Deyəsən, məqsəd xarici pasportu olan, ictimai-siyasi fəaliyyət göstərən, ölkə içində və dışında görüşlər keçirən, çıxışlar edən, ancaq hakimiyyətin rəsmi kursunun çərçivəsindən kənarda qalan hər bir kəsi total nəzarətə götürməkdir.
Son aylarda hakimiyyətdən asılı olmayan, xarici donorlardan maliyyələşən qeyri-hökumət təşkilatlarının əleyhinə yönələn təqib-təzyiq kampaniyasının hələlik bundan başqa adı yoxdur.
Yüzlərlə qeyri-hökumət təşkilatının QHT-lərə Dövlət Dəstəyi Şurasının vasitəsilə sırf hökumət təşkilatlarına çevrildiyi bir vaxtda kənarda qalan QHT-lərə hücum, onların xarici ölkələrin xeyrinə casusluq etməkdə suçlanması, eləcə də mətbuatda “əcnəbilərə işləməkdə” ittiham edilməsi təsadüfi deyil, məqsədyönlü siyasətdir.
Bu, avtoritarizm girdabına salınmış ölkənin totalitarizm çökəkliyinə itələnməsidir. Siyasi partiyaların mövcudluğunun heçə endirildiyi, qurultay keçirmələrinə belə illərlə şərait yaradılmadığı, müxalifət partiyasının sədrinin xarici səfərlərə gedə bilməməsi üçün ümumvətəndaşlıq pasportu almaq hüququndan məhrum edilməsi, müxalif sözlü medianın fəaliyyətinin çərçivələr daxilində mümkün olması şəraitində az-çox sərbəst hərəkət edə bilən, mövcud ola bilmələri üçün minimal maliyyə qaynaqlarına malik olan yalnız QHT-lər idi, indi onlar da total təqib kampaniyasına məruz qalıblar.
Son bir-iki ildə həbslərə, təqiblərə məruz qalan QHT rəhbərlərinə nəzər yetirək: Bəxtiyar Məmmədov, İlham Əmiraslanov, Taleh Xasməmmədov, Məlahət Nəsibova, İlqar Nəsibov, Həkimeldostu Mehdiyev, Pərviz Həşimli, Yadigar Sadıqov, Anar Məmmədli, Bəşir Süleymanlı, Həsən Hüseynli, Vidadi İsgəndərli, Emil Məmmədli və başqaları. Bu gün Rauf Mirqədirovun həbsi jurnalistliyindən daha çox, qeyri-hökumət təşkilatı sferasında fəaliyyətinə görədir. O cümlədən Leyla Yunusun başına gələnlər də o qəbildəndir. Mətanət Əzizova gecəylə ölkə hüdudlarını tərk etməsəydi, o da həbsə alınacaqdı. Onun təqib olunması isə danılmaz faktdır.
İndi hakimiyyətin QHT-lərə qarşı repressiv kursunun dəstəkçisi olan saytlarda yeni-yeni QHT rəhbərlərinin adı çəkilir: Qubad İbadoğlu, Zöhrab İsmayıl, Rövşən Ağayev və başqaları. Aydın məsələdir ki, bu şəxslərin adlarının hallandırılması həmin saytların öz mövqelərinin, iradələrinin məhsulu deyil, bunu onlara servis edənlər var.
Elə bu faktın özü təsdiq edir ki, ortada ittihamları sübut edəsi tutarlı dəlillər çatışmır. Çünki hansısa hüquq-mühafizə orqanı cinayət faktları ortada olduğu halda “indilikdə mediaya informasiya verə bilmərik, istintaq sirlərini yaymağımız düzgün olmaz” deyə israrla mətbuata məlumat verməkdən yayınırlarsa, o zaman nədən birdən-birə əllərində olan adi, qeyri-cinayət xarakterli (“filankəslərlə görüşüblər”, “qrant alıblar”, “filan şəhərdə konfransda olublar” və s.) məlumatları, o cümlədən güman və versiyaları yaymaq, adlar çəkmək yolu tuturlar? Prinsipcə, təhlükəsizlik strukturu sona qədər öz əlindəki informasiyaları ictimailəşdirməməli idi.
Burada məqsəd gözlənilən repressiya aktlarına dair ictimai rəy hazırlamaq, eyni zamanda ictimai rəyi çaşdırmaqdır.
Beləliklə, müxalifəti ram etdiyini, müxalif və müstəqil medianı cilovladığını düşünən hakimiyyətin üçüncü sektora həmləsinin getdikcə şiddətlənməsi göz önündədir. İndiyədək müxalifət fəallarına qarşı yeridilən təqib-təzyiq siyasətinə qarşı mühüm müqavimət ocaqlarından biri də müstəqil QHT-lər idi. Məhz onlar repressiyaya məruz qalanlara dair hesabatlar hazırlayır, beynəlxalq təşkilatlara göndərir, ölkədəki hüquq pozuntularına beynəlxalq ictimaiyyətin diqqətini cəlb edirdilər. İndi onların özləri hədəfdədir.
Bu cür davam etsə, çox pis olacaq. Ölkəmizin siyasi müstəvidə Şimali Koreyaya doğru sürüşdürülməsi prosesi gedir. İnsanların bütün fəaliyyət sferaları növbə ilə total nəzarət altına alınır.
Bu siyasətin adını dövlətçilik kursu, vətənpərvərlik qayəsi və sair qoymaq olar, ancaq məqsəd avtoritar hakimiyyət üsul-idarəsini totalitarimzin ağuşunda, daha təhlükəsiz bir yerdə bərqərar etməkdir.
