Medianews.az
84 yaşlı kişinin vaxtsız vəfatı
630 baxış

84 yaşlı kişinin vaxtsız vəfatı

mirqedirov atasi
84 yaş elə yaşdır ki, hər 100 kişinin 84-ü bu yaşa çatmır.
Qadınlarda başqadır. Onlar kişilərdən daha dözümlü, uzunömürlüdürlər, 84 yaşa çatırlar da, keçirlər də.
Qadınların kişilərdən daha bir üstünlüyü də odur ki, oğul dərdini, bala dağını daha mətanətlə çəkirlər.
Bənzər vəziyyətlərdə kişinin qəddi tez əyilir, dizi bükülməsə də, başını dik saxlaya bilsə də, ürəyi tab eləmir.
84 yaşlı Həbibulla Mirqədirov – həmkarımız Raufun atası ömrünün qürub çağındaydı. Bu yaşa çatması, çata bilməsi onun sağlam həyat tərzi keçirməsindən, gümrahlığından xəbər verir.
Əgər 36 gün əvvəl onun  oğlunu həbs etməsəydilər, dünən gecə Həbibulla Mirqədirov dünyasını dəyişməyəcəkdi.
Əlbəttə, onun bu ili sağ-salamat başa vurub 2015-ci ilə adlayacağını heç kəs iddia edə bilməz. Ancaq burası yəqindir ki, 23 mayda onun evində axtarış aparılmasaydı, Həbibulla Mirqədirov hələ bir müddət də yaşayacaqdı.
Oğlunun taleyinin  nagümanlığı onun bu cür, qəflətən ölümünə yol aça bilməzdi. Ağsaqqal bütün daxili gücünü, həyat enerjisini toplayıb, Rauf Mirqədirovun cinayət işinin necə sonuclanacağını gözləyəcəkdi.
Fəqət bir ani stress,  gözlənilməz zərbə, ruhi həyəcan onun onsuz da kövrək qəlbinə, zəifləmiş orqanizminə ağır zərbə oldu.
84 yaşlı kişinin belə bir  zərbəyə tablaşa bilməməsi təxminən 1 yaşlı, yenicə ayaq açmış körpənin ani vəziyyətdə büdrəyib yıxılması qədər təbiidir.
Amma bu ölkədə o cür  həssas məqamları nəzərə alan yoxdur. Bunu jurnalist Pərviz Həşimlinin azyaşlı qızının gözü qarşısında sıradışı bir qabalıq, qəddarlıqla həbs edəndə də nəzərə almamışdılar. Uşaq qorxmuş, “nə olar, bizi öldürməyin” deyə qışqırmışdı. Aldığı stressdən körpənin bir müddət özünə gələ bilmədiyi, gecələr diksinib ayıldığı, sayıqladığı  deyilirdi.
Onun yerinə yaşlı bir kişi  olsaydı, yəqin ki, elə ordaca, özlərini bin Ladeni tuturmuş kimi zəhmli aparan maskalı əməliyyatçıların amansızlığı ilə üzləşən andaca xəstəxanalıq olardı - ən azı...
Tofiq Yaqublunun da yaşlı  atası var. Bildiyim qədərilə mətanətli kişidir, övladının şərlənib tutulmasına dözür. Nə vaxta qədər dözəcək, bilmək olmaz. Yadigar Sadıqovun atası da, anası da ahıl adamlardır və heç gözləmədikləri halda ziyalı övladlarının heç nə üstündə həbsdə yatması onları da sarsıdıb.
Ağır-ağır cəzalar kəsilmiş “Nida”çı gənclərin  valideynləri o qədər də yaşlı deyillər, dözürlər, amma babaları və nənələri artıq nəvə dərdinə tablaşa bilmirlər.
Heç kəs demir ki,  valideynlər dözə bilməyib vəfat edəcəklər deyə, cinayət törədən insanlar həbs olunmamalıdır.
Xeyr, məşhur filmdə  deyildiyi kimi, cinayətkar məhbəsdə oturmalıdır. Amma cinayətkar...
Günahsız insanlar həbs.  edilməməli, mühakimə olunmamalıdır. Bu, təkcə onların özlərinə, şəxsiyyətlərinə yönəlmiş aqressiv akt deyil, eyni zamanda onların doğmalarına, yaxınlarına verilən işgəncə, iztirab deməkdir.
İki ata təsəvvür edin. Birinin oğlu gedib oğurluq edib, adam öldürüb, tutulub, ikincinin oğlu siyasi proseslərdə iştirak edib, fəallıq göstərib, tutulub. Birinci ata camaat içində vüqarla gəzə bilməsə də, zahirən kədərli görünsə də, daxilində bilir ki, günah onun oğlundadır, dinc dursaydı, başına bu iş gəlməzdi. İkinci ata qatıldığı məclislərdə, toplantılarda özünü vüqarlı aparır, başını dik tutur, amma daxilində şərlənərək, təqsirsiz ola-ola tutulmuş oğlunun dərdini  çəkir, oğluna qarşı qərəzli münasibətin nə vaxt sona çatacağından əndişələnir, “hökumətlə hökumətlik edən” oğlunun taleyi üçün narahat olur, səksəkə içində hər an məhbəsdən bəd xəbər gözləyir.
Yəni məhbəsdə yatan cani övladın valideyni ilə vicdan  məhbusu olan övladın valideyninin çəkdiyi dərd, iztirab eyni deyil. Birinci durumda daha çox maddi baxımdan yük varsa,  ikincidə həm maddi, həm siyasi, həm də psixoloji baxımdan ağırlıq var. Burada yalnız adamın günahsızlığı, onun həbsdən çıxdıqdan sonra ətrafda “yatıb-çıxmış biri” olaraq tanıdılmayacağı, yaxınlarının ondan qaçmayacağı kimi nüanslar zəif təsəlli ola bilər.
Həbibulla Mirqədirov  oğluna görə vəfat etdi. Demək olar ki, vaxtsız vəfat etdi. Həm də o, bu dünyadan oğlu sarıdan nigaran getdi.

Bizə qoşulun