Medianews.az
Qocaların öldürülməsi
508 baxış

Qocaların öldürülməsi

zamin yeni raz
“Qara Qarayev” metrosunun üstündə iki avtobus toqquşub, çoxlu yaralılar var. Bunun səbəbi təkcə hər yoldan ötənə sürücülük vəsiqəsi verilməsidirmi? Günah yalnız Nəqliyyat Nazirliyindədirmi?
Bir neçə gün qabaq elə o ərazidən keçirdim. Vaxtilə Bakının ən sakit, yaşıllıq, təmiz ərazilərindən biri olan “Qara Qarayev” indi nə kökdədir... Yaşıllıqların kökünə balta çalıblar, toz-torpaq göyə qalxır, səs-küy, qara-qışqırıq... Keçən ay dövlət başçısı Ağdaş tərəfdə bir yolun layihəsinə baş çəkirdi, ordan video verdilər, guya prezidentin ağacların qırılmasından xəbəri yox imiş, orda hətta Ziya Məmmədova dedi ki, nə yaxşı mən gəldim çıxdım, bunu gördüm, yoxsa ağaclar hayıf olacaqdı-filan...
Bəyəm prezident paytaxtda, elə həmin “Qarayev” tərəflərdə də ağacların qırılmasını görə bilməzdi? İsfahan uzaqdır, yüz iynə boyuna nə sözünüz?
Mən orda fikir verdim ki, metronun üzərindəki bu qarmaqarışıqlıqda hansı qəza, nə cür cinayət desən törənə bilər. Elə dünənki qəza da ilk deyil, orda toqquşan avtobusların sayı artıq dəftər-kitaba sığmır.
Guya yeni yol çəkilir, amma ərazidə yaşayan dostum Vidadi bəy maraqlı şərh elədi: “Kimin pulu çoxdursa, onun obyekti yolun içində qalır, pulu olmayanları sökürlər”. Gerçəkdən, o ərazidə yol əcaib şəkildə, qıvrılaraq çəkilir. Yüksək sürət yığan maşın bir də ayılır ki, önündə dükan var.
İnsan həyatının heç bir dəyəri qalmayıb, çünki yapokratiya daşa-divara pul qoyan, düşük dekorasiyalar uzadan sistemdir. Srağagün səhər çağı Rəsulzadə qəsəbəsinin içində, düz piyada keçidinin yanında adam ölmüşdü - yük maşını onun üstündən keçmişdi. Bu, o yerdir ki, yol polisləri ilə dolu olur, svetoforu gözləmədən keçənləri kütləvi cərimələyirlər. Ancaq yenə vəziyyət düzəlmir. Axşam tərəfi yenə ordan keçəndə asfalta baxdım. Vurulan adamın yerində yalnız yaxşı yuyulmuş qan ləkəsinin izləri qalmışdı. Sabah o izlər də olmayacaq. Bu məmləkətdə insanlar öz həyatlarına, başqalarının həyatlarına haçan hörmətlə yanaşacaqlar, haçan həyat uğrunda mübarizə aparacaqlar?
Əhvalat mənə pis təsir elədiyindən ölənin kimliyini öyrənmək istədim, internetdə məlumat axtardım və daha pis oldum. Sən demə ordan keçən yaşlı ər-arvad imiş. 77 yaşlı kişi və 72 yaşlı qadın. Kişi dərhal, yerindəcə ölübmüş, qadın isə aparıldığı xəstəxanada.
Onların yaşını təsadüfən yazmıram, son vaxtlar bu detala da fikir vermişəm ki, yolda vurulan piyadalar əsasən yaşlı adamlardır, onları öldürənlər isə cavanlar. Məsələn, bu statistik rəqəmlərə baxın, 2 iyunda, Bakının 3 rayonunda öldürülən piyadalardır:
Zığ şossesi - mərhumun yaşı 74 - sürücünün yaşı 30;
Salyan şossesi - ölən 68 yaşında, öldürən 21;
Hövsan-Türkan yolu - ölən 63 yaşda, öldürən 22.
Yenə yazıram, bu hələ bir-iki günün statistikasıdır. Ümumi mənzərə acınacaqlıdır. Sanki cavanlar yaşlıları qırıb-çatmaq, axırlarına çıxmaq yarışına girişiblər. Elə bil qisas aksiyasıdır, “bizə bu ölkəni qoyub getmisiniz” fikrinin ifadəsidir. Ya da bizim yaşlı, təcrübəli nəsil doğrudan da yol keçməyin elementar qaydalarını bilmir. Üçüncü izah da mümkündür: yaşlılar belə ağır şərtlər daxilində, insanlığa hörmət qalmayan məmləkətdə yaşamaq istəmirlər, canlarına qıyırlar.
Detallar önəmlidir. Bəzən bir detal çox mətləbdən xəbər verər. Məsələn, bugünlərdə Ədliyyə Nazirliyi populyarlığını itirən qadın adlarının siyahısını açıqlayıb: Səbinə, Gülər, Nazlı və sairə. Bu siyahıdan, məsələn, Gülər adının azalmasının Gülər Əhmədovanın son illərdəki qalmaqallı məhkəməsinin və videolarının rolu varmı? Ya bəlkə camaat qız uşağına Gülər adını gülmək mənasında az qoyur, onsuz da bilir ki, böyüyəndə yazıq qızın üzü gülməyəcək, çünki bu xarabada gülərək yaşamaq hər qadının nəsibi deyil...

Bizə qoşulun