Medianews.az
Zor hədəsi
453 baxış

Zor hədəsi

xalid kazimli kose 1
İndi yəqin ki, təkzib edəcəklər, deyəcəklər, tərəfimizdən araşdırılıb, hüquq-mühafizə orqanlarının heç birindən heç kəs heç vaxt Leyla Yunusa zəng edərək, onu və ərini zorlamaqla (həm də bir-birinin gözünün qabağında) hədələməyib.
Ancaq bu ölkədə bir çox müstəntiq və əməliyyatçıların ritorikasında zor hədələrinin (“petux edərik”, “butulkaya oturdarıq”, “dəyənək yeridərik” və s.) xüsusi yer tutduğu hələ sovet dövründən bəllidir.
Hər kəsin yatıb-çıxan qohum-əqrəbası, dost-tanışı, qonşusu var və onlar təcridxanada, cəzaçəkmə müəssisəsində başlarına gələn olayları yumşalda-yumşalda danışırlar. Zorakılığa məruz qalanlar hələ gördüklərinin dörddə birini danışmırlar, amma bu müdhiş faktlar adamda xof yarada biləcək gücdədir.
Ən pisi odur ki, zor hədələri bəzi hallarda təkcə hədə olaraq qalmır, həyata keçirilir də. Bunu edənlər ona arxayındırlar ki, “başına oyun gətirilmiş adamlar” gedib bunu mətbuata danışmayacaq, məhkəmə-tibb ekspertizasına getməyəcək, işi məhkəməyə daşımayacaq, işgəncə ustalarının üzünə durmayacaq, “bir daş altda, bir daş üstdə” prinsipi ilə öz dərdlərini içində daşıyacaq, təhqir olunmuş şəxsiyyətləri ilə, heç nə olmamış kimi yaşamağa davam edəcəklər.
Zorakılar xalqımızın bu xasiyyətini gözəl bilirlər. Təcridxanalarda zorlananların zorakılara qarşı iddia qaldırdığına, bunu ictimailəşdirdiyinə dair presedent yoxdur. Yalnız indi-indi müvafiq hədəyə məruz qalanlar dilə gəlir. Ərinin və özünün bir-birinin gözü qarşısında zorlanacağı barədə rəsmi dövlət strukturunun əməkdaşından təhdid zəngi alan və bunu ictimailəşdirən Leyla Yunusdan qabaq jurnalist Pərviz Həşimli və NİDA-çı gənclərdən bir neçəsi uyğun ifadələrlə hədələndiklərini bildirmişdilər.
Bu, əslində, adi hədə deyil, psixoloji terror aktıdır. Adamı ölümlə hədələyərsən, qorxmaz, zorlamaqla təhdid edərsən, nəyə desən, qol çəkər, kimi deyərsən, üzünə durar, “filan şeyi yazma” deyərsən, yazmaz, “yazı yaz, filankəsləri vur” deyərsən, yazar, vurar. Bu, çox qorxunc hədələmədir.
Bu cümlələri yazarkən yadıma dörd il öncə bu günlər ABŞ-ın Cənubi Karolina ştatında 10 günlük səfərdə olarkən baş verən bir söhbət düşdü.
Ölkəmizi təmsil edən bir qrup jurnalist ştatın ən öndə gələn media qurumlarının təmsilçiləri və məşhur jurnalistləri ilə axşam ziyafətindəydik. Onlar ölkəmizə dair suallar verirdilər, cavablandırırdıq. Amerikalı jurnalistlər Azərbaycanın Xəzər sahilində, İranla Rusiyanın arasında yerləşdiyini, zəngin enerjidaşıyıcı resurslarına malik olduğunu, ölkədə avtoritar rejimin hökm sürdüyünü bilsələr də, bir sıra incəliklərdən xəbərsiz idilər. Biz suallara cavab verərkən çalışırdıq ki, şikayətçi, giley-güzarçı kimi görünməyək. Görünür, elə buna görə Cənubi Karolinanın ən məşhur araşdırmaçı jurnalisti “məxməri avtokratiya” şəraitində araşdırma aparmağın, hakimiyyət adamlarını sərt tənqid etməyin mümkün olduğunu bildirdi. O qeyd etdi ki, ölkənizdə müxalifət qəzetlərinin, müstəqil jurnalistlərin fəaliyyətinə imkan və icazə verirlərsə, senzura yoxdursa, sizi müxtəlif araşdırmalar aparmaqdan, korrupsioner məmurları açıq-açıqlığıya ifşa etməkdən saxlayan amil nədir. Biz dedik, xof mühiti, daxili senzura deyilən bir şey də var. Anlamadılar. Belə olanda qrupumuzda təmsil olunan jurnalistlərdən biri tərcüməçiyə tərəf dönərək indi deyəcəyi sözü olduğu kimi tərcümə etməyi xahiş etdi və dedi: “Bizdə ifşaedici araşdırma yazılarıyla ilə çıxış edən, kəskin yazan jurnalistləri sadəcə olaraq oğurlayıb zorlaya da bilərlər və baxmazlar ki, o qadındır, ya kişidir”.
Tərcüməçi sözünü bitirdikdə amerikalı jurnalistlərin gözü bərəldi, təəccübləndilər. Bir neçə dəqiqədən sonra onlar hər şeyi anladılar, başa düşdülər ki, bu tip rejimlərə malik olan ölkələrdə müstəqil jurnalist kimi fəaliyyət göstərmək çətindir.
Zorakılıq faktları barədə danışan jurnalistdən soruşduq, o sözünün sübutu olaraq üstüörtülü şəkildə bir neçə fakt sadaladı.
Bu kimi hədələrə məruz qalmayanlar hesab etməsinlər ki, burada nəsə bir şişirtmə-filan var. Belə məsələlərdə şişirtmə olmur, üzdəngetmə, yumşaltma, ört-basdır etmə olur.
 

Bizə qoşulun