Medianews.az
Sprut dedikləri bu imiş, demək...
491 baxış

Sprut dedikləri bu imiş, demək...

xalid kazimli kose 1
Daxili İşlər Nazirliyinin cavabı gözlənilməz olmadı. Şans 50:50-yə idi, əvvəlcədən bilirdik ki, jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı məsələ ən ali səviyyədə həll olunacaq -  ya elə, ya belə.
Belə oldu: DİN açıqlama verdi ki, Aynar Məmmədovun dindirilməsi məsələsinə aydınlıq gətirib: “Zərərçəkmiş Fərahim Qasımovun ifadəsində göstərilmiş xüsusatlarla bağlı Məmmədov Aynar Elton oğlu istintaqa çağırılaraq ifadəsi alınmış, istintaq prosesində həmin cinayətdə onun iştirakı təsdiq olunmamışdır”.
Nazirlikdən yayılan açıqlamada belə bir ifadə də var: “İş üzrə bütün xüsusatlar nəzərə alınmaqla istintaq davam etdirilir”.
Ta nə qaldı ki? İndən belə istintaqın davam etdirilməsinə nə ehtiyac var? Bir şey ki, Aynar Məmmədovun qapısına aparan qanlı ləpirlərin üstündən yarıyolda asfalt çəkildi, iz itirildi, daha nəyin istintaqını aparmaq olar?
Bu, açıq-aşkar Fərahim İlqaroğlunun qanının batırılması deməkdir. Dəxli yoxdur, jurnalistin qanı asfaltda gölməçə yaratmışdı, yoxsa eləcə köynəyinə hopmuşdu, əsas odur ki, o qanı axıdan məxluq himayə olundu.
Bu hadisə başqa bir jurnalistin başına da gələ bilərdi. Ancaq nəyə görəsə ani qərarla, çılğın göstərişlə döyüləsi qurban olaraq Fərahim seçilmişdi. Bəlkə də onu sırf “zəif bənd” olaraq seçmişdilər - belə bir düşüncə ilə: “O müxalifət qəzetində işləyir, onu döydürüb, başqalarının gözünü qorxutmaq, işi da sakitcə bağlamaq olar”.
Hər şeyi jurnalistin avtomobilindəki videoregistrator korladı. Bu cihaz baş verən cinayət aktını saniyə-saniyə qeydə almasaydı, bu məsələyə dair heç bir ajiotaj baş verməz, iş iki günün içində bağlanıb gedərdi. Sadəcə olaraq rəsmi versiya bundan ibarət olacaqdı ki, jurnalistə heç bir hücum olmayıb, o, sensasiya xətrinə şou düzəltmək istəyib.
Bənzər iddialar onsuz da vardı. Jurnalistin amansızlıqla döyüldüyünü görk edən videokadrlar ola-ola bir çoxları yenə də şou düzəltməkdən, döyülmə aktının qurama olmasından danışırdılar. Polis də bu arqumentlərdən yapışacaq, “mediada geniş yayılmış fikirlər öz təsdiqini tapdı” deyə bəyanat verəcək, fiziki, mənəvi, psixoloji zərbə almış həmkarımızı hələ bir də hüquqi planda təzyiqə məruz qoyacaqdılar.
Ancaq həmin o videoregistrator görüntüləri bu işin 35 gün uzanmasına səbəb oldu. 35 gündən sonra, nəhayət, xoruzun al-əlvan quyruğu göründü: “Aynar Məmmədovun günahı yoxdur”.
Bu, ona görə belə oldu ki, Aynar Məmmədov arxalı adamdır; əmisi nazirdir, atası deputatdır, əmisiuşaqları DİN-də, Baş Prokurorluqda yüksək vəzifə tutur, nazir, deputat, İH başçısı, rəis vəzifəsi tutan başqa qohumları da var. Tərəzinin bir gözündə böyük iqtisadi imperiya qurmuş klanın nümayəndəsi, o biri gözündə sadə bir zəhmətkeşin öz gücüylə ayaqda durmağa, özünə güzəran düzəltməyə çalışan sadə oğlu. Klan qalib gəldi. Çünki o geniş himayədarlar və qulbeçələr dəstəsinə malikdir.
Onların hamısı işə qarışmışdılar. Lap axırda işə Ziya Məmmədov da müdaxilə etdi. Bundan əvvəl isə Elton Məmmədov Aynarın DİN-də ifadəsinin alındığını danmışdı. Heç biri üstünü vurmamışdı ki, Aynarı aeroportdan geri qaytarıb DİN-ə apararaq ifadəsini alıblar, həbs edilməsi an məsələsi olub. Ancaq sonradan bütün klan səfərbər olunub və ən yuxarı səviyyədə məsələni “həll ediblər”.
Eyni motivlə iqtidar dairələrinə yaxın bir jurnalist döyülsəydi, bu klan məsələni daha tez ört-basdır edərdi. Xırda okean canlılarının səkkizqollu spruta (oktapod) müqavimət göstərməsi çox çətindir.
İndilikdə belə olsun. Yeganə təsəllimiz folklordadır: “Buynuzsuz qoçun qisası buynuzluda qalmaz”; “Gün gələr, hesab dönər”; “Keçər dövran, belə qalmaz” və sair və ilaxır.
Gün kimi aydındır ki, Aynar Məmmədovun bu qədər açıq-aşkar olan qara işdən sıyrılması yalnız dövlət başçısının iradəsi nəticəsində mümkün olub. Heç bir hüquqi dövlətdə bundan yaxa qurtarmaq mümkün deyildi.
Burada yalnız bir məsələ açıq qalır: axı Fərahim İlqaroğlu da bu ölkənin vətəndaşıdır və hər seçkidən sonra əlini kitablara basıb and içən dövlət başçısı “ölkənin bütün vətəndaşlarının hüquq və təhlükəsizliyini qoruyacağına” and içir.
 

Bizə qoşulun