Medianews.az
Borunun üstündəki məktəblər
527 baxış

Borunun üstündəki məktəblər

zamin yeni raz

“A və B, oturmuşdular boruda. A yıxıldı, B yoxa çıxdı, borunun üstündə kim qaldı?” (bir rus tapmacası)

20 il işləyən məktəbləri, liseyləri, tədris kurslarını bir dəqiqənin içərisində qıfıllayırsan, açarı da atırsan dənizə. Bizdə sabitliyin əlamətlərindən biri də budur. Fətullah Gülən camiəsinə aid liseylər pis-yaxşı təhsil verən obyektlər idi və yapokratiyanın məktəblərindən ciddi fərqlənirdi. Bunların bağlanmasını şəxsən pisləyirəm, baxmayaraq ki, bu məktəblərə münasibətim heç vaxt bəzilərindəki kimi “bəh-bəh” səviyyəsində olmayıb. Maarifçilik baxımından, biz istənilən məktəbin bağlanmasına pis baxmalıyıq.
O cümlədən liseylərin bağlanması münasibəti ilə təhsil naziri Mikayıl Cabbarovun dediyi “gəlin öz dövlət məktəblərimizdə oxuyun, ey uşaqlar” müraciətini bir sarkazm, yıxılana gülmək kimi qarşıladım. Əlbəttə. Ayrı əlacları nədir? Müqavimət göstərə bilmirlər, heç olmazsa ləzzət alsınlar.
Eyni zamanda mənə qaranlıq qalan bir-iki texniki detal var. Məsələn, ARDNŞ liseyləri və “Araz” kurslarını maliyyələşdirməkdən imtina edirsə, bu, nədən onların bağlanması mənasını verir? Bəyəm bu obyektlər yetərincə rentabelli deyildimi? Mən “Çağ”ın liseylərində illik təhsil haqqının 5-6 min manata qədər olduğunu eşitmişəm. Orta aylıq maaşı 300-400 manatı keçməyən ölkədə bu qiymətin fantastik dərəcədə allahsızlıq olmasını hələ bir yana qoyaq, bəyəm yığılan pullar liseyləri yaşatmağa bəs etmirmi? Kurslar da həmçinin, məgər pulsuz idilər? Əks halda, “Ərdoğan tapşırdı, Əliyev bağlatdırdı” söhbətinə nə cür əks-arqument qoymaq olar?
Neft pulları arxasından çəkilən kimi bu qədər təhsil obyektinin çökməsi həm də Azərbaycanın gələcəyi üçün mesajdır. Başa düşənlər üçün, təbii. Yaxın gələcəkdə neft gəlirləri azaldıqca ölkəmizin bütün obyektləri bir-birinin ardınca bağlanacaq, hakimiyyətdə olanlar da xəzinənin dibini silib-süpürüb-yalayıb, Azərbaycanı bağlayıb xaricdə kef eləməyə qaçacaqlar. İndidən xarici ölkələrə - Parisə, Romaya, Afinaya-filana qoyulan pulları da bu kontekstdə başa düşmək lazımdır. Orda yerlərini şirin salırlar ki, sabah Məmmədqulu nəsə istəyəndə, məsələn, çalınıb aparılan sərvətlərini tələb edəndə həmin xaricilərdən “poshel von” komandası eşitsin.
Belə qanqaraçılıq salmaq olmasın, 2012-ci ildə Qafqaz Universiteti və “Çağ” şirkəti Rövnəq Abdullayevi “İlin idman adamı” mükafatına layiq görmüşdü. Guya 3000 tələbə arasında sorğudan bu nəticə hasil olmuşdu. Halbuki Rövnəqin 2012-ci ildəki idman uğurları təxminən Balıq Hafizin keçənilki prezident seçkilərində uğurları qədər olardı, ya olmazdı. Hələ bəlkə Balığın uğurları daha çox idi. Görəsən, indi, məktəbləri yolun ortasında, yayın bürküsündə, imtahan sessiyasının tüstüsündə, İspaniya Braziliyaya vida etdiyi vaxtda, canım sənə desin, İraqda ara qarışan bir məqamda buraxdığı üçün Rövnəq əkəyə hansı mükafatı verəcəklər? “İlin məktəb adamı” pis nominasiya deyil. Məncə, lisey cocuqları arasında sorğu keçirsinlər. Görək onlar bu barədə nə deyirlər. “İlin ziyalısı”, “Əsrimizin Səyavuş Novruzovu”, “Qərinənin qənirsizi”, “3-cü minilliyin Çingizxanı” kimi mükafatlar da ola bilər. Verən əlləriniz qurumasın!
Hə, bir də davamlı olaraq sosial şəbəkələrdə, media orqanlarında səsləndirilən, yazılan “Bu liseylər parlaq təhsil verir”, “Oranı qurtaranlar hamısı universitetə girdi”, “Olimpiadadan kisə-kisə medal gətirirlər”, “Respublikamızı xaricdə şərəflə təmsil edirlər” və sairənin isbatı üçün gözəl fürsət yaranıb. Buyurun, öz məktəblərinizin müdafiəsi, qorunması üçün nələrsə edin. Mən heç sizdən NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvləri, nə bilim, İsmayıllı sakinlərinin məhkəməsinə getmək xahiş etmirəm ki. Öz sevimli məktəbiniz uğrunda tərpənin.
Heç olmazsa ağlayın. Məncə, bunu bacarmalısınız.

Bizə qoşulun