Medianews.az
ABŞ-ın “yerində oturdulması”
529 baxış

ABŞ-ın “yerində oturdulması”

xalid kazimli kose 1
Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi gerçəkdən də sensasiondur.
Müsahibə başdan ayağadək ABŞ əleyhinədir və bu dövlətə qarşı belə çıxışları adətən Venesueala, İran, Rusiya, Kuba kimi dövlətlərin səlahiyyətli məmurları edirlər.
Novruz Məmmədov dünənə qədər “strateji tərəfdaşımız”, “koalisiya ortağımız” dedikləri ABŞ-a qarşı səf dəyişdirərək, Azərbaycanın anti-ABŞ koalisiyasına qoşulmaq üzrə olduğunu göstərdi.
Şöbə müdirinin işlətdiyi bəzi sətirlərə baxaq.
“ABŞ və yaxud başqa bir dövlətin səfirinin başqa bir ölkənin (Azərbaycanın və s.) daxili işlərinə qarışmaq hüququ yoxdur”.
Məmmədov bunu düz deyir. Fəqət ABŞ-ın Azərbaycanın “daxili işlərinə qarışması” əsasən demokratik prinsiplərə və insan azadlıqlarına riayət tələbindən ibarətdir. Pərdə arxasında daha nə kimi qarışmalar var, bu barədə daha açıq danışmaq olar.
“Hamı çox yaxşı bilir ki, Ukraynada meydan hadisələrini yaradan məhz ABŞ-ın özüdür”.
Bu, Rusiyanın aqressiyasına haqq qazandıran ruspərəstlərin dövriyyəyə buraxdıqları və gündə azı 24 dəfə təkrar etdikləri tezisdir. Prezident Administrasiyası rəhbərinin müavini kimi yüksək post tutan adamın bu qədər bəsit tezislərlə danışmaq haqqı yoxdur.
“2013-cü ildə Azərbaycanda da müxalifətçi gənclərin istifadə etmək istədikləri ”Molotov kokteyli"ləri ABŞ-ın dəstəyi ilə hazırlanıb".
NİDA-çı gənclərin məhkəməsi göstərdi ki, onlara qarşı bütün ittihamlar saxta, qurama və əsassızdır. Hökumət sözçüsünün qurama ittihamlara söykənərək dünyanın hegemon dövlətinə qarşı ittiham irəli sürməsi o qədər də ciddi iş deyil.
“ABŞ Azərbaycanın Rusiya və İranla münasibətlərinə kölgə salmağa çalışır”.
Bəs sendviç məsələsi necə olsun? Bir il əvvəl Rusiyada yaranmış “Milyarderlər İttifaqı” tərəfindən devriləcəyindən qorxan iqtidar Amerikanın üstünə Rusiyadan şikayətə getməmişdimi? AŞPA-nın vitse-prezidenti Səməd Seyidov Kaliforniyada bir forumda çıxış edərkən “Rusiya və İran bizi sendviç kimi sıxırlar” deyə, bu iki dövlətin niyyətinin Azərbaycanı “yemək” olduğunu dünyaya hayqırmamışdımı? İndi Rusiya yaxşı oldu?
“Biz müsahibənin tonunu heç cür qəbul etmirik və etmərik də. Hansı səfir olursa-olsun o, Azərbaycanda öz səfirliyini etməlidir”.
Azərbaycan iqtidarının ABŞ səfirinin ənənəvi olaraq “narahatlıq” dolu müsahibəsinin tonunu qəbul etməmək yaxşıdır, amma rus generallarının, deputatlarının ultimatum dolu bəyanatlarının tonunu bal kimi udmağın adı nədir?
“Gəlin soruşaq, bu günə kimi ABŞ Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı uğurlu addım atıb”.
Bunu çoxdan soruşmaq lazım idi. İlk dəfə belə tələb Azərbaycan müxalifəti tərəfindən 15 il öncə səslənib. Həm də təkcə amerikalı həmsədrlər yox, rusiyalı, fransalı həmsədrlər də həmişə ermənipərəst mövqe tutublar. Fəqət rəsmi Bakı həmişə həmsədrlərin nazıyla oynayıb.
“Bu gün Ermənistanı dəstəkləyən ən birinci dövlət elə məhz ABŞ-ın özüdür”.
Xeyr, ABŞ-dan əvvəl bu işi daha ciddi şəkildə Rusiya və Fransa görür. Onların Qarabağ məsələsinə dair siyasəti daha patavalı və ermənilərə rəğbəti daha açıq-aşkardır.
“ABŞ başda olmaqla heç bir ölkə ideal deyil. Korrupsiya halları dünyanın hər yerində var, o cümlədən ABŞ-ın özündə də”.
Bu da yüz dəfələrlə çeynənmiş ifadədir. Hansısa başqa ölkədə korrupsiyanın mövcudluğu heç kəsə haqq vermir ki, öz ölkəsini korrupsiya bataqlığına salsın və onu orda boğsun.
Əslində Novruz Məmmədovun anti-ABŞ ritorikasının səbəbi məhz bu sonuncu məqamda gizlənir. Nə vaxt ki, amerikalı məmurlar bu hakimiyyətə qarşı bənzər ittihamlar səsləndirir, demokratiyaya, insan haqlarına dair tələblər qoyurlar, o zaman kimsə irəli çıxır və ABŞ-ı “yerində oturdur”.
Ən pisi odur ki, bu cür təpkilər effekt verir: ABŞ qayıdıb yerində oturur.
Prezident Obama o boyda ABŞ-ı gətirib bu vəziyyətə salıb. Dünyanın hegemon dövləti özünün 50 ştatından ən balacası boyda olan dövlətin də qabağından qaçır, beş gün əvvəl ortaya qoyduğu iradənin arxasında dura bilmir.

Bizə qoşulun