Siyasi gündəmin son ajiotajını - yüksək mənsəbli məmurların övladlarının dəbdəbəli və harın həyat tərzinə dair açıqlanan məlumatları oliqarxlar arasında gedən mübarizənin nəticəsi hesab edənlər çoxdur.
Böyük ehtimalla belədir ki, var. Bu cür söhbətlər durduq yerdə çıxmaz. Onlar bir-birlərinin paxırını açmasa, qısıq imkanları olan mətbuat bu materialları əldə edə, yaya bilməz.
Əlbəttə, burada medianın xüsusi rolu var. Söhbət təkcə bu və ya digər oliqarxın maliyyələşdirdiyi media strukturundan getmir, sırf neytral və müstəqil mətbuat qurumları da hər zaman bu kimi konfliktlərdə maraqlıdır.
Obrazlı desək, timsahla piton ilanının savaşında nə timsahın, nə də pitonun tərəfində olmursan, sadəcə, döyüşə tamaşa edirsən.
Bu kimi çəkişmələr, itələşmələr yeni deyil, dünya binnət olandan belədir. Xanədanlıqlarda, səltənətlərdə, krallıqlarda bu uğura yüz minlərlə baş gedib, xanimanlar, tifaqlar dağılıb.
Elə son 15 ilin hadisələrini xatırlasaq, görərik ki, nə qədər pərdələməyə, ört-basdır etməyə çalışsalar da, Əliyevlərin nazirləri həmişə bir-biri ilə intriqada, çəkişmədə olublar və axırda mütləq kiminsə başı yeyilib.
Oliqarxlar arasındakı intriqanın motivi klassikdir: daha yüksək mənsəb, daha böyük sərvət, hüdudsuz səlahiyyət.
Bu, 20-ci əsr inqilabçılarının intriqalarından çox-çox fərqlidir. Onlar ideya davası aparırdılar. Bir tərəf “xalqı rifaha qovuşdurmaq üçün” milyonları güllələməyi vacib sayırdısa, o biri tərəf yüz minlərlə insanı qurban verməyin kifayət olduğunu düşünürdü.
İndikilər isə yüz minləri, milyonları toplamağı və bu sərvəti daha da artırmağı vacib sayırlar. Xalqın hansı yolla rifaha qovuşdurulacağı onların vecinə də deyil, əsas öz ailələri və tayfalarının rifahıdır.
Bu istiqamətdə onlar xeyli irəliləyiş əldə edib, böyük iqtisadi imperiya yaradıblar. Bu iqtisadi imperiyalar o qədər şişib ki, sərhədləri bir-birinə dirənib, daha da böyüməsi üçün sərhəd pozuntusuna ehtiyac var.
Bu, iki qoçun başının bir qazanda qaynaya bilmədiyini göstərən situasiyadır.
İndilikdə o “qoç”lardan biri öz harın qohum-əqrəbasının və qoruq-qaytaq, qayda-qanun bilməyən işçilərinin hərəkətləri üzündən qapaz altına gəlib.
İlk dəfə “Nəqliyyat Nazirliyinin qoçuları daha bir sürücünü döydülər” başlıqlı xəbər ən azı beş il öncə mediada işıq üzü görübsə və indiyədək yüz dəfəyə yaxın təkrarlanıbsa, içində “harın məmur övladlarının qudurğanlığı” ifadəsi keçən materiallar təxminən 1 ildir ki, qəzet və saytlarda yer alır.
Son aylarda bu cür xəbərlər daha da artıb. Ona görə ki, bu sayaq xəbərlərin bazası da var, bazarı da. Belə başlıqlar tale həll edə bilir artıq, ona görə populyardır. Həm də əsaslıdır, təkzib eləməyin yeri yoxdur, hər şey sənədli-sübutlu ortadadır.
Əgər dövlət başçısı ötən il İsmayıllıda baş verən hadisələrdən sonra keçirdiyi toplantıda “harın məmur balaları”na yönəlik sözlər söyləməsəydi, bu gün maşınlarını bərk sürmələrinə görə heç kim onlara heç bir söz deməzdi.
Çəkişən oliqarxlar anlayırlar ki, artıq öz rəqiblərini “vurdurmaq” üçün “harınlıq” maddəsi əla işə yarayır. Nazir, İH başçısı, rəis, prokuror səviyyəsində ilk qurbanlar da var artıq.
Davamı da olacaq. Ox kamandan çıxıb. Gerçəkdən də bir avtomobilə 200 mindən 500 min avroya qədər pul sayan və ərşə-gürşə sığmayan adamlar öz hərəkətləri ilə həm insanların həyatına təhlükə yaradırlar, həm də dövlətə inamı sarsıdır, xalq arasında onsuz da dayağı olmayan hakimiyyətin təməlini boşaldırlar.
Qubada və İsmayıllıda baş verən ekstremal olaylar göstərdi ki, bir gün məhz varlı oğruların qudurğanlığına görə ölkədə sosial partlayış baş verə bilər.
Bununla belə, bu, ictimaiyyəti o qədər də narahat edəcək bir savaş deyil. Sonucda qütbləşənlər, iki tirəyə ayrılıb üz-üzə duranlar bir neçə tayfadır. Buraxın, dalaşsınlar, bir-birini ifşa etsinlər, bir-birini sıradan çıxarsınlar.
Zatən, o cür köklənmiş, şaxələnmiş qoca kötüklərin öhdəsindən yalnız özləri - bir-biri gələ bilər.
Bir də heç kəs bizi tərəf tutmaqda ittiham eləməsin. Biz davadan yanayıq.
