Medianews.az
“Apokalipsis”dən betər
501 baxış

“Apokalipsis”dən betər

xalid kazimli kose 1
Videokadrlara, fotoşəkillərə nəinki həyəcansız, ümumiyyətlə, baxmaq olmur. Bir sıra telekanalların, qəzet və saytların “əsəbi zəif olanlar baxmasın” xəbərdarlığı əbəsdir, bu qətliam görüntülərinə, qan gölməçələrinə əsəbi möhkəm adamlar da baxa bilmir.
Buna sakitcə, biganəliklə baxan, baxa bilən adamlar isə ya fenomenal dərəcədə dəmir əsəbə malikdirlər, ya da qan, başkəsmə hərisi olan manyaklarla eyni düşüncədədirlər.
Hər il Qurban bayramında yüz minlərlə qoyunun, dananın başının kəsilməsinə dözməyən, etiraz edən dünya...
İldə bir neçə dəfə Koreyada itlərin kütləvi şəkildə ovlanıb öldürülməsinə biganə yanaşa bilməyən dünya...
ABŞ-da, Kanadada, Norveçdə fok adlanan suiti növündən olan zavallı heyvanların qırılıb-çatılmasına qarşı etiraz nümayişləri təşkil edən dünya...
Özünü sahilə atmış balinaların taleyi üçün həyəcan təbili çalan dünya... müsəlmanların bir-birini qırmasına heyrətlə, amma biganəliklə tamaşa edir.
Gözlər önündə aktyor-rejissor Mel Gibsonun çəkdiyi “Apokalipsis” filminin dəhşət dolu epizodlarını andıran səhnələr var. Bir yığın insan başqa bir qrup insanı amansızcasına qırıb çatır - “uf” demədən, heç bir mərhəmət etmədən, məsuliyyətini düşünmədən.
Qırğın törədənlərlə onların qurbanlarının arasında irq, rəng, hətta milli fərqlər yoxdur. Sələfi ərəblər, kürdlər, türklər şiə ərəbləri, kürdləri, türkləri qırırlar. Onlar da əllərini yanlarına sallayıb oturmurlar, əllərinə düşəndə onlar da qırırlar.
Bu savaş nə dünən başlayıb, nə srağagün, nə ötən əsrdə, nə də min il əvvəl. Dünya binnət olandan insanlar bir-birini yaşıl çəyirtkə kimi qırırlar. Qırğın üçün səbəblər həmişə olub - milli, dini, irqi, coğrafi, siyasi, ideoloji fərqliliklər həmişə kütləvi qırğınların əsas motivi olub.
Eyni dinin məzhəbləri arasında gedən çəkişmənin kütləvi qırğınlara səbəb olması faktları da yeni şey deyil, tarix boyu həmişə olub. Ancaq 15-20 il öncəyə qədər hesab olunurdu ki, məzhəb davaları artıq tarixin arxivinə gömülüb.
Ötən əsrin sonlarında bəlli oldu ki, elə deyilmiş, sadəcə, bəşər övladının başqa insan oğullarını kütləvi şəkildə qırmasına səbəb olan fərqliliklər müxtəlif diktatorların qırğın tərəfdarlarını qırması nəticəsində dibə çəkilib, pupa dönübmüş.
Budur, qırğın törətmək üçün münbit şərait yetişib və tırtıl baramadan çıxıb, indi o, yaşıl yarpaqları yeyə-yeyə böyüyür.
3-4 il öncə hər cümə günü Pakistanda məscidlərdə törədilən teraktlarda onlarla möminin öldüyü barədə xəbərlər gəlirdi. Sonra bu cür xəbərlər Əfqanıstandan gəlməyə başladı. Daha sonra dünyanın dörd bir yanından olan döyüşçüləri səfərbər edərək Suriyaya apardılar. İndi toplanış yeri İraqdır.
Artıq müsəlman ölkələrin tam əksəriyyəti bu və ya digər şəkildə məzhəb davasının içinə çəkilib. Qırğınlar təkcə məzhəb fərqliliyi müstəvisində getmir, Nigeriyada, Myanmada, Hindistanda dini icmalar arasında da böyük nifaqlar var və zaman-zaman qırğınlar olur.
Ancaq bu da gözlə görünür ki, dini icmalar arasındakı münaqişələr yavaş-yavaş məzhəb icmaları müstəvisinə transfer edilib. İndi daha çox müsəlmanlar müsəlmanları qırır.
Amansızlıq min il, iki min il əvvəlkindən də artıq və şiddətlidir. İnsanlar elm və texnikanın kütləvi qırğınlar törətmək işini asanlaşdıran nailiyyətlərindən məharətlə istifadə edirlər.
Ən pisi odur ki, dünya liderləri bu qırğının qarşısını almaq iqtidarında, bəlkə də marağında deyillər.
Əgər ikinci faktorun rolu düşünüldüyündən daha ciddidirsə, bu, o deməkdir ki, öz firavan, sakit ölkələrində oturub Yaxın Şərqdə müsəlmanların bir-birini qırmasını məqbul sayan liderlər böyük bir nadanlıq içindədirlər. Çünki 11 sentyabr hadisələri, London partlayışları, Madrid teraktları göstərdi ki, onlar da asanlıqla hədəfə çevrilə bilərlər.
Hazırda bir çox ölkələrdə qan hərislərini durdurmağın tək yolunun onları öz qanlarında boğmaq olduğunu düşünürlər. Amma bu, problemi həll edəcəkmi? Ən ümdəsi dünənə qədər sakit həyat tərzi keçirən insanlar zombiləşmiş, robotlaşmış qaniçənlərin toruna düşməkdən qorumaqdır.

Bizə qoşulun