Medianews.az
Mülayim və sərt müstəbidlərə tövsiyə
446 baxış

Mülayim və sərt müstəbidlərə tövsiyə

xalid kazimli kose 1
“Liderlər ictimaiyyətin inamını doğrultmalı, korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, öz xalqlarından oğurlamalı deyillər”. Bu, ABŞ prezidenti Barak Obamanın sözüdür.
Obama bu sözləri Varşavada, üzünü Moskvaya tutaraq deyib. Amma prezidentin bu sözləri dünya dövlətlərinin üçdə ikisinin rəhbərlərinə, idarə edənlərinə ünvanlıdır.
Çünki nə yazıq ki, dünyanın 200-dən artıq dövlətinin cəmi-cümlətanı 70-ə yaxınında müstəbid, korrupsioner olmayan legitim hakimiyyətlər var. Yerdə qalanların hamısı Obama deyənlərdir.
Gerçəkdən də, siyasi (eləcə də hərbi-siyasi) liderlər ictimaiyyətin inamını doğrultsaydılar, korrupsiyaya qarşı mübarizə aparsaydılar, öz xalqlarından oğurlamasaydılar, bu gün dünyanın rəngi, havası tamam fərqli olardı.
Sərt və nisbətən mülayim müstəbidlərin ölkələrində isə liderlərin dərdi ictimaiyyətin inamını doğrultmaq deyil. Nə ictimaiyyətin onlara inamı var, nə də onların ictimaiyyətə.
Müstəbidlərin yeganə dərdi odur ki, nə etsinlər (yaxud etməsinlər), necə eləsinlər ki, xalq çılğınlaşıb hakim zümrənin üzərinə qabarmasın, kükrəməsin, vəziyyət nəzarətdən çıxmasın.
Korrupsiyaya gəlincə, hakimiyyəti xroniki seçki saxtalaşdırmaları yolu ilə əldə saxlayan rejimlərin dolanışıq yeri məhz korrupsiyadır. Onlar zatən hakimiyyəti korrupsiya ilə sərbəst şəkildə məşğul olmaq üçün qoruyurlar. Başlıca məqsəd korrupsiya yolu ilə xalqdan oğurlamaq, varidat toplamaqdır.
Ancaq bu məsələdə Obamanın sözündəki yeganə yanlış odur ki, bu kimi müdrik fikirlərlə, siyasi eyhamlarla, tövsiyələrlə mülayim və sərt müstəbidləri korrupsiyadan çəkinməyə, xalqdan oğurlamağa son qoymağa, ictimai rəylə hesablaşmağa vadar etmək mümkün deyil.
Əslində müstəbidlər o qədər güclüdürlər ki, nəinki dünya hegemonu olan dövlətin liderinin tövsiyəsini qulaqardına vurmağa, hətta ona açıq-aşkar və şiddətli meydan oxumağa, dirəşməyə də hazırdırlar.
Günümüzdə bunun çoxlu örnəkləri var. Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmər Qəzzafi, Tunisdə Zeynəlabdin Ben Əli minlərlə insanın həyatı bahasına sona qədər dirəşdilər, yalnız bundan artıq müqavimətin mümkün olmadığı anda təslim oldular.
Suriyada Bəşər Əsəd ölkəsində gedən qanlı vətəndaş müharibəsinə rəğmən hələ də hakimiyyətini qoruyur, üstəlik, bu günlərdə saxta seçkilər keçirərək 88 faiz səs aldığını bildirib. Adamın ölkəsində səs verməyə seçici qalmayıb, milyonlarla suriyalı dünyanın dörd bir yanına dağılıb, amma o, “xalqın iradəsi ilə yenidən seçilmək”dən danışır.
İndiki müstəbidlərin bir çoxu Pinoçet qədər qəddar olmasalar da, ondan daha əzmkar və höcətdirlər - hansısa məqamda yumşalıb hakimiyyəti başqalarına verməyi, vərdiş etdikləri kimi işləməkdən əl çəkməyi ağıllarının ucundan belə keçirmirlər.
Onlar buna vadar olmadıqca, belə də davam edəcəklər. Yəni təkamül yoluyla dəyişməyə qalırsa, bir çox ölkələrin demokratiyaya keçidi indən belə 100-200 il çəkəcək.
Bu, ona görə belədir ki, demokratiyanı yad, antimilli, hətta antibəşəri ideologiya elan edərək ona düşmən kəsilən güc mərkəzləri var. Rusiya və Çin demokratiyanın “D”-sini belə yaxın qoymurlar. Nəyə görəsə onlar hesab edirlər ki, “Qərb imperialistləri” məhz demokratiya vasitəsilə onların ölkəsini çökdürmək istəyir.
Hazırda Ukraynada demokratiyanın növbəti qələbəsi, korrupsioner lider Yanukoviçin qovulması Rusiyanın demokratiya üzərinə daha mürtəce hücuma keçməsinə səbəb olub. Ukraynada məğlubiyyətlə üzləşən Kreml indi bütün gücünü bu ölkənin parçalanmasına və digər postsovet ölkələrinin qapazaltı edilməsinə yönəldib.
Dünənə qədər ölkəmizdə demokratiyanın bərqərar olması üçün iki səddi aşmaq lazım idisə, artıq o sədlərin sayı üçdür. İndi Rusiya antidemokratik çıxışlar edən, mürtəce qərarlar verən müstəbidləri daha çox dəstəkləyəcək.
Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun Moskvada olarkən anti-Qərb ritorikasına dəm verməsinin başlıca səbəbi də budur. Demokratiya baxımından dünya ölkələrinin üçdə ikisinin sırasında olan Azərbaycan indi şimal blokundadır. Bu blok ondan yalnız itaət və sədaqət tələb edir, demokratiya ilə işi yoxdur.

Bizə qoşulun