Medianews.az
Napoleonun balacası
889 baxış

Napoleonun balacası

zamin yeni razAvropa Şurası Nazirlər Komitəsində sədrlik 6 aylığa Azərbaycana keçmişdir. Bu münasibətlə Strasburqda yapokratiya nümayəndələrinin iştirakı ilə əyləncəli tədbirlər keçirilmiş, üçrəngli bayrağımız ucaldılmış, fransız xalqı sevindiyindən dombalaq aşmışdır. Daha sonra Səbayel icra hakimiyyəti başçısının əraziyə ezam edilmiş müavini avtomobillə şou göstərmiş, bu zaman 3-4 nəfər qanına qəltan olmuş, 1-2 nəfərin isə tikəsi təkərlərə yapışmışdır. Hazırda nəqliyyat müfəttişlərimiz Berlin küçələrində polyak əsilli taksi sürücülərini qovalayırlar.
Avropalılar Azərbaycanın rəhbərliyindən çox məmnun olduqlarını bildirmişlər, qeyd olunub ki, neft-qaz olmasaydı da bizi sevərdilər, məsələn, Patrisiya Kaasın həyatda ən böyük arzusu Üzeyir Mehdizadə ilə duet oxumaq, hətta imkan olsa eşq yaşamaqdır.
Bəli, vaxt var idi Avropanı öküzün belinə mindirib qaçırdırdılar, ancaq indi qitədə deqradasiya elə vəziyyətə gəlib çatıb ki, enerjidaşıyıcılarına görə hara gəldi uzanırlar. Yoxsa zindanları siyasi məhbuslarla təpili-tıxılı olan Azərbaycan kimi avtoritar dövlətin orada sədrliyini necə başa düşəsən? Bunun hər hansı insani, humanitar izahı yoxdur.
Məsələn, elə sədrlik bizə keçən dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsi (orda ağır cinayət edib günahsız insanlara zindan cəzası kəsirlər, o səbəbdən məhkəmə belə adlanır) internet fəalı Ömər Məmmədovun işinə baxırdı. Ömər bəy facebook sosial şəbəkəsində “AzTV-dən seçmələr” adında tənqidi səhifənin idarəçisi olduğu üçün yapokratların qəzəbinə tuş gəlib, cibinə narkotik maddə atıb tutublar.
 İşin qurma olması, polisin siyasi sifarişlə cinayət törətməsi elə ilk iclasda aşkara çıxıb. Sən demə, polislər Məmmədovun “üzərindən çıxan” narkotik maddənin 6 qram və neçəsə milliqram olmasını ekspertə, tərəziyə-zada ehtiyac duymadan axtarış protokoluna yazıbmışlar! Öncədən ölçüb qoymağın daha başqa nə isbatı? Axtarış protokoluna imza atan saxta hal şahidi isə illərdir bu işlə məşğul imiş, polisdə “üzəduran” kimi işləyirmiş. Vəkil Xalid Bağırov ona deyib ki, mən səni artıq neçənci dəfədir müdafiə etdiyim şəxslərin işində görürəm, yorulmadınmı?
Ötən ay Ədliyyə Nazirliyinin məlumatına görə, zindanlarda dustaq sayı 18 mindən çox idi. Həmin vaxt 3000 nəfər də istintaq altında saxlanılan vardı. Üst-üstə 21 mindən çox dustaqla şanlı respublikamız sabitlik adasıdır. Hamı yaxşı yaşayır, razılıq baş alıb gedir, cinayətkarlıqla mübarizə də pöhrə verib, ucu Strasburqa dirənmişdir. Bəs bu 21 min cinayətkar hardan çıxıb? Ola bilsin bunların hamısı ermənipərəst xarici qüvvələrin dəyirmanına su axıdan ekstremist-radikal müxalifətçilərdir.
Əlbəttə, cinayət dünyanın hər yerində var, əsas odur bununla mübarizə aparasan. Dahi rəhbərimiz demişkən, qoy ədalət zəfər çalsın! Dünən cənab prezident Şamaxıya səfər edərək orda hotel açılışını etmişdir. Bu saat bütün dünyadan turistlər Şamaxıya axışır.
Mənə gülməli gələn bilirsinizmi nədir? Azərbaycanın Avropa Şurasında məhz Nazirlər Komitəsi adında quruma sədrliyi! Təsəvvür edin, sənin öz ölkəndə Nazirlər Kabineti Prezident Administrasiyasının altında oyuncaq bir qurum ola, baş nazir isə bütün ictimai-siyasi-iqtisadi həyatından yalnız bir dəfə xiyarın qiyməti haqda açıqlaması ilə yadda qala və sən gedib Avropada NK sədrliyi yapasan... Yenə Avropa Şurası Parlament Assambleyasına Səyavuş Novruzovu sədr qoysaydılar daha məntiqli olardı.
Fransa prezidenti Bakıya gələndə ona məlumat verildi ki, paytaxtımızın Qaraşəhər adlanan hissəsində balaca “Paris” məhəlləsi salınacaqdır. Eyfel qülləsi, Bulon meşəsi-zad olacaqdır. Prinsipcə, Rövnəq Abdullayev də Mişel Platiniyə oxşayır. Bir dənə balaca Napoleon qayırıb meşəyə buraxsaq komplekt tam düzələr.

Bizə qoşulun