Medianews.az
Artist oyunçular, mağmın hakimlər
491 baxış

Artist oyunçular, mağmın hakimlər

samir sari kose 1
Bir qərinədən artıqdır ki, (Kempesin vaxtından) futbola baxıram, hələ bu vaxta qədər görməmişəm ki, rəqibin cərimə meydançasında kənar təmas olmadan, sadəcə, ayağı sürüşürək özü yıxılan oyunçu rəqibinin qapısına təyin edilmiş qeyri-obyekiv penaltiyə görə hakimə etiraz etsin, desin ki, ser, özüm yıxıldım, qayda pozuntusu yox idi.
Belə şey olmayıb, olubsa da, bu, mundiallarda yox, aşağı səviyyəli çempionatlarda olub, görməmişəm. Əksinə, mən gözümü açıb görmüşəm ki, rəqiblərinin qapısına başqa cür yol tapmayan oyunçular topla birgə birtəhər cərimə meydançasına girir, ilk təmasda özlərini yerə atır, sifətlərinə ətləri kəsilibmiş, sümükləri qırılıbmış, əzab çəkirmişlər kimi bir ifadə verir, yerdə qıvrılır, hakim penalti təyin edərsə, sakitləşir, etməzsə, narazı-narazı, hirsli-hirsli durub qaçırlar.
Futbol adamlarında, fanatik azarkeşlərdən soruşsaq, deyəcəklər, bu, qayət normaldır, futbolun içində var. Ancaq sonuncular bu hərəkəti o vaxt məqbul sayırlar ki, azarkeşlik etdikləri komandaların oyunçuları artistlik hesabına penalti qazanmış və hesabda irəli çıxmış olsun. Əgər bunu rəqib komandanın oyunçuları edibsə, bu, artıq, alçaqlıqdır, hakimi aldatmaqdır, saxta qələbədir, hakim səriştəsizdir və sair və ilaxır.
Budur, üç gündür mundial başlayıb, amma biz az qala hər oyunda oyunçuların artistliyinin, hakimlərin əfəlliyinin şahidi oluruq. Qələbə qazanmaq ehtirası gözləri o qədər bağlayıb ki, centlmenlik qanunları, idman etikası, ədalətli oyun prinsipləri butsunun altında qalıb.
Haramxorluğun, ədalətsizliyin, bir-birini aldadaraq haqsız qələbə qazanmaq cəhdlərinin tüğyan etdiyi həyat zəhlətökən, iyrənc, qəbuledilməz olduğu kimi, eyni “dəyər”lərin hökm sürdüyü istənilən idman yarışı da iyrənc və xoşagəlməzdir.
Məsələn, tərifləyə-tərifləyə başa çıxarmışıq, ancaq bununla neçənci dəfədir ki, Braziliya yığması öz oyunçularının artistliyi, hakimin mağmınlığı, saxta penaltilər hesabına qalib gəlir, başqasının qələbəsini, ən azı bir xalını oğurlayır. Belə olandan sonra bu komandaya azarkeşlik etmək YAP-a azarkeşlik etmək kimi bir şeydir. Axı onun komandasının üzvləri də seçkilərdə hər cür artistlik, zorakılıq edib mandat qazanırlar, yerli və beynəlxalq hakimlər (müşahidəçilər) isə buna göz yumurlar.
İntəhası, hərdən o cür artistlik, haram penalti faydalı olmur. Srağagün gecə İspaniya millisinin oyunçusu Koşta saxta penalti qazanmaq hesabına komandasını irəli çıxarmasaydı, kim bilir, Hollandiya millisi hövllənib ispanların qapısına 5 qol vurar, onları mundiala gəldiklərinə peşman edərdilərmi. Bəlkə də keçmiş dünya çempionları canlarını bir-iki qolla qurtarardılar.
Amma Koşta hakimə “burda penalti yox idi” desəydi, ola bilsin, sonra məşqçiləri və komanda yoldaşları tərəfindən danlanardı, amma adam bu hərəkəti ilə canlı əfsanəyə çevrilər, ölkəsinin adını göylərə qaldırar (“Ah, bu ispanlar necə də ədalətli, dürüstdürlər, saxta qələbədən imtina etdilər”), qəşəng bir presedent yaradardı. Koşta isə elə etmədi, hətta tərifli Xavi (Çavi), İnyesta gəlib onu təbrik etdilər - yəni halaldır, yaxşı artistlik elədin. Beləcə, oturub futbola baxdığımızı zənn edirik, amma oyunçular antonio banderaslıq, tom kruzluq edirlər. Di get, 5 qolu yavanlıq elə.
Artist-futbolçular unudurlar ki, onlar hakimi aldada bilərlə, amma bir neçə milyard seyrçini, yüzlərlə kameranı aldada bilməzlər. İndiki dövrdə bu heç mümkün deyil. Epizodun təkrarı verildikdə həqiqət üzə çıxır.
Biz hansısa epizoda təkrar-təkrar baxdıqdan sonra həqiqətin necə olduğunu təsbit edir və başlayırıq hakimləri qınamağa, deyirik, “hakim burda ədalətsiz qərar qəbul edib”. Unuduruq ki, bizdən fərqli olaraq baş hakim həmin epizoda cəmi bir dəfə, özü də əlverişsiz rakursdan baxıb, ona görə də səhv etməsi normaldır.
Ən pisi hakimlərin bilə-bilə, qəsdən, sırf siyasi sifariş əsasında, həqiqətin ağzına daş basaraq səhv qərarlar verməsidir. Bu da ölkəmizdə geniş yayılmış işdir.
Əgər öz hakimlərimiz o cür yanlış qərarlar verməsəydilər, bu gün futbol azarkeşi Tofiq Yaqublu da evində oturub futbola baxar və mütləq deyərdi: “Koşta artistlik elədi, hakim də düz eləmədi”.
Bunlardan daha pisi də hakimlərin artistlik eləməsidir. Onu da “nidaçı” gənclərin, Yadigar Sadıqovun məhkəmələrində gördük.
 

Bizə qoşulun