Medianews.az
Sərkisyanın kabineti
585 baxış

Sərkisyanın kabineti

zamin yeni raz
Azərbaycanımız üzərində təhlükələr, qara buludlar sıxlaşmaqdadır. Dənizdən bizi qoruyan admiral Şahin Sultanovu, xalqı psixoloji zərbələrdən və göydən gələn müxtəlif bəlalardan hifz edən İlham Mirzəyevi dama salandan sonra məşhur zəlzələşünas alim, uca millətimizi yerin dibindəki öküzün dombalaq aşmasından qoruyan Elçin Xəlilovu tutdular. Əlin qurusun, ey prokurorluq işçisi!
Mən Xəlilovun tutulacağını çoxdan bilirdim, hələ yanvar ayında yazmışdım ki, ermənipərəst qüvvələr torpağın ayağımız altından qaçmasında maraqlıdır. Budur, gəldi yerinə yetdi. Nostradamus kimi adamıq. Bu mövzuda 1988-ci ildə yazdığım “Qaçaqaç” şeirindən bir bəndi hörmətli oxuculara çatdırmaq istəyərdim:
Nəvaziş görməyib insan əlindən
Küləyə qoşulub yarpaq da qaçdı.
O qədər qaçdıq ki, bir-birimizdən
Ayağımız altdan torpaq da qaçdı. 
Mən bunu Ermənistanda zəlzələ münasibətiylə yazmışdım, özü də orta məktəbdə oxuyan 15 yaşlı uşaq baxımından yetərincə yaxşı şeir idi, lakin “Gənclik” jurnalı bu şeiri dərc etmədi, indi buradan onlara dərin etirazımı bildirirəm. Bəlkə şeir dərc edilsəydi sonrakı illərdə qaçaqaç böyüməz, qaçqınlarımız olmazdı.
Elçin müəllimi vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini basıb yeməkdə suçlayırlar. Sən demə köhnə ordu naziri Səfər Suvorov (eyni nəsildəndir - fikir verin, “Səfər-Süvar-Suvor-Survivor-Azərsu və sairə - bunlar hamısı qədim hun qəbiləsinin davamçılarıdır) Elçin müəllimi Bakı yaxınlığındakı tam məxfi hərbi hissəyə komandir qoyubmuş. Hissə o qədər məxfi olub, hazırda yerini tapa da bilmirlər. Bəzi ehtimallara görə Nobel prospektinin altında, Yerin tektonik yarığında yerləşir, o üzdən yol tez-tez batırmış. Oradan Putinin iqamətgahına və Balıq Hafizin qarnına gizli yollar da var imiş. Bu haqda görkəmli alimimiz Həmid Herisçinin ”KonsPİRologiya - Pir göyərçinlərinin zılı və 69 rəqəminin sehri" əsərində çoxlu bəhs edilmişdir, biz yazıb yer doldurmayaq.
Bizim deputatxanada çoxlu, yumşaq yazsam, qeyri-adekvat şəxsiyyətlər toplaşıbdır, onlardan biri də spikerin 1-ci müavini Ziyafət Əsgərovdur. Bunun adı və soyadı “əsgərlərə ziyafət veririk” təəssüratı yaratdığı üçün deputatxanada təhlükəsizlik və müdafiə komitəsinə müdirliyi də ona tapşırıblar. Ona görə Ziyafət müəllimin hərbi mövzuda açıqlamaları hər zaman ermənilərin, MDB-nin, NATO-nun, ASEAN ölkələrinin, Enakin Skayuokerin və Betmenin diqqətini cəlb edir.
Ziyafət müəllim keçən həftə dünyanı şoka salan bəyanat verdi: “Ermənistan prezidenti Serj Sərkisyanın oturduğu kabinet Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir. Sərkisyan bunu bilməlidir və nəzərə almalıdır”. Dəhşətdir.
Başına daş düşsün, Azərbaycan, gör səni 20 ildir hansı lotular barmağına sarıyıbdır... Sözüm bunda deyil, təbii. Mənim Azərbaycanla nə işim?
İndi Sərkisyanın kabinetinin izlənməsi üçün bizim 2 istiqamətdən imkanımız vardır. Birincisi kosmosdan, peykimiz vasitəsiylə. İkincisini isə Elçin Xəlilov açmışdı və Şamaxı tərəfdə tektonik yarığa girib İrəvandan, Sərkisyanın kabinetinin altından çıxırdı. Elçin müəllimin metodunun üstünlüyü onda idi ki, hava buludlu olanda, peykimiz Sərkisyanı görə bilməyəndə də Silahlı Qüvvələrimizin izləmə imkanları itmirdi. İndi siz bu cür qiymətli alimi niyə tutursunuz, əliniz qırılsın!?
Əlbəttə, məxfi hərbi hissənin alim-polkovniki tutulsa da yarıq yerində durur, Sərkisyan rahat olmasın. Mən bir istiqaməti heç yazmıram, qoy hərbi sirr qalsın. Bizim Müdafiə Sənayesi Nazirliyi gizli hərbi zavodda casus-milçəklər istehsal edir, onlar uçub Sərkisyanın yeməyinə zəhər qatırlar. Tədricən məhv planıdır. Deyəsən yazdım axı...
Bu hərbi sirri açdığım üçün məni tutmaq istəyən prokurorluq işçilərinə söyüş qoymuşam.

Bizə qoşulun