Medianews.az
Suzafon
497 baxış

Suzafon

zamin yeni raz
... Səhnəyə çıxmağa nəfəsli musiqi alətləri ansamblı hazırlaşırdı. Bu zaman məktəbli, qarayanız oğlan çox böyük ölçülü çantanı o biri ansambl üzvlərinin köməyi ilə açdı, başladılar içəridən çıxan aləti yığmağa. Mən də heyrətlə baxırdım. Alətin yalan olmasın, Bakı-Ceyhan boru kəməri boyda diametri var idi, məktəbli oğlanın belinə geyindiyi hissə ilə ağızlıq hissəsini bir-birinə bağladılar. Hiss olunurdu ki, bunu yığılmış şəkildə daşımırlar, mütləq hər dəfə sökülməlidir.
Yaxınlıqda musiqi aləmində uzun illərdir çalışan bir tanış vardı, ondan soruşdum ki, bu qəribə alətin adı nədir. Dedi, faqot olmalıdır. Ancaq bir qədər sonra məktəblinin özündən dəqiqləşdirdi: sizafon imiş.
Bu hadisə təzəlikcə, Bakıda gənc məktəblilər arasında bir musiqi yarışmasını izləyərkən olub. Evə dönəndən sonra internetdə axtarış verdim, sən demə, bu sizofonun metaldan olanları 10 kilo ağırlıqdadır (məktəbli, məncə, yüngül materialdan olanını çalırdı), uzunluğu 5 metrə çatırmış, tubanın bir növüdür, amerikalı musiqiçi Con Souza kəşf etdiyi üçün suzafon, sizafon adlanır, nəfəsli musiqi alətləri içərisində özünəməxsus yeri varmış və sairə.
Həmin məktəbli o gündən bəri heç yadımdan çıxmır. İndiki Azərbaycanda sizafon çalmağın nə perspektivləri ola bilər ki? Bu sənət səni hara aparacaq? Toya-zada gedən deyilsən, olsa-olsa hansısa hərbi orkestrin marş yürüşlərində çalmaq imkanı var. Ancaq bu məktəblinin bunlar vecinə deyil. O sizafonu (ya da suzafonu - üzrlü sayın, mən hələ də alətin dilimizdəki düzgün adını dəqiqləşdirə bilməmişəm) belinə keçirdib məmnuniyyətlə ifa edirdi, məktəbli yaşıdları ilə birgə musiqi dünyasında olmaqdan zövq alırdı.
O məktəbli pessimist günlərimdə sanki göydən düşmüşdü, suzafonu da mələklərin çaldığı nəfəsli alət idi. O, mənə izah etdi ki, ümidli olmalıyıq, ən ağıla gəlməz işlərin qulpundan yapışmağa qorxmamalıyıq, nəhayət, bir gün burada da normal insan həyatı qurulacaq, demokratiya bərpa ediləcək, azadlıqlar yaranacaq. Sizafon sizə gülməli motivasiya obyekti kimi görünə bilər, bəlkə haqqınız da çatır, amma biz bəzən çox xırda detallardan stimul alırıq, gəl gör o boyda sizafon olsun... Yenə qeyd edirəm: bu ölkədə sizafon çalan məktəblilər varsa, bizim gələcəyimiz parlaqdır, həyat gözəldir!
Bunu həm də “uğurlarımızı görmürsünüz”, “həyat ağ və qara rənglərdən ibarət deyil” tipli iradlar baxımından yazıram. Görürük, hətta ləzzət alırıq. Azərbaycan həmin o sizafon çalan yeniyetmənin ölkəsi olacaq, toxunulmaz qalsın deyə ətrafında universitet tikilən yeniyetmənin yox.
Uğurlar çoxdur. Məsələn, bugünlərdə Bakıda yerüstü keçid uçdu, sonra yazdılar ki, bu keçid... şəxsi istifadə üçün imiş. Keçmiş prokurorun hazırda deputat işləyən oğlunu istirahət mərkəzindən dənizə aparan keçid imiş. Təsəvvür edin, bizdə magistral yollar üzərindən şəxsi keçidlər varmış. Yadıma Almaniya haqda oxuduğum bir xəbər düşdü. Orda avtoban, sürətli yollar tikilərkən təbiəti nəzərə alırlar və bəzi yerlərdə hətta qurbağalar üçün də ayrıca keçidlər düzəldirlər.
Bununla da heyvanların təbii hərəkəti pozulmur, yola çıxıb maşın altında qalmırlar. Əgər bizdə prokurorlar və deputatlar üçün ayrıca keçidlər varsa, deməli, yaxın gələcəkdə qurbağalar üçün də keçidlər olacaqdır.
Sonda uca millətimizi neçəncisə Xəzər beynəlxalq neft-qaz sərgisinin başlanması münasibətilə qutlayıram. Gedin, heç olmazsa gözünüzlə görün.

Bizə qoşulun