Medianews.az
Əsl möminin şəkli
518 baxış

Əsl möminin şəkli

xalid kazimli kose 1
2010-cu ildə ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Kolombiya şəhərində müsafir olarkən ən çox diqqətimizi cəlb edən məqamlardan biri də, demək olar ki, hər bir küçədə dəbdəbəli kilsənin olmasıydı.
Bizim toplanış yerimiz də həmin kilsələrdən biriydi - görüşlərdən qayıdandan sonra kilsənin zallarından birində yığışıb müzakirələr, dəyərləndirmələr aparır, ümumi qənaətlərimizi bölüşürdük.
Həmin Allah evinin bayır görünüşü çox xoşagələn, möhtəşəm idi, içərisi isə lap əlaydı. Kilsənin ayrıca basketbol zalı vardı və bu zal peşəkar yarışlar keçirməyə münasib idi. Kilsədə geniş banket zalı yerləşirdi, burada 150 nəfərlik toyu, yaxud hüzr məclisini yola vermək mümkün idi. Qonaqları yemək-içməklə təmin etmək üçün mətbəx də xeyli geniş idi. Xor kapellasının çıxışı, ibadət edənlərin ona qulaq asması üçün ayrıca bir zal var idi. Kilsənin geniş həyəti, bağçası, avtomobil saxlamaq üçün böyük meydançası, bir sözlə, hər şeyi vardı. Gözümüzün qarşısında bütöv bir kompleks dururdu.
Ən ümdəsi o idi ki, bütün bu kompleksdə rahatlıq, sakitlik, ideal təmizlik hökm sürürdü. Biz orda olduğumuz müddətdə ibadət edən görmədik. Yalnız bazar günü axşam saat 6 radələrində yaşlı möminlər yığışdılar, xor kapellasının ifasında dini motivli mahnılara qulaq asdılar və sakitcə dağılışdılar. İbadət edənlərin arasında cavan adamlar, demək olar ki, yox idi, tam əksəriyyəti 60 yaşdan yuxarıydı.
Biz o mənzərəni gördükdən sonra öz aramızda dedik ki, keşkə, bizim məscidlər də bu cür olaydı, bizdə də dinə münasibət bu cür formalaşaydı, dini ayinlər insanlara mənəvi təmizlik aşılamaqla, insanlara daxili rahatlıq gətirməklə məhdudlaşaydı.
Axirətə, cənnət-cəhənnəmə, dünyanın hansısa bioloji varlıq tərəfindən idarə olunmasına, gözə görünməyən varlıqların mövcudluğuna xüsusi və birmənalı münasibəti olan bir şəxs olaraq, dünyəvi dinlərin əleyhinə deyiləm. Əgər onlar yüz milyonlarla insanı bir arada tuta bilirsə, onlara mənəvi-psixoloji rahatlıq gətirə bilirsə, qoy olsun. Hətta qoy Kolombiadakı kimi hər küçədə bir Allah evi olsun. Elə Kolombiadakı ibadət evləri kimi də fəaliyyət göstərsin, daha hansısa ekstremist dini qrupun yerli ofisi kimi, qeyri-qanuni hərbi komissarlıq kimi işləməsin.
İstənilən dini, o cümlədən islamı siyasətə qarışdıranlar, öz siyasi, hərbi, ideoloji niyyətlərini din bayrağı altında gizləyərək, baş kəsənlər dinə nə qədər böyük zərbə vurduqlarının ya fərqində deyillər, ya da qəsdən edirlər.
Bu adamlar nə fikirləşir? Fikirləşirlər ki, minlərlə günahsız, məsum cocuğu diri-diri torpağa gömdüklərinə, minlərlə dinc sakini güllələdiklərinə, minlərlə əsiri mühakiməsiz edam etdiklərinə, minlərlə qadını zorladıqlarına, on minlərlə evi uçurduqlarına, yüzlərlə şəhəri, qəsəbəni viran qoyduqlarına görə cənnətə düşəcəklər?
Belə şey ola bilərmi? Ən pisi, bu yolla nə mənsub olduğun dini təbliğ etmək olar, nə də özünün saf mömin olduğuna kimisə inandırmaq.
Təəssüf ki, dövrümüzdə dini siyasətə qarışdıranlar, hüzr məclislərindən hansısa xarici dövlətin, hansısa dini təriqətin təbliğat-təşviqat kampaniyası üçün istifadə edənlər çoxdur.
Ancaq bu ölkədə saf möminlər də var və mən onların bir neçəsi ilə ünsiyyətdə olmuşam. Məsələn, Xaçmazda, Nabran zonasında Seyidli adlı bir kənd var. Orada 35 yaşlı bir mömin yaşayır. Onun dindar olduğunu təsadüfən, bir axşam namaz qılıb, dua etdiyini görərkən bildim. Nə hərəkətində, nə geyimində, nə danışığında özünün mömin biri olduğunu gözə çarpdırmamışdı. Elçin adlı bu şəxs həyatım boyunca gördüyüm ən dürüst, ən həyalı, ən gözütox, ən mərifətli, ən vicdanlı adamlardan biridir. Adam əlindən gəldiyi qədər hamıya yaxşılıq, köməklik edir, işlədiyi yerdə də halallığına görə başına and içirlər.
Yardımlını Çayüzü kəndində sonradan qohum olduğumuz, yaşları 75, 80, 85 olan dindar qardaşlar var, heç vaxt dindən danışmaz, din təbliğatı aparmazlar, amma namazlarının vaxtı gələndə sakitcə bir tərəfə çəkilib ibadətlərini edərlər. Bu ağsaqqallar əsl möminliyin necə olmalı olduğunu öz nümunələrində göstərirlər - sakit, rahat, halal, dürüst, ədalətli.
“Kalaşnikov”u divara söykəyib ibadət etmək absurddur.
 

Bizə qoşulun