Medianews.az
İnkişafdan gələn gübrə iyi
465 baxış

İnkişafdan gələn gübrə iyi

zamin yeni raz
Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” idarəsində 2 milyon manatdan çox yeyinti aşkarlanıb, cinayət işi açılıb. İdarənin müdiri isə aradan cırıb (“çıxıb” da yaza bilərdim, ancaq belə mədəni ifadələr ölkəmizdəki durumu tam mənasıyla əks etdirmir, gərək hər şeyi öz adıyla yazasan), qaçıb gedib Türkiyəyə. Görəsən, onu da deportasiya, ekstradisiya edib gətizdirə biləcəklərmi? Çətin. Bizdə ancaq yetim jurnalistləri Ərdoğanın əliylə tutdurub gətirirlər.
Milli korrupsionerlərimiz adətən xaricdə asudə yaşayırlar. Bunların içində deputatxana müdirindən tutmuş universitet rektoruna qədər hər çür “maşennik” vardır. (Bayaqkı prinsiplə burda da “fırıldaqçı” sözü yerinə tam oturmur). Qərbdə də pullu cinayətkarları sevirlər, hətta bəzi ölkələrdə hansısa dəyərdə ev alsan avtomatik vətəndaşlıq verirlər. Düzgün adama az yerdə hörmət qoyurlar. Nə isə, bu ayrı mövzudur, bir dəfə boş vaxtımız olanda yadıma salarsınız, danışaram.
Demək, həmin “Aqrolizinq” idarəsinin vəzifəsi guya kəndli-fermer təsərrüfatlarına dövlət qayğısını həyata keçirtmək olmuşdur. Məsələn, gübrə vermək, kombayn göndərmək, cins inək alınmasına kredit və sairə. İndi isə məlum olur idarə rəhbərliyi gübrə və kombaynları basıb yeyibmiş, kəndlilərin fermer təsərrüfatları da çox yerdə kağız üzərində imiş.
Tanış mənzərədir, elə deyilmi? Xüsusilə SSRİ-nin durğunluq dövründə Azərbaycanda kənd təsərrüfatı sahəsində geniş yayılmış rəqəm şişirtmələrini (“pripiska” deyirdilər adına) canlı görmüş yaşlı nəsil bunu yaxşı xatırlayır. Maraqlıdır ki, o zaman da respublikamızı idarə eləyən şəxsin soyadı Əliyev idi. Belə çıxır “pripiska” bu sistemin mahiyyətidir, nəsillərdən nəsillərə ötürülən bir ailə gələnəyidir. (Təklif edirəm ənənə sözünü dilə yatımlı gələnək sözü ilə əvəzləyək). Saxta əmək qəhrəmanları, mintonçu briqadirlər, zərbəçi sağıcılar, yalan dolu rəqəmlər yalnız bir məqsədə xidmət edirdi: Azərbaycan KP MK-nın birinci katibi SSRİ rəhbərliyinin xoşuna gəlsin, adam yuxarı getsin.
Hətta o zaman bir məktəbdə gülməli pripiskaya yol veribmişlər, yazıblar ki, məktəblilərin dərsdə uğur qazanması faizi 110 faizdir. Yoxlama gəlib, deyiblər eviniz yıxılsın, bu da pambıq deyil axı 110 faiz yazasınız, yaxud, hər qoyundan 2 bala alasınız. Məktəbdə bütün şagirdlər əla qiymət alsa bu, uğur faizinin 100 faiz olması anlamına gəlir. 110 olması üçün gərək şagirdlərə “6", ”7" və sairə qiymətlər yazılsın.
İndi kənd təsərrüfatı sahəsi də inhisardadır, burada hər hansı özəl oyunçulara icazə verilmir. Bu baxımdan, “Aqrolizinq” şefi istəsə belə güzəştlə gübrə, kombayn verməyə adam tapmazdı. Ən doğru yol ayrılan kreditləri və gübrələri basıb yemək, yuxarıların da haqqını çatdırmaq olardı, adam da bunu eləyib. Sadəcə, indi neft-qaz gəlirləri kəlləçarxa vurub, kənddə-kəsəkdə hansısa suç keçiləri tapıb mələtməyə ehtiyac yaranıb. Qoy camaat desin, gördün, necə cinayət işi açdılar, göydən Allah baxır e! Atasını yandıracaqlar, bizə keçən il gübrə vermirdi, alçaq! Tək siyasi məhkəmə prosesləri və Asan-basan xidmətlə baş aldatmaq olmur, hərdən kənddə də gərək kimisə tutasan.
Bütün bunların fonunda xalqımız niyə xoşbəxt olmur, anlaşılmır. Beynəlxalq sorğu mərkəzinin açıqlaması yayılıb: azərbaycanlıların 55 faizi özünü xoşbəxt sayır. Ermənistanı bəyənmirik, ancaq orda bu faiz 56 imiş. Hökumət bu qədər oğurluq eləyir, di gəl xalq xoşbəxt olmur. Naşükür xalqdır.
Yazının sonunda isə nəqliyyat naziri Ziya müəllimi oğlunun beynəlxalq coğrafiya təşkilatında vəzifəyə seçilməsi münasibətiylə təbrik edirəm. Gün o gün olsun təzə materikdən, qitədən-zaddan kəşf eləsin, Bakı beynəlxalq avtovağzalının sürücülərini yığıb dünya səyahəti turları qayırsın, nəqliyyat müfəttişlərimiz Avstraliyada lomla kenquru ovlasınlar.

Bizə qoşulun