Medianews.az
Olmayanda etiraf, davam edər ixtilaf
422 baxış

Olmayanda etiraf, davam edər ixtilaf

samir sari kose 1
İnsanların bu cür yaramaz xasiyyətindən əvvəllər də çox yazılıb. Dünya da, ölkəmiz də törətdiyi əməli boynuna almayan, etiraf etməyən, qızıl-qırmızı üzə duran, “qətiyyən xəbərim yoxdur” deyə bilmərrə inkar edən adamlarla doludur.
Çox nadir adamlar olar ki, cinayət üstündə tutularkən “bəli, cinayət törədirdim” deyə etiraf edər. Yüzdə doxsanı inkar edəcək. Hətta tutulan vaxt polis bölməsində çox şapalaqlanmağın qorxusundan cinayət törətdiyini dərhal boynuna alan canilər belə, sonradan məhkəmədə “müstəntiq zorla, döyə-döyə boynuma qoydu” deyə ifadə verir, hadisə yerində aparılmış çəkilişin montaj olunduğuna diqqət çəkirlər.
Belə olanda müstəntiqlər və müttəhimdən “səmimi ifadə almaq” işinə baxan əməliyyatçılar yana-yana qalırlar, öz-özlərinə deyirlər, necə həyasız və etibarsız adamıdır, o vaxt yalvarırdı, hər şeyi boynuna alırdı, amma indi inkar edir.
Yəni insan oğlunun xisləti belədir, görəndə ki, səmimi olacaq, nəyisə etiraf edəcək, əvəzində ziyana düşəcək, cəza çəkəcək, heç vaxt heç bir günahını etiraf eləməz. Amma görəndə ki, variant yoxdur, artıq qat-qat ağır şəkildə cəzalandırılmaqdadır, o saat yumşalır.
Şəxsən özüm daha qəribə və anlaşılmaz bir vəziyyətin şahidi olmuşam. 18-20 il əvvəl bir tanınmış vəzifəli şəxsə əvvəlcə güllələnmə kəsmişdilər, sonra Avropa dəyərlərinə qurban edib “güllə”ni ömürlük cəza ilə əvəz eləmişdilər. Adamın cinayət torbasında vətənə xəyanətdən tutmuş vəzifə səlahiyyətlərindən sui istifadəyə qədər ömürlük cəzanı haqq edən 7-8 cür cinayət əməli vardı. Qəzetimizin əməkdaşı onun adının siyasi dustaq siyahısında olduğunu nəzərə alaraq, 2001-ci ildə, Allah qoymasa, onu müdafiə etmişdi və köşəsində belə bir qeyd yazmışdı: “Ola bilər ki, Filankəsin fəaliyyətində bəzi səhlənkarlıqlar olub, amma buna görə onun ömürlük həbs cəzası çəkməsi absurddur”.
İndi siz işin mabədinə baxın. 3-4 gündən sonra məhbəsdən əməkdaşımızın üstünə 12 vərəqli şagird dəftəri dolusu, hiddətli bir etiraz məktubu gəldi.
Qəzetimizdə müdafiə olunan “ömürlük məhbus” hirsli bir ritorika ilə sübut edirdi ki, müəllif onun fəaliyyətində “bəzi səhlənkarlıqlar” sözünü niyə qeyd edib, o onun səhlənkarlığını harada görüb və s. Adam 10-12 səhifəlik (o üz-bu üz) yazısı ilə sübut edirdi ki, aydan arı, sudan durudur, Yer üzünə enmiş mələkdir, ondan başqa hamı yaramazdır, satqındır, xaindir.
Məhbəsdə əziyyət, cəza, dərd, xərc, siqaret, bəzən nəzarətçilərə boğaz və sair çəkilməli olan şeyləri çəkən siyasi dustağı müdafiə etdiyini düşünən əməkdaşımız çox pərt olmuşdu, oturub-durub deyirdi ki, adama ömürlük cəza çəkdirirlər, quzu kimi yatır, amma üstünə toz qondurmur, ən adi noqsanını boynuna almır.
Dünən nəqliyyat naziri Ziya Məmmədov da qardaşı oğlu Aynarın əməkdaşımız Fərahim İlqaroğlunu döydürməsi barədə yazılanlara bənzər bir reaksiya verib. Həmin siyasi dustaq kimi, cənab nazir də deyir ki, “Aynarın o məsələdən qətiyyən xəbəri yoxdur”, aydan arı, sudan durudur.
Təbii ki, heç kəs Ziya Məmmədovun durub jurnalistə “mən o məsələni araşdırdım, günah qardaşım oğlundadır, o gərək jurnalisti döydürməyəydi, indi peşmandır, mən də onu danlamışam, bir də belə iş eləməyəcək” deməsini gözləmirdi. Cavab “bizim bu işdən xəbərimiz yoxdur” kimi olmalıydı, göründüyü kimi, elə də olub.
Hərçənd səmimisini deyirəm, Z.Məmmədov jurnalistə yuxarıda deyildiyi kimi cavab versəydi və Fərahimi yanına çağırıb başını piyləsəydi, “gəl, sən Aynarı bağışla, bir anlaşılmazlıq olub, gedin birlikdə yeyib-için, meyxanaya qula asın, dost olun” desəydi, bu iş çoxdan bağlanıb getmiş olardı. Fərahim sıyılar, bağışlayar, o kikboksinq fəndlərini unudardı.
Ancaq bir halda ki, Aynarın bu cinayət işində iştirakı qəti şəkildə təkzib olunur, etiraf olunmur, anda avtomatik olaraq intriqa uzanır.
Maraqlıdır axı, Fərahimi Aynar döydürməyibsə, bəs kim döydürüb? Bu işin arxasında kim var? Bu suallara cavab tapmaq üçün işin araşdırılması davam etməlidir. Ta o vaxtacan ki, əsl sifarişçi ifşa və məhkum ediləcək.
Göründüyü kimi, bəzən etiraf ixtilafı çözür, inkar isə durumu qəlizləşdirir.

Bizə qoşulun