Medianews.az
94 il əvvəl və indi
520 baxış

94 il əvvəl və indi

xalid kazimli kose 1
Uzun illər “şimal təhlükəsi”, “rus işğalı” mövzusu adətən aprelin 27-28-də yada düşürdü. Bu ilin əvvəlinə qədər beləydi. Bu il isə “28 aprel” söhbətləri az qala fevraldan başlayıb, davam edir, güman ki, mayın, iyunun, avqustun 28-də də müzakirə mövzusu olaraq qalacaq.
Müstəqil Azərbaycan Cümhuriyyətinin 1920-ci ilin aprelində süqut etməsinin səbəblərindən danışarkən tədqiqatçılar bir çox faktorların məcmusunu önə sürürdülər və sürürlər. Bunlar əsasən aşağıdakılardır: cəmi iki il ömrü olan cümhuriyyətin dirçələ bilməməsi, öz qərb qonşusu ilə müharibə vəziyyətində olması, tarixən “xalqlar həbsxanası” olan ağ Rusiya imperiyasının yerində qırmızı-sovet Rusiyanın baş qaldırması və onun əski müstəmləkələrindən əl çəkmək istəməməsi, beynəlxalq birliyin susqunluğu, Azərbaycanda, xüsusilə də Bakıda ruspərəst satqınların çoxluğu və fəallığı...
Hesab olunurdu ki, gənc Azərbaycan respublikası məhz bu üzdən süqut edib, zəifliyi üzündən güclü aqressora müqavimət göstərə bilməyib, dünya birliyi susub. Ölkəni isə məhz milli satqınlar zəif salıb, toparlanmağa qoymayıblar.
Budur, o qanlı, faciəvi hadisələrin üstündən 94 il vaxt keçib. Baxaq, görək, 94 il əvvəl gənc Azərbaycan dövlətini süqut etdirən amillərdən hansı biri artıq mövcud deyil.
İndi müstəqil Azərbaycan dövlətinin yaşı 23 ay deyil, 23 ildir, amma ölkəmiz hərbi baxımdan qüdrətli qonşularına (Rusiya, İran) müqavimət göstərmək gücündədirmi? Xeyr. Azərbaycan iqtisadi baxımdan fərqli durumda olsa da bunu tam dirçəliş saymaq olmaz.
Aqressiya nümayiş etdirən, torpaq davası edən qonşu faktoru olduğu kimi qalır, hələ bir az da artıq şiddətlidir. Ermənilər öz tarixi arzularını de-fakto həyata keçiriblər və dincəlmək niyyətində də deyillər. Onlardan olsa, Xəzərdən Qara dənizə qədər “Böyük Ermənistan” dövləti qurmaq istəyərlər.
Üçüncü əsas faktora - Rusiyanın dirçəlməsinə baxaq. 21-ci əsr başlar-başlamaz dünya miqyasında baş verən iqtisadi böhran, yanacağın qiymətinin 5 dəfə artması ilk növbədə zəngin karbohidrogen ehtiyatlara malik olan Rusiyanın işinə yaradı və çökməkdə olan, öz daxili problemlərinin əlində əsir-yesir qalan rus dövləti özünə gəldi. Öz daxilindəki separatizm ocaqlarını dünyaya meydan oxuyaraq qanla, silahla, repressiya ilə boğan Kreml artıq nəzərlərini ölkə xaricinə tuşlayıb.
Bu amilin nə dərəcədə təhlükəli olduğunu hələ də bir çoxları “21-ci əsrdə sərhədlərin zorla dəyişdirilməsi, ərazi anneksiyası, BMT üzvü olan dövlətin süqut etdirilməsi mümkün deyil” deyə ciddiyə almırlar.
Ancaq faktlar göz önündədir: Cənubi Osetiya, Abxaziya Gürcüsüstandan, Krım Ukraynada anneksiya edilib, Ukraynanın cənubunda separatizm tonqalı qalanıb və bunların hamısını yenə də dünyaya meydan oxuyan Rusiya edib. Vaxtında hansısa yolla durdurulmasa sınıq-salxaq rus maşını hələ çox uzaqlara gedəcək. Dünya birliyi isə dözür, gendən-genə hədə biçir.
Gələk milli satqınlar məsələsinə. Heç kəsə sirr deyil ki, bu ölkədə özü yerli xalqın, Azərbaycan türklərinin bir fərdi olsa da, öz milli dövlətinin - Azərbaycan Respublikasının süqutunu istəyən yüz minlərlə adam var. Onların ən fəalları kimliklərini də gizlətmirlər, niyyətlərini də. Hətta bu manqurt qafalı şəxslər mediada, sosial şəbəkələrdə açıq təbliğat aparmaqdan da çəkinmirlər. Bunlardan daha pis olan zümrə isə hazırda hakimiyyətdə təmsil olunan, ölkənin maddi sərvətlərinin gülünü dərən, vəzifə səlahiyyətlərindən öz şəxsi rifahı üçün gen-bol barınan, amma bir gözü Moskvada olanlardır. Onlar üçün zamanı gələndə qılıq, şüar, ritorika dəyişdirmək texniki məsələdir.
Belə olduğu halda təəssüflə demək olar ki, gənc dövlətimizi 1920-ci ilin 28 aprelindən çox az zaman ayırır. Aradan keçən bu 94 ildə müstəqil dövlətçiliyimizi süqut etdirən səbəblərin heç biri aradan qalxmayıb.
Azərbaycanın hazırkı rejimi öz dövranını uzatmaq, hüdudsuz səlahiyyətlərə malik olaraq rahat hökmranlıq etmək üçün bir sıra zəruri addımları atmayıb. Nəticədə bu ölkədə demokratik rejim, haqq-ədalət, ümumi firavanlıq bərqərar olmayıb. Ona görə də yadellilərə yaltaqlanan xainlərlə yanaşı, güzəranından narazı insanlar da milli dövlətin simasından xoşnud deyillər.
 

Bizə qoşulun