Medianews.az
“Niyə istefa verməməliyəm?” və “Niyə istefa verməliyəm?”
484 baxış

“Niyə istefa verməməliyəm?” və “Niyə istefa verməliyəm?”

xalid kazimli kose 1
İstefa mədəniyyətinə dair Yaponiya nümunəsini indiyədək yazdığım bir neçə yazıda qeyd etmişəm, bir daha təkrar etməkdə fayda var. Yaponiyada insanlar hansısa vəzifəyə, posta asanlıqla seçilməsələr də, vəzifədən, hakimiyyətdən asanca əl çəkir, istefa verirlər. Son 60 ildə bu ölkə də heç bir baş nazir, heç bir nazir və ya dövlət xadimi “niyə istefa verməliyəm” deyə dirəşməyib.
Hakimiyyət dövranı ən uzun çəkən baş nazirin vəzifədə qalma müddəti 6 ili keçmir və cəmi 3, ya 4 siyasətçi baş nazir kreslosunda 5 il oturub. Qalanların hamsı bu vəzifəni 2-3 il ərzində tutublar və istefa tələbini doğura biləcək ilk böhran vəziyyətində postlarını başqalarına təhvil veriblər. Hətta 6-7 il əvvəl Cennaro Koudzumi ad-soyadlı bir siyasi xadim baş nazir vəzifəsində çalışmaq üzrə öz ölkəsindəki rekordu qırmaq üzrəydi, 5 il işləmişdi, daha bir neçə il işləməsi üçün xalqdan mandat almışdı. Ancaq bu adam yerini öz partiyadaşına verdi və istefaya getdi, bu addımını tənqid edənlərə isə “niyə istefa verməməliyəm, təqaüd vaxtımdır” dedi.
Beləliklə, aydın olur ki, son 30 ildə Yaponiyada 15 baş nazir dəyişib. Hətta onlar o qədər tez-tez dəyişirlər ki, adlarını belə əzbərləyib yadda saxlamaq olmur.
Yaponiya isə batmır, parçalanmır. Heç kəs “o, əvəzedilməz şəxsiyyətdir, o getsə, ölkə dağılar demir”. Çünki bəşəriyyət çoxdan sübut edib ki, əvəzedilməz insan yoxdur və ömrü bir şəxsiyyətin idarəsindən, eləcə də iradəsindən asılı olan istənilən qurum, birlik, hətta dövlət dağılmağa məhkumdur, ona layiqdir.
Bizim ölkəmizdə düşüncə yaponlarınkından çox fərqlidir. Əgər yaşı 60-a çatdığı üşün “bundan sonra vaxtımı istirahətə, ailəmə sərf etmək niyyətindəyəm” deyə dünyanın ən varlı ölkəsinin ali postundan istefa verirlərsə, bizdə 70-75 yaşlı vəzifəli şəxslər “mən niyə istefa verməliyəm” sualı ilə çıxış edir, nəvəsi yaşda olan adamlarla qırğına çıxırlar.
Bu da çoxdan sübut olunub: qurmaq-yaratmaq ehtirası gəncliyə məxsusdur. İnkişaf istəyirsənsə, idarəediciləri vaxtaşırı, hətta tez-tez dəyişəcəksən, hər dəfə daha gənc qüvvələrə istinad edəcəksən. Ətalət istəyirsənsə, yaşlı kadrlar onu sənə çox asanlıqla təşkil edəcəklər.
Bu baxımdan bir vaxtlar əsərlərini sevə-sevə oxuduğumuz yazıçı Anarın sinninin bu çağında “mən niyə istefa verməliyəm” sualı ilə çıxış etməsi, Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyini verməsi və yaşlı yazıçıların, şairlərin yenə də kütləvi şəkildə ona səs verəcəklərinin aydın olması bu ölkədə ətalətə meyli nə qədər güclü olmasından xəbər verir.
Anar seçiləcəksə (yəqin ki, elə də olacaq), Yazıçılar Birliyinin taleyi SSRİ-nin taleyi kimi olacaq. Necə ki bu qurum elə indidən Brejnev dövrünü xatırladır. 70 yaşlı rəhbərlər ölkəni ətalətlə idarə etdikləri, hər cür inkişafdan saxlayıb müasir dünyanın tələbləri ilə hesablaşmadıqları üçün sovet-rus imperiyası çıxılmaz girdaba düşdü. AYB də çoxdandır elə bir girdabın içindədir. Bu qurum çoxdandır, yaradıcı mərkəz olmaqdan çıxıb, bir çoxları üçün dolanışıq, bir çoxları üçün də “baş girləmə” məkanına çevrilib.
Doğrudur, əslində əsl yazıçının hər hansı bir quruma, birliyə, ittifaqa ehtiyacı yoxdur, amma Azərbaycan elə ölkədir ki, görünür, bir müddət bunsuz keçinmək olmayacaq. Elə gənc yazıçılar da müxtəlif qurumlar, birliklər yaratmağa çalışırlar. Çünki onların buna ehtiyacı var. Onlar bir-birinə çap olunmaqda, populyarlaşmaqda, təcrübə toplamaqda, öz həyatlarını qurmaqda kömək edirlər, yoxsa özləri də bir tərəfə çıxa bilməz, yeni ədəbiyyat nümunələri də yarada bilməzlər.
Bu üzdəndir ki, ölkəmizdə yaradıcı insanlar, əsasən də yazıçı və şairlər yaş bölgüsüylə iki tirəyə - yaşlılalara və gənclərə bölünüblər. Nəsillər arasında orta sütun, orta həlqə yoxdur.
Yazıçı Anarın vəzifə ehtirası isə ölkədəki iyerarxik strukturlaşma prizmasından təbiidir. Axı bu ölkədə vəzifədə uzun müddət olmaq, atadan qalma vəzifəyə sahib çıxmaq ənənəvi haldır. Anarın bir zamanlar Yazıçılar İttifaqının rəhbəri olmuş mərhim atası Rəzul Rzanın postunu qoruyub saxlaması təbiidir. Hələ o, bu vəzifəni öz yaradıcı övladlarına da ötürə bilər. Belə edən, etmək istəyən başqaları da var.
 

Bizə qoşulun