Medianews.az
Dərs ilini necə uzatmalı
612 baxış

Dərs ilini necə uzatmalı

zamin yeni raz
Dünən qəzetdə məzəli bir müraciət oxudum. Həmin müraciəti QHT rəhbərləri imzalamışdılar, “vətəndaş cəmiyyətinin prezidentə, deputatxanaya, hökumətə müraciəti” adlı bir sənəd idi. Xahiş edirdilər ki, ölkəmizdə insan hüquqlarına hörmətlə yanaşılsın, cümhuriyyət ruhuna sadiqlik olsun, sivil dünya dəyərlərinə yaxınlaşaq və sairə.
Belə baxanda gülməli deyildi. Bəs mənim acı gülüşümə nə səbəb oldu? Xırda bir detal: müraciəti imzalayanlardan biri - Bəşir Süleymanlı müraciətin dərcindən bir gün qabaq həbs edilmişdi. Məhkəmə uydurma ittihamla ona 2 il yarım həbs cəzası kəsib. Təbii, Bəşir bəy bunu böyük ehtimalla həbsindən öncə imzalamışdı, ancaq indiki halda elə mənzərə yaranırdı ki, siyasi məhbus prezidentə müraciət yazır, siyasi məhbusları azad eləməyə çağırır.
Hələ o siyahıya imza atanların bəziləri isə ümumiyyətlə ölkədə yaşamırlar, repressiya üzündən çoxdan qaçıb gediblər. Elə bil, məsəl üçün, Trotski Meksikadan Beriyaya teleqram vurur, camaatı az tutmasını istəyir.
Ancaq yenə əsas gülməli olan sürət məsələsi idi - Bəşir bəyin həbsi. Analoqu olmayan sürətli inkişafımız burada da özünü göstərir. Səhər prezidentə müraciət yazırsan, günorta zindana düşürsən. Hətta özünü yaxşı aparıb Fəxri Xiyabanda əyilməyə razı olsan axşamüstü, el diliylə yazsam, “dar çağı” səni əfv edərlər.
Bəziləri məni suçlaya bilər ki, nəyə gülürsən, bunlar bizim faciələrimizdir, müstəqil dövlət qurduq, yoldan keçənlər gəlib yiyə durdular, Bəşir Süleymanlının iki körpə uşağı evdə ağlayır, Pərviz Həşimlinin balaca qızını MTN qara maskalıları qorxutmuşdular və sairə. Razıyam, gülməli deyil. Amma alternativ nədir? Ağlasaq nə olacaq? Xeyirsiz gülüşlə xeyirsiz ağlamaq arasında heç olmazsa gülməyi seçək. Düşmənlərin də gözü çıxsın, qıraqdan-bucaqdan baxanlar desinlər nə xoşbəxt millətdir bu, dərdi başından aşır, lakin sevinc hissini itirmir, belə xalqı necə məğlub etmək olar? Dağlıq Qarabağda qalmış iki cüt bir tək ermənilər bu gülüşdən qorxub qaçar, torpaqlarımız azad olunar.
Bu gün Respublika günüdür, gəlin qanqaraldıcı şeylərdən, Kürdəxanı izolyatorundan-zaddan az danışaq, daha çox gələcəyə baxaq, respublikamızı sevək, sevilək, mahnı oxuyaq, şeir qoşaq. Məsələn, Əlirza Əbdülhəsənli adlı dahi şairimizin yol polisinə həsr etdiyi, Bakı Şəhər Yol Polisi İdarəsinin “feysbuk” səhifəsində fəxrlə paylaşılan “Qayilər” adlı gözəl poeziya örnəyindən misralara baxaq:
“Hər bir yerdə hərəkət edir maşınlar, 
Yollara nəzarət edir qayilər. 
Hər kəs bir sahəyə gedir insanlar,
Sürücülərə yol göstərir qayilər
Yollara nəzarət edir qayilər.
Qayilər xalqımıza çox kömək edir,
Qayilər sənədləri alır yoxlayır.
Qayilər olmasa əgər dünyada
Bəzi sürücülər yolundan çıxar
Yollara nəzarət edir qayilər"
Şeir uzun şeirdir, arzu edənlər zəhmət çəkib tam mətni tapıb oxusunlar. O zaman 20 illik yapokratiya hakimiyyətinin uca millətimizi nə kökə saldığına bir daha şahid olarsınız. Təhsil sistemi tam deqradasiyaya uğramışdır.
Təhsildən söz düşmüşkən, təzə təhsil nazirimiz Mikayıl Cabbarov dərs ilini uzatmaq haqda danışmışdı. Deyirdi 31 maya qədər dərs keçmək bəs eləmir, uşaqlara böyük yük düşür, gərək bunu iyunun 15-nə qədər uzadaq və sairə. Mən son günlər bir daha əmin oldum ki, bu adamın fikri-zikri hələ İçərişəhər qoruğunun, Barselonanın, nə bilim, Türk Hava Yolları stüardessalarının yanında qalıb, məktəblərdən xəbəri yoxdur. Uşaqlar artıq bir həftədir dərs keçmirlər, müəllimlər hamının qiymətini mayın 20-21-dən yazıb veriblər, son 10 gün ancaq bəzi siniflər baş aldatmaq üçün məktəblərə gedir. Bəs bu adam hansı dərs ilini uzatmaq fikrindədir?
Vətəndaş cəmiyyəti nümayəndələri gərək dərs ilini uzatmaq haqda prezidentə müraciət yazsın. Nə bilmək olar, bəlkə o, tərsinə elədi...

Bizə qoşulun