İki gün öncə ölkəmizdə də çox sevilən türkiyəli ustad yazar Yılmaz Özdilin maraqlı və aktual bir yazısı vardı, ümumi məzmunu təxminən beləydi ki, bir binanın şüşəsi sınıbsa, dərhal düzəldilməsə, yerdə qalan şüşələri də sındırılacaq; bir təmiz səkiyə zibil torbası qoyulubsa, zibil oradan dərhal götürülmürsə, az bir müddətdən sonra ora zibilxanaya çevriləcək və s.
Müəllif fikrini inkişaf etdirərək sözü ona gətirirdi ki, dövlət idarəçiliyi də belədir, problemləri vaxtında həll etmirsənsə, üst-üstə qalaqlanacaq və daha ciddi problemlər yaradacaq.
Eyni nəzəriyyə cəzasız qalan cinayətkarlıq faktları xüsusunda da keçərlidir.
Əməkdaşımız Fərahim İlqaroğlunu döyən və döydürənlər ona görə bu cinayəti həvəslə (həm də olduqca yersiz) həyata keçiriblər ki, bundan əvvəl bu ölkədə yüzlərlə (məhz yüzlərlə) jurnalist döyülüb, ancaq onlara görə heç kəs cəzalandırılmayıb.
Əgər hələ 1991, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004- cü illərdə döyülən jurnalistləri döyən və döydürənlər cəzalandırılsaydı, 2005-ci ildə Elmar Hüseynov qətlə yetirilməz, 2006-cı ildə Bahəddin Həziyev sui-qəsdə məruz qalıb ölümcül hala salınmazdı. (1992 və 1993-cü ildə döyülən jurnalistlərə görə isə cəzalandırılan oldu - İsgəndər Həmidov bu epizodların biri üzrə mühakimə olundu, həbsdə yatdı).
Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov Fərahimin döyülməsi üzrə həbs olunsa və cəzalandırılsa, bu, bir ilk olacaq. Tez-tələsik təqsirsizlik prezumpsiyasını yadımıza salanlar unutmasınlar ki, aprelin 25-də baş verən hadisənin bizim üçün sirr sayıla biləcək bir məqamı qalmayıb. Hər şey gün kimi aydındır, bilmədiyimiz təfərrüatlar ola bilər, amma bu, cinayətin əsl sifarişçisinin, ikinci sifarişçisinin və icraçısının günahını xəfiflətmir.
Ancaq budur, xış kötüyə ilişib. Hüquq-mühafizə orqanları tərəddüd içindədir və yuxarıdan siyasi qərar gözləyirlər.
Həmişə belə olur: hansısa cinayətin arxasında rəis, prokuror, hakim vəzifəsi tutanlardan ta yuxarılara qədər yüksək mənsəbli vəzifə yiyəsi durursa, o cinayətin açılması mümkünsüzləşir. Ən yaxşı halda zərərçəkən tərəfə böyük pullar ödəyərək sakitcə işi bağlayır, ört-basdır edirlər, pis halda isə zərərçəkəni daha ağır təqib-təzyiqlərə məruz qoyurlar və adamlar haqsızlığın təntənəsi önündə əzilirlər.
Bircə-bircə xatırlayaq, görək, vəzifəli adamların zorakılığı ilə toqquşan və əzilən hansı adi, sadə, kasıb adam ona qalib gəlib və zorakının cəzalandırılmasına nail olub? Bir fakt belə tapmaq mümkün deyil.
Vəzifəli adamların törətdiyi qəzalarda ölənlərin ardı-arası kəsilmir, amma onlar bu işdən ya tərtəmiz sıyrılırlar, ya da öz əvəzlərinə günahsız sürücülərini qısamüddətli həbsə (hesab edin ki, sanatoriyaya) göndərirlər. Üstü açılmayan ölümlü qəzaların hamısı birmənalı olaraq vəzifəli şəxslərin özləri və övladları tərəfindən törədilmiş olur. Vəzifəsi olmayan şəxslər isə bənzər qəzalara görə tutulurlar.
Elə bugünlərdə rayonlardan birinin İH başçısının müavini şəxsən ölümlü qəza törətsə də, işi düzüb-qoşur, onun əvəzinə sürücünü məsuliyyətə cəlb edilməsinə çalışırlar.
Uzun illərdən bəri jurnalistləri, eləcə də özlərindən zəif insanları döyən, şikəst edən, hətta öldürən şəxslər asudə şəkildə azadlıqda gəzirlər.
Vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərin araşdırılması zamanı yol verilən yüksək səviyyəli himayədarlıq faktları gec-tez partlayışa gətirib çıxarmalıydı və bütün əlamətlərindən görünür ki, elə bir situasiya yetişib. Son il yarımda məmurların övladlarının yol verdiyi səs-küylü harınlıq, qudurğanlıq, özbaşınalıq, hətta cinayət faktlarının lazımi səviyyədə olmasa da, yüngülcə cəzalandırılması (əsasən onların atasını işdən çıxarır, deyirlər, get başını aşağı sal, yığdıqlarını xərclə) əhalinin hiddətinin müəyyən qədər səngitsə də, bu kifayət deyil. Bütün bu cür anormal hərəkətlər öz layiqli cəzasını almalıdır. Əks təqdirdə dövlətə inam olmayacaq və ölkə mafioz idarəetmə üsulundan xilas olmayacaq.
Uzun sözün kəsəsi, ya küçədəki gözəl pannonun önünə atılmış zibil torbası dərhal yığışdırılacaq, ya da ora zibilxanaya çevriləcək.
