Medianews.az
“Azərsu” sədrinə məktub
889 baxış

“Azərsu” sədrinə məktub

zamin yeni raz
Hörmətli Qorxmaz müəllim, salam, salamdan sonra əgər mənim vəziyyətimi bilmək istəyirsinizsə, heç kefim yoxdur, Allahdan arzu edirəm sizin də kefiniz olmasın. Bu vəziyyətin yaranmasında isə rəhbərlik elədiyiniz idarənin böyük, əhəmiyyətli, geopolitik səviyyədə rolu vardır.
Əlbəttə, bilirəm ki, bu saat başınız qohum-əqrəbanı idarəyə aid vəzifələrə yerləşdirməyə, boru tenderini yeznəyə, krant alverini qayına, canım sənə desin, su anbarından qurbağa tutmağı bacanağa tapşırmağa qarışıbdır, mənim kimi məzlum, yazıq, fağır, bədbəxt, yetim bir azərbaycanlını dinləmək imkanınız yoxdur.
Burada müəllifə qısa yer verək, bir az ağlasın:
“İlahi, mən niyə məsəl üçün, Avstriyada yox, burada doğuldum və indi Qorxmaz müəllim kimi tiplərin qiymətli vaxtını əlindən alıram! Nə üçün! Poçemu? Why? Warum? İnçi amar?”
Eyni zamanda sizin aeroport yolunda avtoşluq etmədiyiniz, nurçulara qoşulmadığınız, sakit şəkildə başınızı aşağı salıb milli korrupsiyamızla məşğul olmağınız da mənə məlumdur. Hətta “Azərsu”nun qabaqkı şeflərindən Oqtay Əsədova nisbətdə zati-alilərinizin suyun qabağını nisbətən az kəsdiyini, şəhər əhalisinə bir damcı suyun əvəzində həftədə yeddi uzunhörüklü qız udmaq tələbi qoymadığınızı da yaxşı bilirəm, dəstəkləyirəm və təqdir edirəm, xalqı ətrafınızın ən sulu yerində birləşməyə çağırıram, ümid edirəm yaxın gələcəkdə siz də deputatxana spikeri qoyularsınız. Ancaq düşdüyüm vəziyyət məni yalnız sizə müraciət etməyə məcbur edir. Başqa yolu yox artıq! Ya Qarabağ, ya ölüm!
Demək, Qorxmaz müəllim, sizin idarənin Binəqədi şöbəsi məni boğaza yığmışdır. Gündə ağızlarına gələn rəqəmi qəbzə yazıb gətirirlər, deyirlər borcunuz bu qədərdir. Yeri gəlmişkən, sizin idarənin camaatımızın demoqrafik artımında böyük rol oynadığını da təzə öyrənmişəm. Məsələn, sayğac olmayan hər bir mənzilə 4 nəfər sakin “yazırlar”, 4 nəfərin aylıq pulunu tələb edirlər. Bu rəqəmi sizin cibinizdən çıxardıblar, ayrı heç bir qanunda belə şey yoxdur. Adamlar var, buna görə ailələri dağılıbdır, çünki təzə evlənmiş kişi gəlir, görür idarəniz mənzilə 4 nəfər “propiska” etmişdir. Arvadı xirtdəkləyir ki, köpəyin qızı, 2 nəfər sənlə mən, bəs o biri 2 nəfər kimdir, hansı otaqda gizlənmişdir. Allahdan qorxun, Qorxmaz müəllim! Adınıza arxayın olmayın.
Verilən borc qəbzlərinin üzərində 012-555-13-65 telefon nömrəsi yazılıb. Zəng vurursan, deyir telefon söndürülüb. Qaynar xəttinizin 955 nömrəsi də çekdə var, ona zəng vuranda isə “Azərbaycan dili üçün 1, rus dili üçün 2 düyməsini basın” deyən bir canan cavab verir, adamı yandırıb yaxır, görüm sən də susuzluqdan yanasan, Qorxmaz müəllim! Özü də camaatı bu telefon seksi ilə dolamayın, istər 1, istər 2 seçsən də xeyri yoxdur, qaynar xətt işləmir! Hansı düyməni basırsan bas, qadın deyir: “Seçim etməmisiniz”. Elə bil Məzahir Pənahov-zaddır mənim üçün... Mənə inanmırsınızsa, Qorxmaz müəllim, bu iki nömrə ilə danışmağa cəhd edin, nəticəsini cavab məktubunda yazarsınız.
Ancaq problemin əsrarı tək bu deyil. Mistika ondadır ki, idarənizin bizim məhəlləyə baxan bölməsinin yerini - Binəqədi su idarəsinin Biləcəriyə cavabdeh taqımının hansı dislokasiya nöqtəsində olmasını kimsə bilmir! Sanki idarə əfsanəvi Eldorado torpağıdır. Sanki FHN mətbuat xidmətidir. Ya da polkovnik Elçin Xəlilovun tektonik batalyonudur.
Siz bununla neyləmək istəyirsiniz? Qəbzin üzərində idarənin tam adı “Binəqədi rayon Sukanal İdarəsi” yazılıbdır, bəlkə istəyirsiniz bezim, gedim özümü kanala atım? Ayıb deyilmi? Kosmosda peykimiz uçur!
Uzun sözün qısası, Qorxmaz müəllim, sizin idarənin pak olmayan simasını bir daha görmək istəmədiyim üçün sizdən qəti tələbim odur ki, çürüdüyüm (qabaqlar yaşayırdıq) mənzilimə smart tipli su sayğacı quraşdırılmasını təmin edəsiniz. Smart olmasa cəhənnəm, adisi olsun. Sizin quldur idarənizə işlətmədiyim suların pulunu ödəmək fikrim yoxdur.
Sonda bir daha xoş arzularımı bildirir, diləyirəm ki, sizin kimilərini yumağa da su tapılmasın.
 

Bizə qoşulun