Aclıq aksiyası son bir əsrdə dünyanın mübariz insanlarının əl atdığı sonuncu silahına çevrilib. Mübarizə üçün meydan daralanda insan özünə qəsd etməyə qərar verib bu illərdə. Ancaq son zamanlar bu üsula əl atanların sayı xeyli məhduddur. Bəlkə də millətlərin fəlakətlərinə bəşəri biganəliyin nəticəsidir ki, mübarizənin bu növünü faydasız sayanlar çoxalıb.
Son xəbərlər isə o qənaəti yaradır ki, deyəsən hazırda aclıqla siyasi mübarizəsini davam etdirən yalnız bizik. Özü də taleyin gərdişinə baxın ki, həm Bakıda, həm də Təbrizdəki fəallar aclığa əl ataraq haqsızlığa etiraz edir.
Artıq 12 gündür Təbriz zindanında aclıq aksiyası keçirən tanınmış milli-mədəni fəal Yürüş Mehrəlibəylinin səhhətinin ağırlaşdığı xəbəri yayılıb. Yürüş bəy tək deyil, bir çox siyasi məhbuslar özlərinin və ailə ailələrinin təzyiq-təhdidlərə məruz qalmasına bu yolla etiraz edir. Digər hərəkatçı Həmid Mənafi Nadarlı Tehranın Evin zindanında işgəncəyə məruz qoyulub. Onlar “Mən türkəm!”, “Ana dilində təhsil almaq haqqımı ver!” tələbi ilə meydanlara çıxdığı üçün zindandadır və mübarizənin son silahına əl atıb.
Elə vəziyyət yaranıb ki, Azərbaycanın bu tayındakı ictimai-siyasi təşkilatlar, QHT-lər də başqa ölkələrdə yaşayan azərbaycanlıların taleyinə diqqət kəsilə bilmir. Başları buradakılara, yaxud da özlərinə qarışıb deyə.
Təbrizdəki fəalların aclıq etdiyi bu günlərdə Bakıda da aclıq davam edir. Hər iki Azərbaycanda siyasi fəallar aksiyanı bir-birindən demək olar ki, eyni vaxtda başlayıb. NİDA-çı gənclər ağır ittihamlara məruz qoyulmaqla üst-üstə 64 illik həbs cəzası istənilib. Hansı ki, həbs olunan gənclər hərəsi düşmən sipəridir, Azərbaycana qəlbən bağlı olan ictimai-siyasi fəallardır, onları daş-divar arasında çürütmək olmazdı!
Cənubda analar da aclıq edir. Siyasi məhbuslar Səid Mətinpurun, Yürüş Mehrəlibəylinin yaxınları çoxsaylı çağırışlardan sonra aclığı dayandırdı.
Kürdəxanıdakı məhbus NİDA-çılar da çağırış etdikdən sonra Müsavat qərargahında aclıq edən analar aksiyaya son verdi. Güneydəki analar da eyni dərddə, quzeydəkilər də. Bu gün Bakının da öz NİDA-sı var, Təbrizin də. Güneydə də Quzeydə də NİDA-çıların müzakirəsi gedir, onlar mübarizə aparır, həyat mücadiləsi verir. Nə olsun ki, təbrizdəkilərin hərəkatı NİDA adlanmır, onların bütün mübarizə xətti, çağırış və harayları nidalardan ibarət deyilmi?
İranda mülki vəsiqə ilə azadlığa buraxılma nümunəsi olsa da, bu yolla azərbaycanlı hərəkatçıları əməlli-başlı müflisləşdirirlər. Rejim hər məhbusdan azı 50-60 min dollar pul qoparıb ona ev dustaqlığı verir. Əkbər Azad, Əlirza Fərşi, Mahmud Ocaqlu və Behnam Şeyxi isə hələ Evin zindanındadır. Arazın bu tayındakı zindanlarda da Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqlı kimi fədakarlar cəza çəkməkdədir...
Təəssüf ki, bu gün biz Azərbaycanın taleyüklü məsələlərinə diqqət ayırmalı olduğumuz halda siyasi motivli məhbusların azadlıq yollarını aramaqla məşğuluq. İran rejimi azərbaycanlı fəalların ana dilində təhsil tələbinə bu şəkildə cavab verir. Azərbaycan hakimiyyəti, öz hakimiyyətimiz isə müharibə veteranı Tofiq Yaqublunu 15 dəqiqəlik İsmayıllı torpağına ayaq basdığına görə ağır cəzaya məruz qoyursa. NİDA-çı gənclər əsgər ölümünə son qoyulmasını tələb edirdi, onları həbs etmək yox, dəyərləndirmək lazım idi.
Ermənilər bütün cəbhə boyu Azərbaycan və Türkiyəyə qarşı hücuma keçib. Təkcə təmas xəttində deyil... Beynəlxalq təşkilatlarda, dünya ölkələrindəki lobbilərinin yardmı ilə anti-türk təbliğatı gedir 2015 ərəfəsində. Erməni Azərbaycanı məhbuslarına görə də ittiham edir. O məhbusları ki, onlar Qarabağ uğrunda savaşda potensial əsgərlərdir...
Nyu-Yorkda, BMT baş qərargahı qarşısında azərbaycanlıların aksiyası keçirilib. Ona görə yox ki, Ermənistanla bağlı qətnamələr icra olunmur. Bu, NİDA-çi gənclərə dəstək aksiyası olub. Gənclər azad olunsa, təbii ki, belə aksiyalara da ehtiyac qalmaz, dünyanın hər yerində belə tədbirlərdə anti-erməni şüarları eşidilər, Qarabağın azadlığı tələb olunar, daha siyasi məhbuslar məsələsindən danışılmaz. Gənclərin həbsdə olması həm də beynəlxalq təşkilatlara, ermənipərəst qüvvələrə Azərbaycana təzyiq üçün bəhanə verir. İran rejiminin mövqeyi bəllidir, ordakı NİDA-çılar repressiya maşını ilə üz-üzədir. Heç olmasa öz dövlətimizdəki NİDA-çılara azadlıq verək!