İndi sizə nəql edəcəyim hadisə bu yaxınlarda (iki-üç həftə əvvəl) Naxçıvan mahalında baş verib. Bunu mənə danışan adam and içir ki, hadisədən dərhal sonra bu barədə bir sıra media orqanlarına xəbər verib, amma onların heç biri bu xəbərə öz səhifələrində işıq verməyib.
Necə olubsa, bilməmişik, yoxsa verərdik. Hərçənd məhkəmə perspektivindən qorxduğumuz üçün bəlkə də bir az başqa cür verərdik.
Əslində isə belə xəbəri verməyənlər təkcə məhkəmədən qorxmurlar, həm də tutulub çırpılmaqdan, butulka ilə hədələnməkdən (ən azı), şərlənib içəri basılmaqdan və sair və ilaxırdan qorxurlar.
Xəbəri verən mənbə özü heç nədən qorxmur, amma adının çəkilməsini istəmir, çünki özünə olmasa da muxtar respublikada yaşayan qohumlarını incidə bilərlər.
Bu saat mən də həmin hadisə barədə bu yazıda ona görə yazıram ki, Naxçıvanda heç bir qohumum yaşamır. Yaşamış olsaydılar, yəqin ki, mən də “adının çəkilməsini istəməyən müəllif” olardım.
Yəni Vasif Talıbovun Naxçıvanda yaratdığı rejim bu qədər demokratikdir, o mahalda Talıbovdur, Şimali Koreyada - Kim Çen In.
Hadisənin isə Talıbova dəxli yoxdur, söhbət onun ən güclü nazirlərindən biri barədədir. Əslində onun adını çəkmək olar, tutaq ki, Məmməd, Əhməd, Həsən, Hüseyn - nə fərqi var. Əsas hadisənin özüdür.
Məsələ belə olub: iki-üç həftə əvvəl Naxçıvanın Şahbuz rayonu sıradan olmayan bir atmosfer çöküntüsünə məruz qalıb - göydən yerə buz parçaları, yəni dolu yağıb. Təbii fəlakət imiş. And içirlər ki, dolu o qədər yağıb ki, gecə şaxta da düşüb, nəticədə camaatın bir xeyli mal-heyvanı tələf olub. Mal-qarası kütləvi qırılanların içində bir fermer də varmış və onun 300 baş camışı murdar olub.
Məlum, camış metohəssas heyvandır, istiyə birtəhər tablaşır, nohura girir, sərinləyir, yeməyinə, içməyinə fikir verir, istini ötüşdürür. Amma belə görünür ki, zavallı camışların havanın qəfil dəyişəcəyindən, apreldə Şahbuzda göydən buz yağacağından və gecə şaxta olacağından xəbərləri olmayıb.
Ancaq bu fermer adi fermerlərdən deyil, o, bir nazirin qardaşıdır (Aha, indi bəzi maraqlı oxucular hansı nazirin şahbuzlu olmasını araşdırıb söhbətin kimdən getdiyini biləcəklər). Cənab nazir öz vəzifə səlahiyyətlərindən istifadə edərək tələf olmuş camışların murdar ətini istehlaka yönəltmək istəyib.
Sizə iyrənc görünməsin, əslində, camış əti ən faydalı, hətta dietik ətdir, dana ətindən üstündür, amma razılaşaq ki, camaat tələf olmuş ceyran və ya ayı ətinə də yaxın durmaz. Ona görə də murdar camış əti almaq istəməyənlər, müqavimət göstərənlər tapılıb.
İntəhası, orası Naxçıvandır. Orda nazirlərin bir sözü iki deyil. O buyurursa ki, ölmüş camışların əti xırıd olunmalıdır, demək, başqa variant yoxdur. Bu üzdən muxtar respublikanın kafe-restoranları, dönərxanaları və sair iaşə obyektləri dolu vurmuş camışların ətini pay-bölüş ediblər. Nazir və onun fermer qardaşına əsas müqavimət hərbi hissələrdə göstərilib. Əslində, ölü camışların əti ən çox hərbi hissələrə satılmalı olduğu halda, Azərbaycan ordusunun Naxçıvandakı kontingentinin komandanı Kərəm Mustafayevin iradəsi ilə murdar ətlər hərbi hissələrin mətbəxinə, əsgərlərin qida rasionuna daxil edilməyib.
Pah! Nazirlə komandanın arasında münaqişə başlamazmı, pərtlik, narazılıq baş verməzmi? Axı 300 baş camışın azı yarısını əsgərlər yeməliydi ki, fermer o boyda ziyana düşməsin. Onun da qarşısını general Mustafayev alır - öz sərəncamında olan hərbi hissələrə güvənərək. O, adi nazirlərdən biri olsaydı, əlbəttə, buna cəsarət etməzdi. Əlində topu-topxanası var, ona görə deyir ki, əsgər murdar ət yeyə bilməz.
Əlbəttə, kimsə deyə bilər ki, əslində generalla nazir murdar ətin bazarlaşması üstündə razılığa gələ bilməyiblər, bu iş ona görə baş verib. Amma bu sövdələşmə və onun uğursuz nəticəsi barədə əlimizdə fakt yoxdur. Bilinən odur ki, hazırda muxtar respublikada camış əti üstündə münaqişə var.
Xəbəri verən mənbə əlavə edir ki, indi camaatın əli göydədir, yalvarır ki, qəfil istilər düşüb qoyunları kütləvi şəkildə tələf eləməsin, yoxsa başqa bir nazir də öz ölmüş qoyunlarının ətini camaata yedirtmək istəyəcək.
