Dünənin söhbətidir. Sübh tezdən işə gələndə avtomobilimin tozlu dəmirinin üstünə uşaqların yazdığı “məni yu”nu, çəkdikləri cürbəcür eybəcər şəkilləri görüb qərara gəldim ki, yuyucuların sözü olmasın, maşını “napor”a verim. Yolboyu baxdığım 10-dan artıq yuyucu sexinin hamısı bağlıydı, yalnız bir yerdə yuyucu oğlan işə yenicə başlamışdı, boş idi. Döndüm.
Yuyucu 27-30 yaş civarında ortaboylu, orta bədən quruluşlu bir gənc idi. Ya o, bu cür saqqal saxlayırdı, ya da sadəcə bir həftəydi üzünü təraş etməmişdi. Ünsiyyətcil bir gənc idi. Dedim: “Nə əcəb belə tezdən işə başlamısan”. Dedi: “Evdə yatmaqdan heç nə çıxmaz, adam gərək işləsin, pul qazansın”. Aha, demək, qardaş həm də zəhmətkeşdir.
Söhbətimiz tutdu. Ordan-burdan danışdığımız əsnada birdən oğlan dilləndi: “Müəllim, dünən az qala zibilə düşmüşdüm axı”.
(Əslində o, “zibil” yerinə başqa bir tullantının adını çəkdi, hamınız bilirsiniz, hamımız elə deyirik). Söhbətini davam etdirməsi üçün ayaq verdim: “Nə olmuşdu”. Oğlan davam etdi: “Burda işləyirdim, bir də gördüm ki, o yankı məhəllədə qalan bir qadın var, gəlib maşınını yuduzdurmağa. Baxıram ki, əyni çox nazikdir, sən də məni bağışdaginən, alt paltarı görünür.
Deyirəm, xanım, bura məhlədir, camaatın anası, bacısı var, geyiminizə diqqət yetirin, guya bir az örtülü geyinsəniz, nə olacaq ki. Durub səsini atır başına. Sonra da getdi, dörd dənə qeyrətli qohum-əqrəbasını gətirdi. Biri də əriydi. İstəyirdilər məni maşının baqajına bassınlar. Başım çöndü. Əlimi atdım bıçağa. Onu gördüm ki, qeyrətli oğlanlar hərəsi bir tərəfə qaçıb. Davaya gələn bunlar, məni maşının baqajına basmaq istəyən bunlar, durub işverənlik elədilər, polis çağırdılar. O da tanış çıxdı, məni maşına qoyub bir az fırladı, hirsim soyudu, dedi, get, dinc dur”.
Mən onun bu koloritli və müfəssəl söhbətinə qulaq asandan sonra dedim: “Yaxşı, birdən sən bıçağa əl atıb onların üstünə cumanda onlar qaçmayaydılar, nə edəcəkdin?”. Cavab: “Vuracaqdım”. “Hadisə yerinə gələn polis nə qədər dostun, tanışın, qohumun olsa da, sənə nə edəcəkdi?”. “Tutub aparacaqdı”. “Mühakimə edəcəkdilər, iş verəcəkdilər, sonra nə olacaqdı?”. “Heç nə. Srok yatacaqdım”. “Nəyə görə? Ona görə ki, hansısa bir qadının əynində nazik yay paltarı olub və onun alt paltarı sezilib. Əri bilər, özü bilər, sənin nəyinə lazımdır?”
Oğlan razılaşmadı: “Yox e, məllim. Mən belə şeyi götürə bilmirəm. Uşaq böyüdürük burda. Anamız, bacımız, yoldaşımız var. Onun kimilər niyə özlərini çöldə qoymalıdırlar. Əri də bunun qeyrətini çəkməkdənsə hələ durub üstümə dəstə gətirir”.
Dedim: “Qardaş, vallah, sən hər yüngül geyinən qadına görə özünü davaya, özün demişkən, zibilə salsan, buralarda yaşamağın çətin olacaq”. Dedi: “Bilirəm, amma...”
Ona bir söz demək istəyirdim, amma dilimin ucundan qaytardım. Deyəcəkdim: “Yaxşı aralasan, ya öldürsən, səni tutacaqdılar. O və digər qadınlar da bu məhəllədə istədikləri kimi geyinib gəzəcəkdilər, bəs o zaman məhəllənin qeyrətini kim çəkəcək?”
Əslində onun cavabını da bilirdim. Belə olacaqdı: “Mən burda olmasam da, qeyrətli oğlanlar tapılar”.
İşə çatıram, saytları açıram, xəbər başlıqları belədir: “Gədəbəydə keçmiş arvadını öldürən şəxsi polisə təhvil verdilər”; “Bakıda kişi arvadını amansızlıqla öldürdü”; “Mingəçevirdə arvadı ilə mübahisə edən kişi evi yandırıb” və s.
Baxırsan ki, hər gün ölkədə xeyli adam “namus, qeyrət üstdə” bıçağa əl atır. Bəzilərinə mane olanlar olur və onlar maşın yuyucusu oğlan kimi “zibilə düşmək”dən son anda qurtulurlar, bəziləri isə niyyətini həyata keçirir.
Bəlkə də başqa ölkələrdə də keçmiş arvadını öldürməyə görə tutulanlar var (məsələn, Türkiyədə bu cür canilərin mədəni var, sanki), amma bu, bizim ölkəmizdə artıq adiləşmiş haldır. “Namus qətlləri”nin çoxu məhz bu qrafadandır. Adama deyərlər, rəhmətliyin nəvəsi, arvadı boşamısan, məsələ bitib, ta bu nə qısqanclıqdır, nə qisasçılıqdır.
Bir də xeyli adam var ki, başqalarının necə geyinmələrini, necə gülmələrini, necə hərəkət etmələrini nəzarətdə saxlamaq istəyirlər və bu kontrol alınmayanda “zibilə düşmək”dən çəkinmirlər.
