Medianews.az
Əcnəbilərə paradiz, yerlilərə - Horadiz?
561 baxış

Əcnəbilərə paradiz, yerlilərə - Horadiz?

xalid kazimli kose 1
Hər dəfə ölkəmizdə nəsə bir beynəlxalq tədbir olanda paytaxt əhli qara gününü qablayır. Səbəbsiz deyil. Hər bir beynəlxalq tədbir, mərasim yüz minlərlə insana problem yaradır.
Məsələn, sonuncu beynəlxalq tədbiri götürək. Mayın 7-dən 11-nə qədər keçirilməsi nəzərdə tutulan velosiped turu ilə bağlı paytaxt və onun ətrafında yaşayanlar arasında kütləvi narazılıq var.
Giley-güzarlar əsasən yolların bağlanması ilə əlaqədardır. Mayın 7-də şəhərə giriş məhdudlaşdırıldığına görə paytaxta aparan yollarda yarılmaz tıxaclar meydana gəlib və yollar faktiki olaraq bağlanıb. Nəticədə həmin gün universitetlərdə son imtahanlarına tələsən yüzlərlə buraxılış kursu tələbələri imtahana gəlmədiklərinə görə kəsilmək təhlükəsi qarşısında qalıb. İmtahana gecikənlər olub, 5 kilometr yolu 50 kilometrlik məsafədə dövrə vuraraq gələnlər olub, bir neçə kilometrlik yolu piyada, həm də qaça-qaça qət edənlər olub və s.
Heç kəs onlara güzəşt etməyəcəkmiş. Universitet rəhbərlikləri paytaxtda mühüm beynəlxalq tədbirin - velosiped yarışının keçirilməsini, bu üzdən yolların bağlı olmasını üzrlü hal saymayacaqmış və imtahana çatmayanlar bir il kursda qalacaqlarmış. Yəqin ki, bir çoxlarının aqibəti elə də olub - əldə statistik göstərici yoxdur.
Deyək ki, birtəhər bu məsələni yoluna qoymaq, nüfuzlu adamların köməyi ilə imtahana gecikən, çata bilməyən tələbələrin problemini həll etmək olar. Bəs yolların bağlı olması üzündən doğuşa gecikən hamilə qadınlar, qəzaya düşən və təcili yardım maşınında əməliyyat masasına çatdırılması vacib olan yaralılar, dəfn üçün aparılan ölülərin taleyi necə olsun? Onlar saat 3-ə, velosipedçilərin keçib getməsindən sonra yolların açılmasını (hələ bu proses də 1-2 saat çəkir) gözləsinlər?
Tərs kimi, bu sayaq yarışlar, müsabiqələr, tədbirlər bitib-tükənmir. Motoskiletçilər gedir, avtomobilçilər gəlir, hamısında da mütləq şəhərin yolları, küçələri bağlanır. Çünki o yarışçılara boş ərazi, açıq, maneəsiz yollar lazımdır.
Elə örtülü zallarda keçirilən digər beynəlxalq tədbirlər də şəhərdə həyatı iflic etmək xassəsinə malikdir. Çoxsaylı qonaqların təhlükəsizliyini, şəhərin içində sərbəst hərəkətlərini təmin etmək üçün haralarısa bağlamaq lazım gəlir. Bir işlək prospektin qapanması kifayətdir ki, şəhər digər nahiyələrində, bütün orqanizmində tromb əmələ gəlsin.
Gələn il daha pis olacaq. Birinci Avropa oyunlarına sahiblik edəcək Bakı daha da ağır günlər yaşayacaq. Bunu indidən də bilmək olur. Azərbaycan hakimiyyəti bu beynəlxalq yarışa olimpiada statusu verib və Bakıya gələsi on minlərlə qonağın ölkədən razı getməsi üçün paytaxt əhalisini narazı salmaqdan çəkinməyəcək. Çıxış yolu ona qalır ki, həmin yarışlar zamanı insanlar köçüb Mərəzəyə, Göytəpəyə, Siyəzənə, Horadizə getsinlər.
Doğrudur, bir ölkənin paytaxtına, başqa şəhərlərinə yaxın-uzaq ölkələrdən nə qədər çox qonaq gəlsə və bu müntəzəm xarakter daşısa, həmin ölkəyə iqtisadi, siyasi, mədəni baxımdan bir o qədər faydalı olar. Ancaq ölkə buna hazır olmalıdır. Əcnəbilərin rahatlığı yerli sakinlərin narahatlığı, hətta əzab-əziyyəti üzərində bərqərar edilməməlidir.
Bir də bunun məsrəfləri var. Aydın məsələdir ki, hər il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə dəvət olunan minlərlə adamın ölkəmizə gəlişi, yerləşməsi, qidalanması və sair xərcləri Azərbaycan dövlətinin büdcəsindən milyonlar aparır. Loru dildə desək, xalqımızın boğazından kəsib əcnəbilərə yedirdirlər.
Dünən Badamdarda yerləşən “Kempinski” otelinin qarşısında veloturda iştirak edən idmançıları gözləyən yüzə qədər kiçik tutumlu avtobus vardı. Onlar bir azdan yarışçıları daşıyacaqdılar. Amma artıq həmin ətrafda tıxac əmələ gəlmişdi. Bu idmançılar paytaxtın və yaxın rayonların bağlanmış yollarında o başa-bu başa velosiped sürüb, xoş xatirələrlə vətənlərinə qayıdacaqlar, bizə isə kütləvi əsəb və pərtlik qalacaq.
Nəhayət, bu işin bir qaydasını tapmaq lazımdır. Bakını əcnəbilər üçün cənnətə, yerli sakinlər üçün cəhənnəmə döndərmək lazım deyil. Bu üsulla beynəlxalq arenada ad çıxarmaq olmaz.

Bizə qoşulun