Medianews.az
Xunta rejimli qara imperiya
466 baxış

Xunta rejimli qara imperiya

xalid kazimli kose 1

Əslində, Avrasiya İttifaqı adlanan qurumu “yeni SSRİ” adlandırmaq düzgün deyil. Birincisi, ona görə ki, SSRİ termininin açması Sovet Sosialist Respublikalar İttifaqı idi. “Yeni SSRİ” ifadəsi o vaxt yerinə düşərdi ki, birləşmək istəyən, yaxud birləşdirilməsi nəzərdə tutulan respublikalar “sovet sosialist respublikası” deyillər. Onlarda nə sovetdən bir əlamət var, nə də sosialistlikdən. Bu ölkələr vəhşi kapitalizmlə neo-feodalizm arasında var-gəl edir və hamısında istibdad rejimləri hakimdir.

Avrasiya İttifaqına “Yeni Rusiya imperiyası” demək daha doğru olar. Bu təşəbbüs Rusiya diktatoru Vladimir Putinin şəxsi ideyasıdır, hətta həyatının baş layihəsidir. Yeni ittifaqın paytaxtı birmənalı olaraq Moskvadır, Kreml bu layihəni başa gətirmək üçün hər cür təhdidlərə, vədlərə, açıq aqressiyalara əl atmaqda, dünya birliyinin rəyini heçə saymaqdadır.
Avrasiya İttifaqına Yeni Zelandiya, Çin, Vyetnam və Hindistan kimi ölkələrin maraq göstərməsi, artıq təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduqlarını bildirmələri isə tamamilə sıradışı bir gəlişmədir. Putin bu ölkələri Avrasiya İttifaqında görmək istəyirmi? Əsla.
Bu, onun nəzərdə tutduğu formata düz gəlmir. Təkcə Çin və Hindistanın qoşulduğu qurumu heç cür və heç vəchlə sonradan federativ dövlətə, hətta konfederasiyaya çevirmək mümkün deyil. Ya bu ölkələrin rəhbərləri Putinin Avrasiya İttifaqı ilə bağlı gerçək niyyətlərindən xəbərsizdirlər, ya da özlərini belə göstərirlər, Moskavanın əlinə oynayırlar, ittifaqa qoşulmaq istəyən kiçik dövlətlərə mesaj verirlər ki, baxın, o qorxulu bir qurum deyil, yoxsa bizim orda nə işimiz olardı.
Ancaq bir müddətdən sonra bu başaldatmanın mahiyyəti üzə çıxacaq. Bu gün bəh-bəhlə Avrasiya İttifaqına qoşulmağa hazır olduqlarını bildirən başqa dövlətlər, yəni keçmiş SSRİ respublikalarından biri olmayan dövlətlər quruma qəbul edilməyəcəklər. Onlar nə özləri bu ittifaqda təmsil olunmağa maraq göstərəcəklər, nə də Moskva onlara “nə oldu, ittifaqa qoşulmursunzmu” sorğusu göndərəcək.
Avrasiya İttifaqı sırf keçmiş SSRİ respublikaları üçün nəzərdə tutulub. Belə olmasaydı, heç kəs onu “Yeni SSRİ” adlandırmazdı. Elə bu ifadənin qısa müddətdə populyarlıq qazanmasının da mahiyyətində bu amil durur. Hamı anlayır ki, Putin keçmiş qırmızı imperiyanın sərhədlərini bərpa etmək istəyir, ancaq plan baş tutsa, rus-sovet imperiyasının hüdudları bərpa olunsa, bu, heç də qırmızı, kommunist təmayüllü dövlət olmayacaq, xunta rejimli qara imperiya olacaq.
Dünya liderləri də, region ölkələrinin rəhbərləri də əmindirlər ki, Avrasiya İttifaqı deyilən qurum Rusiya prezidenti Vladimir Putinin şəxsi təxəyyülünün məhsulu olan bu qurumun ömrü Putinin hakimiyyətinin ömrü qədərdir. Yəni sabah Putin hakimiyyətdən kənarlaşdırılsa, Avrasiya İttifaqı söhbəti unudulub gedəcək, tarixə gömüləcək.
Bu, açıq-aşkar görünür. Avrasiya İttifaqının heç bir ideoloji bazası yoxdur. Bu qurumda birləşən və ya birləşməli olan ölkələri hansı ideyanın ətrafında birləşəcəklər, nəyə nail olmağa çalışacaqlar, Aİ üzvü olandan sonra nə edəcəklər - məlum deyil.
Hələlik “pişim-pişim” mərhələsidir. Rusiya strateqləri başpiyləmə siyasəti yeridir, özlərini elə göstərirlər ki, guya söhbət eyni adlı vahid dövlət yaratmaqdan getmir. Onlar son ana qədər də bunu elan etməyəcəklər, öz niyyətlərini diplomatik ifadələrlə pərdələyəcəklər. Amma quruma daxil olan dövlətlərin əvvəlcə silahlı qüvvələri birləşdiriləcək, sonra xarici siyasət idarəsi mərkəzləşdiriləcək, daha sonra daxili işlər orqanlarının sıx şəkildə koordinasiya həyata keçiriləcək, bu arada qurumun vahid parlamenti yaradılacaq və bir gün məlum olacaq ki, vahid dövlət hazırdır.
Bu, məkrli niyyətdir və hamı gedən prosesin son mənzilini bilir. Fəqət bir çoxları qorxusundan, bir çoxları da şəxsi hakimiyyət hərisliyi üzündən qlobal rus planına ciddi müqavimət göstərmək istəmir. Ortada yalnız Ukrayna və Özbəkistan qalıb. İndi ölkəsində İslam Kərimovun Aİ-yə “şəxsi hakimiyyət”inə görə qarşı çıxdığını bildirirlər.
Kərimov bu xüsusda ona görə haqlıdır ki, mərkəzi Moskva olan dövlət ittifaqın cilovunu əlinə yığandan sonra heç bir sülaləni hakimiyyətdə saxlamayacaq və onları mütləq öz adamları ilə, “yeni canişin”lərlə əvəzləyəcək.

Bizə qoşulun