Psixologiyada “dejavyu” adlanan bir vəziyyət var, adama elə gəlir ki, indi düşdüyü bu vəziyyətə haçansa qabaqlar bir dəfə də düşübdür. Elm bunun səbəbini tam olaraq izah edə bilmir, çünki süni şəkildə dejavyu yaratmaq, bunu araşdırmaq mümkün deyil. Ona görə bu duruma düşənlər müxtəlif mistik nəticələr çıxardırlar, deyirlər dünyaya bir dəfə də gəlmişik, yaddaşımızda əvvəlki həyatımızdan parçacıqlar hopub qalıb. Xoş mistikadır, yaxşı təskinlikdir, hətta poetikdir.
Bir maraqlı fakt da var ki, dejavyu durumuna epilepsiya xəstəliyinə - el dilində sudurğa - tutulanlar daha çox düşürmüş.
Məqsədim fəlsəfə açmaq deyil, sadəcə, Azərbaycanda yaşamaq dejavyunu hər gün, yalan olmasın, hər saat hiss eləmək deməkdir. Bu təkcə eyni sifət və peysərləri illərdir hakimiyyət, müxalifət, ziyalılar, telekanalizasiya və sairə pəncərələrdən görməklə bağlı deyil. Bizdə dejavyu bir növ normaya çevrilib, nəsə təkrarlanmayanda pis oluruq, yenilik olanda çaşırıq.
Bir dəfə metroda gedirdim, tanış gənci gördüm. Dedi təzə bir şirkət çıxıb, adı “Quesnet”dir, orda işləyir, yaxşı pul qazanacaqlar və sairə. İşin detallarını azacıq soruşanda anladım ki, söhbət klassik maliyyə piramidası fırıldağından gedir, mən bunu hələ orta məktəbin son siniflərində olanda yanılmıramsa Perelmanın “Əyləncəli riyaziyyat” adlı kitabından oxumuşdum. Qısa mahiyyəti belədir ki, hər kəs öncədən müəyyən edilmiş sayda, məsələn 4 adam tapıb ondan mənasız, dəyərsiz bir şeyə görə pul alır, o dörd adamın da hərəsi dörd adam tapır, faizlər piramidanın zirvəsindəki fırıldaqçını varlandırır, axırda bu “dördlüklər” böyüyür və növbəti dördlüyə yığmağa sadəcə adam qalmır. Bu zaman piramida çökür, kütləvi narazılıq başlayır.
Sonralar SSRİ dağılan ərəfədə bütün ittifaqın fırıldaqçıları bu piramida metodundan yararlanıb xeyli insanı yumşaq desək, “qazladılar”. Rusiyada “MMM”, bizdə “Vahidbank”, “Aleks” kimi piramidalar vardı.
Gəncə dedim ki, bu işin axırı yoxdur, inanmadı. Hətta məni şirkətin “payçısı” etmək istəyirdi! Yaxşı gülmüşdüm. Təzəlikcə qəzetimizdə həmin “Quesnet”dən şikayətçiləri görəndə gənci də xatırladım. Düzü, bilmirəm indi hardadır, fırıldaq davam edirmi. Sözümü ona gətirirəm ki, son 20 ildə adamlar neçə dəfə belə maliyyə piramidalarının toruna düşüblər (bir muncuq düzmə oyunu da var idi, detalları yadımda deyil, yanılmıramsa o da piramida idi), ancaq yenə aldanırlar. Özü də “Quesnet”ə aldanıb pulunu itirənlərin redaksiyada çəkilən fotolarına baxdım, yetərincə yaşlı insanlar idilər, üzdən də savadlı, ziyalı adamlara oxşayırdılar, bəs bunları sadəlövhcəsinə aldadan nədir? Çarəsizlik, ucuz varlanma istəyi, “kimə ataq qabağa düşək” milli adətimiz? Bilmirəm, hökm verib günaha batmaq istəmirəm. Dejavyunu izah eləmək çətindir, yuxarıda yazdığımız kimi. Təbii, kütləvi savadsızlıq da çirkin halların təkrarlanmasına gətirir. Tutaq ki, mən təsadüfən Perelmanın kitabını oxumuşam, başqalarının buna imkanı olmayıb. Məktəbimiz, təhsilimiz nə günə salınıb, özünüz yaxşı bilirsiniz.
Bayaq yaş söhbəti elədim, başqa dejavyu elə SSRİ ilə bağlıdır. Bizdə qabaqlar belə bir mif var idi ki, nəsil dəyişsə insanların demokratiyanı, azadlığı dərk edən, sevən hissəsi artacaqdır. Ancaq indi sosial şəbəkələrdə-filanda burnu fırtıqlı, SSRİ dağılandan sonra dünyaya gəlmiş gənclər görürəm, elə SSRİ xiffəti çəkirlər, o biabırçı rejimi elə tərifləyirlər şəxsən mən ayrı dövlətdə doğulub böyüdüyümü, boş dükanları, kütləvi rüşvətxorluğu, senzuranı, darmadağın iqtisadiyyatı, DDT zəhəri püskürdülən üzümlükləri, KGB generallarının iyrənc hərbi-milis sistemi hakimiyyətini və sairəni yuxuda gördüyümü zənn edirəm. Məşhur banditin müdafiə çıxışı edən vəkilindən imtinası haqda lətifədəki kimi: “Bu qədər pul alıb, amma ayrı adam haqda danışır”.
Son günlər bilirsiniz nə yadıma düşüb? 90-cı illərin əvvəlində çox işlənən bir cümlə vardı: “Xalqımız unutqan xalqdır”. Xatırladıqca qımışıram. Xalqımız unutqan xalq olduğunu nəsə yaman tez unutdu.
22.04.2014, 08:06
578 baxış
Zamin Hacı
Xalqımız unutqan xalqdır