Videoya baxan kimi, adamın yerişindən, fizionomiyasından, ədalarından dərhal bilirsən: idmançıdır. Jurnalistə tətbiq etdiyi fəndi görüncə, əmin olursan: böyük ehtimalla o, güləşçi olub. Cüdoçu da ola bilər. Arada qaydasız döyüş sənətinə də meyllənib, üç-beş fənd bildiyi var.
Qarın nahiyəsinin yoğunlayaraq çiyinlərindən ötə olmasından bilinir ki, adam idman karyerasını başa vurub, daha tatamiyə çıxmır, sürətlə çəki yığmaqdadır, bu gün-sabah yolda-rizdə gənclərin “dayı”, “ağsaqqal” dediyi ağır bir adama çevriləcək.
Onun heç nədən şübhələnməyən, əlini cibinə qoyaraq bu adama necə kömək edə biləcəyini düşünən jurnalistə - Fərahimə qəfildən hücum etməsi ondan xəbər verir ki, o, yarımçıq idmançıdır.
Əsl idmançıların andı olur və yalnız özlərini müdafiə etmək zərurəti yarananda bildikləri fəndlərdən yararlanırlar və heç vaxt ilk olaraq heç kimə hücum etmirlər.
Demək, adam kəmfürsət və namərddir. Açıq-aşkar fiziki üstünlüyə malik olsa da, rəqibini xəbərdarlıqsız yaxalayır, şokedici fənd tətbiq edərək, onun özünü müdafiə etməsinə, heç olmasa, həyati vacib orqanlarını qorumasına macal vermir.
Belələri qıraqda-bucaqda, dost-tanış yanında, mərəkədə həmişə “kişilik”dən, “yaxşı oğlan” olmaqdan dəm vururlar, amma işlərinə yarayanda dərhal namərdliyə əl atırlar.
Bu adam həm də qəddardır, şəxsən ona qarşı heç bir hərəkət etməmiş, söz deməmiş jurnalistin başına, üz nahiyəsinə dalbadal, sürəkli təpik zərbələri endirir. Onun arada Fərahimin üzünü, qarnını təpikləməkdən əl çəkib kürəyindən vurması humanistliyinin, mərhəmətinin göstəricisi deyil, yalnız aldığı sifarişin detallarının tələbidir.
Ona deyiblər ki, çox da xəsarət yetirmə, sadəcə, cəzalandır, dərs ver, vurub şikəst eləmə. O da jurnalistin başına vurduğu zərbələrin qədərindən artıq olduğunu fərq edərək zərbə tezliyini və ünvanını dəyişir.
Bu, o tip adamlardandır ki, “döyə-döyə öldür” əmri alsaydı, onu icra edə bilərdi. Buna imkanı da vardı. İlk və sonrakı zərbələrin şokundan özünə gələ bilməyən jurnalist artıq köməksiz vəziyyətdə idi, müqavimət əmsalı sıfıra bərabərdi.
Xoşbəxtlikdən, Fərahimin fiziki olaraq cəzalandırılmasını sifariş edən şəxs “öldür” əmri verməyibmiş.
Ancaq bu, sifarişçinin mərhəmətidir, icraçının - yarımçıq idmançının günahını azaltmır. O, potensial killerdir. Adam aprelin 25-də törətdiyi cinayətin daha artığını silahla da edə bilər. Yəni o qafadadır.
Adamın özünü başqa cür realizə etmək, başqa yolla pul qazanmaq variantı yoxdur. O, illərlə idman zalında can qoyub, tər töküb, yalnız bunu, döyüşməyi, adam döyməyi öyrənib, əlindən başqa iş gəlmir.
Əminliklə demək olar ki, bu şəxs öz idmançı karyerasında bürüncdən artıq medal qazanmayıb, gördüyü də şəhər və ya respublika birinciliklərində olub. Çünki tatamidə öz çəkində olan başqa bir idmançıyla mübarizə aparmaq çətindir.
Bir də var, aktiv şəkildə idmanla məşğul olmayan, fərqli çəkiyə malik olan bir gəncə gözlənilmədən hücum edəsən. Burada artıq sən üstünsən, medal olmasa da beş-on manat qazanmaq olar.
Məlum videoda cinayətin ikinci və üçüncü iştirakçıları da var. Onlar müşahidəçi mövqeyindədirlər və onlar da idmançıdır. Jurnalistin üstünə birinin gəlməsi, digər ikisinin isə bir az aralıda gözləməsi hər ehtimala qarşıdır. Fərahim onlara ciddi müqavimət göstərsə, onlar da onun “zərərsizləşdirilməsi” prosesində can-başla iştirak edəcəkdilər.
Bu, təkcə bir jurnalistin sağlamlığına qəsd, peşə fəaliyyətinə təzyiq deyil. Bu həm də mətbu sözə aqressiv münasibət, dözülməzlik aktıdır.
Məsələyə bir də yarımçıq, uğursuz idmançıların prizmasından baxaq.
Nə yazıq ki, böyük ümidlərlə idmana gələn, olimpiya, dünya, Avropa çempionu olmaq, ölkəyə qızıl medal gətirmək, bayraq qaldırıb, himn çaldırmaq istəyən idmançıların bir çoxu axırda gəlib “şilləvuran”, cangüdən, qulbeçə olurlar, ya da polisdə, ədliyyədə, digər fiziki güc tələb edən strukturlarda işə düzəlirlər.
Əgər Fərahimi vuran oğlan yaxalanıb tutulacaqsa, biz onun məhkəmədə köməksiz durumda qalmasını görəcəyik. O zaman sifarişçilər ona kömək etməyəcəklər.
Yox, adam tapılmasa, demək, onu hakimiyyət özü gizlədib.
Bu da Elmarın qatilləri - Teymuraz Əliyev və Tahir Xubanov deyil ki...
