Medianews.az
Tərifli xarici siyasətin qurdu
430 baxış

Tərifli xarici siyasətin qurdu

xalid kazimli kose 1
Azərbaycan hakimiyyətinin sözçüləri “uğurlu, balanslaşdırılmış xarici siyasətimiz” deyə təbliğat xarakterli tezislərlə danışmağı sevirlər. Uzaq tarixə getməyək, son beş ili götürək və ölkəmizin xarici siyasət kursuna baxaq.
İl 2009. Türkiyə tərəfinin Ermənistanla sərhədləri açmaq təşəbbüsünə Azərbaycanın cavab reaksiyası gözlənilməz oldu. Bir neçə günün içində Türkiyə “qardaş dövlət” statusundan çıxarıldı, “xain” elan edildi. Bakıdakı Türk Şəhidliyindəki türk bayraqları endirildi, came təmirə qapadıldı. Prezident Gülün və baş nazir Ərdoğanın Avropanın təzyiqi ilə başlatdığı “Ermənistan açılımı”nın cavabı 1918-ci ildə Bakını mürtəce daşnak-bolşevik qüvvələrindən xilas etməyə gəlmiş qəhrəman türk əsgərlərinin xatirəsinə hörmətsizliklə verildi. Sonradan hər iki ölkənin müxalifət qüvvələrinin, ziyalılarının və mediasının səyi ilə qardaş dövlətlər arasında münasibətlər yenidən normal məcraya salındı.
İl 2012. “Eurovision” mahnı yarışmasında qalib olan Azərbaycan, öncədən də proqnozlaşdırıldığı kimi, Avropa dövlətlərinin mediasının, siyasi dairələrinin mikroskopu altına düşdü. Ölkəmizə gələn və burada gördüklərini olduğu kimi yazmağa çalışan media nümayəndələrini sayı birə on artdı. İndiyədək Avropada “yanacaqdoldurma stansiyası” kimi tanınan ölkəmizdəki vəziyyət, əsl “Azərbaycan həqiqətləri” avropalılara çatdı. Ölkənin bir sıra gözəllikləri ilə yanaşı, eybəcərliklərinin (antidemokratik durum, insan haqları xüsusunda bərbad vəziyyət, tüğyan edən korrupsiya, tayfa-klan rejimi, avtokratiya və s.) də Avropaya əyan olması ölkəmizin “uğurlu xarici siyasəti”nin kursunu dəyişdirdi. Azərbaycan iqtidarı birdən-birə bir neçə qüdrətli Avropa ölkəsinə savaş açdı. Almaniyanın Azərbaycandakı durumla bağlı tənqidi fikirlər səsləndirmiş xarici işlər nazirinin cinsi orientasiyasından tutmuş Berlində, Düsseldorfda liftlərin işləməməsinə qədər xeyli “neqativ hallar” tapan kütləvi təbliğat  vasitələri uzun müddət Almaniyanı “yıxdı-sürüdü”. Hətta rəsmi qəzetlər Almaniyanın tarixi ləkəsini - faşizmi baş töhmətinə çevirmişdilər. Norveç, İsveç, Hollandiya, Avstriya kimi dövlətlər də azərbaycanlı sözçü məmurlardan, təbliğatçılardan öz nəsiblərini alırdılar. Sonra dünyanın və Avropanın gündəminə başqa böyük münaqişələr girdi və Azərbaycanın Avropa dövlətlərinə açdığı birtərəfli “soyuq müharibə”, çılğın təbliğat rüzgarları səngidi.
İl 2012. Yenə “Eurovision” yarışması ilə bağlı İran və Azərbaycan arasında heç vaxt görünməmiş gərginlik yaşandı. İranın bəzi ayətülllah və axundları Bakıda gey-parad keçiriləcəyini əsas götürərək Azərbaycan hakimiyyətinə qarşı sürəkli iradlar bildirirdilər. Bir gün rəsmi Bakının cavabı daha sərt oldu. Hakimiyyət sözçüləri, iqtidar deputatları İrana qarşı “söz davası”na çıxdılar, hətta iranlı məmurlara münasibətdə “ibnə” kəlməsi işlətdilər. Gərginlik ərşə dirəndi - sanki müharibə astanasıydı. Hər iki ölkə səfirini “məsləhətləşmə üçün” geri çağırdı. Bəzi hiddətli generallar və axundlar “o kafir yuvası”nı, yəni Azərbaycanı, “əzəli İran torpağı”nı “ana vətənə qovuşdurmaq” təşəbbüsü ilə çıxış edirdilər. İranla Azərbaycanın münasibətləri bir də bu il, üstündən iki il keçəndən sonra normallaşdı.
İl 2013. Şimal qonşumuz Rusiya ilə ölkəmizin rəhbərliyi arasında ciddi gərginlik vardı. Rəsmi Bakı Kremlin Əliyev iqtidarını devirmək niyyətində olduğundan quşqulanırdı. Arada çox tikanlı bəyanatlar, açıqlamalar səsləndi. Nəhayət, prezident Putinin avqustun əvvəlində Bakıya 3-4 saatlıq səfərindən sonra münasibətlər normallaşmağa başladı.
İl 2014. Bu dəfə ABŞ hədəfdədir. Səfir Morninqstar indiyədək dediklərindən bir neçə cümlə artıq və daha açıq sözlər danışıb. Budur, rəsmi Bakı qos-qoca hegemon dövlətə savaş açıb. Səfirin “arzuedilməz şəxs” elan olunması təşəbbüsləri səslənir.
Düzdür, indiyədək mövcud rejimin Amerikanı hədəfə alması bir neçə dəfə olub, amma indiki daha şiddətlidir. Söhbət Amerikanın aborigen xalqının - hinduların hüququnun pozulmasına, irqi ayrı-seçkiliyə və ABŞ-ın dünya dövlətlərinə qarşı sürəkli hərbi aqressiyana dair faktların sadalanmasına qədər inkişaf edəcək.
Beləliklə, “uğurlu xarici siyasətimiz”in qurdu çıxıb. Belə çıxır ki, “balanslaşdırılmış xarici siyasət” elə budur - bütün ətraf aləmlə düşmən olmaq.

Bizə qoşulun