Öncə günün aktual məsələsinə - erməni prezidenti Sarkisyanın kabinetinin silahlı qüvvələrimiz tərəfindən izlənilməsinə bir daha münasibət bildirək, çünki bu, köhnələn mövzu deyildir. Bu məxfi əməliyyat haqda deputatxana spikerinin birinci müavini Ziyafət Əsgərov təzəlikcə mətbuata məlumat vermişdir. Yeri gəlmişkən, Sərkisyan izlədiyimiz erməni cinayətkarlar siyahısında ilk adam deyil. Hələ keçən ilin oktyabr ayında bizimxeber.az internet saytında Ermənistan məxfi xidmət idarəsinin rəisi Arşak Karapetyan haqda aşağıdakı xəbər yazılmışdı:
“O ki qaldı peşəkarlığa, ”kəşfiyyat dahisi"-Karapetyan bilməlidir ki, Azərbaycan nəinki işğal olunmuş Qarabağ ərazilərində, hətta Ermənistan Respublikasında xidmət aparan bütün generalitet və digər komandanlıqlar barədə anbaan məlumatlara malikdir. Bilavasitə Karapetyana gəldikdə isə, onun nəinki Ermənistan MN-dəki gündəlik fəaliyyəti, bağda, evdə, yataq otağında sevişməsi, hətta soyuducusunda olan ərzaqlar belə Azərbaycan hərbi kəşfiyyatının nəzarəti altında saxlanılır. Yeri gəlmişkən, soyuducudakı kolbasadan bir qədər dadıb dequstasiya da edilib. Ağzınızın dadını bilirsiz, cənab Arşak Henzrikoviç". Sitatın sonu.
Göründüyü kimi, bizim cəsur casuslarımız hətta erməni çekistlərin soyuducusuna qədər girə bilirlər. O vaxt bu məlumat yayılandan sonra Karapetyan soyuducuya qıfıl qoydurub. İndi bizim xeyrimiz nədir? Həmçinin gərək Ziyafət müəllim bu hərbi sirri faş etməzdi. Silahlı Qüvvələrimizin verdiyi gizli bilgiyə görə hazırda ermənilər Sərkisyanın kabinetini ciddi nəzarətə götürmüş, ətrafında bir neçə qatdan ibarət müdafiə qalxanı qurmuşdur. Məncə, bu cür sirri açdığı üçün Əsgərova cəza verilməlidir, çünki ola bilsin İrəvanda Sərkisyanın aparatında çalışan milli “Ştirlits”imiz ifşa edilsin, əsası hələ 60-cı illərdən qoyulan kəşfiyyat əməliyyatı pozulsun. Sən demə o vaxt KQB-yə rəhbərlik edən görkəmli liderimiz yaxşı oğlanlardan birini - əsl adını yaza bilmərik, kod adı “Quska”dır - göndərib Ermənistan KP MK-ya, adam orda sistemin içinə girib, oturub, məqamı gözləmişdir.
Bəli, biz o vaxtdan bilirdik ki, bu quruluş dağılacaqdır. Əbülfəz Elçibəyin belə adda kitabı da vardır: “Bilirdim ki, bu quruluş dağılacaq”. Kitab çıxandan sonra həqiqətən hakimiyyəti itirdilər. Sözüm bunda deyil. Sözümün canı odur ki, əgər jurnalist Rauf Mirqədirov ermənilərə hərbi və dövlət sirrlərimizi satmaqda ittiham edilirsə, nə üçün Ziyafət Əsgərova gözün üstdə qaşın var deyən yoxdur? Bizdə qanun qarşısında hamı bərabərdir. İstər əli çubuqlu dayanacaq işçisi olsun, istər “Maserati” sürən nazir balası. Ümid edirəm Ziyafət müəllim cəzalanacaqdır, başqaları da bundan ibrət götürəcəkdir.
O boyda əziyyəti batırmaq cəzasız qala bilməz. Binəqədinin icra başçısı Xaləddin müəllim demişkən: “Cəmiyyət iki halda pozulur, bir cinayət olub cəza verilməyəndə, bir də Rəsulzadə qəsəbəsinin içində tıxac yarananda”.
Yazının sonunda bir aktual təhsil probleminə münasibət bildirək, düzdür, heç yeri deyil, vətən əldən gedir, ancaq neyləyək, bu da lazımdır.
Təzə təhsil nazirimiz Mikayıl Cabbarovun təzə ya köhnə olduğunu bilmədiyim müavini Ceyhun Bayramov deyir yaxın gələcəkdə orta məktəbləri ali məktəblərə birləşdirəcəyik. Doğrusu, bunun mahiyyətini başa düşməyimiz çətindir, hər universitetin içində orta məktəb, hər orta məktəbdə Dağıstan Hüquq Akademiyasının Quba filialının Müstəqil Azərbaycan Texnikum və Tibb Universiteti tipində bir şey qayıracaqlarsa, bu yenilik deyil, biz bunu yaşamışıq, hətta Teylor Fətişoğlu Beyləqanda “yurfak” açmışdı. Gözləyək, görək nə olacaq. Ancaq mən mövzu üzrə təklif vermək istərdim.
Yaxşı olar hər bir universitet yaxınlıqdakı bazar və yarmarka ilə birləşdirilsin. Belə daha məzmunlu olar. Həm də uşaqlar onsuz ali təhsildən sonra hamısı bazarda tuman satmağa gedir.
