya riayət etməyənlərin maşınlarını cərimə meydançasına daşıtdırır, cərimələyir.
Bu zaman insanlara seçim imkanı da yaradılıb: odey, pullu dayanacaq, get maşınını saatı bir manatdan saxla, aparmasınlar. Beləliklə, şəhərin mərkəzindən kənarda yaşayan orta statistik azərbaycanlı mərkəzdə, parkların, mədəniyyət ocaqlarının çox olduğu məkanda bir neçə saat istirahət etmək istəsə, şokoladlı çayın, yüngül yeməyin, teatrın, filmin bilet pulundan əlavə də maşınını saxlamağa görə 3 manatından keçməlidir.
Bəli, şəhərin mərkəzi artıq pulludur. Parkda təmiz hava almaq istəyirsənsə, zəhmət çək pul ver. Hər tərəf parkinq avtomatlarıdır.
Mən bu mənzərəni srağagün gördüm. Uzun illərdən bəri maşını dəfələrlə saxladığım yerdə, Bəstəkarlar İttifaqı ilə “Sahil” bağının arasındakı küçənin sağ qanadında, maşınların parkinqi üçün ağ boya ilə rənglənərək cızılmış xəttin içində saxladım, düşdüm, gözümün biri dalda, biri qabaqda, bürküdən xilas olmaq niyyəti ilə Hacıbala Abutalıbovun fəvvarəsinə tamaşa etməkdəykən, evakuatorla gəldilər. Evakuator manevr edərək maşına yavuqlaşanda mən də çatdım. Məni gördülər, bir az pərt kimi oldular. “Sahibi maşının yanındadır” deyə yenidən maşına oturdular, sürüb getdilər. Getməzdən əvvəl də onlardan biri mənə tövsiyə verdi: “Müəllim, avtomobili yolun solunda saxla, ora pullu dayanacaqdır, bir manatını ver, arxayınca istirahətini et”.
Çox xub. Elə də etdim. Ətrafda gəzişən uniformalı parkinq işçisindən, gənc bir oğlandan iki dənə 50 qəpiklik aldım (onun əlində bir torba 50 qəpiklik sikkələr vardı), onun təlimatıyla avtomata salıb çek götürdüm. Guya ki, məsələ bitdi. Parkinq avtomatından 5 metr aralanandan sonra yan-yana 5 maşının hərəkət edə biləcəyi və çox zaman boş olan enli küçəyə (burada 2-3 dəqiqədən bir 6-7 maşının şütüyüb Rəşid Behbudov küçəsinə çıxır) baxdım və fikirləşdim ki, maşınların yolun həm sağında, həm də solunda dayanması, prinsipcə, heç kimə mane ola bilməz. Onsuz da 3 zolaq boş qalır və bu, hərəkətin birtərəfli olduğu küçədə gedən 5-6 maşına qətiyyən mane olmur. Bəs buranı qadağan zonasına çevirmək kimə lazımdır?
Əlbəttə, bu, hər şeydən pul qazanmağa çalışan, yumurtadan yun tədarük etmək istəyən hökumətə lazımdır. Bir şey ki, avtomobil parkinqindən gələ biləsi 1 manatlar dövlət rəhbərliyinin iştirak etdiyi müşavirədə müzakirə olundu, onda nəyi qoyub, nəyi danışırıq.
Yenə əvvəlki parkinq işçiləri avtomobilə yaxınlaşanda adamın “nə qədər verməliyəm” sualına çoxu təvazökarcasına “nə verirsən, ver” cavabı verir, 20 qəpikdən 1 manata qədər nə olsa alır, “Allah bərəkət versin, yaxşı yol” deyirdilər. Parkinq avtomatı isə vaxtı dəqiqəbədəqiqə hesablayır və tarifini də dəqiq deyir: saatı 1 manat. Bir saatı keçdinsə, yəni o biri saatdan 5 dəqiqə götürdünsə - 2 manat. Di get.
Beləcə, şəhərin mərkəzi inhisara götürülməkdədir. Bir ağsaqqal bu xüsusda daha bədbin idi: “Belə getsə, buralarda parkları, bulvarı da hasarlayacaq, turniket qoyub içəri keçmək istəyənlərdən pul alacaqlar. Mən heç, siz o günü görəcəksiniz”.
Məncə, ağsaqqal bu iddianı irəli sürərkən həm haqlıdır, həm də haqsızdır. Haqlıdır - ona görə ki, bu gedişlə hökumət doğrudan da elə bir şey edəcək, haqsızdır - ona görə ki, hökumət bu yeniliyi çox ləngitməyəcək, bir neçə ilə tətbiq edəcək və ağsaqqal da o günü görəcək.
Bunu yazın bir yerə, sonra “yazmadı” yazmayın.
