Medianews.az
Deportasiya deyilmiş, ekstradisiya imiş
503 baxış

Deportasiya deyilmiş, ekstradisiya imiş

xalid kazimli kose 1   Buna deportasiya deməzlər, deportasiya belə olmur, buna ekstradisiya demək lazımdır. Ölkənin ən tanınmış analitik yazarlarından, müasir Azərbaycan jurnalistikasının veteranlarından birini qolu bağlı qul kimi, polisin müşayiəti ilə təyyarəyə mindirirlər və onu Bakıda təyyarədən düşməyə qoymadan həbs edirlər. Ta bunun harası deportasiya oldu? Rauf Mirqədirovu birinci dəfə Türkiyədə həbs ediblər, ikinci dəfə öz vətənində, Bakıda. Bu deportasiyaya bənzəyən ekstradisiya əhvalatı adamın yadına bir neçə il öncə baş verən məşhur və qalmaqallı ekstradisiya olayını salır. O zaman ömürlük məhbus Ramil Səfərov Macarıstanın paytaxtı Budapeştə təyyarəyə polisin müşayiəti ilə, qolubağlı qul kimi mindirilmişdi. O, Bakıya enəndə isə artıq azad adam idi və bütün hüquqları, hərbi rütbəsi, hər şeyi artıqlaması ilə özünə qaytarılmışdı. Rauf Mirqədirov isə təyyarəyə azad adam kimi mindirilmədi, təyyarədə də azad adam kimi uçmadı və Binə aeroportuna da azad adam kimi enmədi. Onu, necə deyərlər, hop götürdülər, gördüm deyən olmadı. Bu sətirlərin yazıldığı dəqiqələrdə jurnalistin kim tərəfindən həbs edildiyi, hara aparıldığı, harada saxlandığı bəlli olmasa da, nədə ittiham olunduğu bəlli oldu. Jurnalisti dövlətə xəyanətdə ittiham edirlər. Bu, geniş məfhumdur. “Dövlətə xəyanət”in altına sırf cinayət əməlləri də sığır, ötən əsrin 30-cu illərindən tanış olan siyasi xarakterli bəhanələr də. Ancaq onun həbsindəki mübhəmlik, müəmmalılıq, qapalılıq heç bin Ladenin ABŞ qüvvələri tərəfindən zərərsizləşdirildiyi vaxt da müşahidə olunmamışdı. Əcəba, həmkarımız dövlətə necə, nə cür xəyanət edib? Bəlkə bir neçə ölkənin kəşfiyyatının önəmli simasıymış, dövlət sirlərini satırmış? Biz hələlik bunların heç birini bilmirik. Ancaq elə bəri başdan məlumdur ki, Rauf Mirqədirovun akkreditasiyasının ləğv edilməsində, deportasiyaya bənzəyən ekstradisiyasında, eləcə də Bakıda həbs edilməsində xeyli hüquq pozuntuları var. Adamın öz aqibəti barədə ailəsinə, yaxınlarına, vəkilinə xəbər göndərməsinə imkan verməyiblər. Bu elementar prosedur qaydalarına riayət edilmirsə, ona qarşı təzyiqlərin olub-olmamasını, irəli sürülən ittihamın nə dərəcədə həqiqətəuyğun olub-olmadığını da bilmək olmaz. Bununla belə, Rauf Mirqədirovun Türkiyədə ikən, hələ media ilə, dostlarıyla irtibatı kəsilməmişkən verdiyi açıqlamalardan bir neçə nəticə çıxarmaq olar: 1. O özü Bakıda təyyarədən enərkən həbs ediləcəyini bilirdi və bu xüsusda bəzi həmkarlarına anons etmişdi; 2. Jurnalist Türkiyə və Azərbaycan rəhbərlərinin arasında baş tutan “dosye mübadiləsi”nin qurbanı olduğunu bəyan etməyə macal tapmışdı. Böyük ehtimalla məhz belədir ki, var. Mirqədirov dörd ildir Türkiyədə problemsiz yaşayır, işləyir, ona “ordan gəldin, burdan getdin” deyən yoxdur. Üstəlik, öz iddiasına görə, o, heç vaxt Türkiyə siyasətinə aid yazılarında tərəf tutmayıb. Ancaq təsadüfə baxın, Ərdoğan 30 mart seçkilərindən 5 gün sonra, aprelin 4-də Bakıya gəlir, dövlət başçısı ilə bağlı qapılar arxasında görüş keçirir, sızmış (və ya sızdırılmış) informasiyaya görə, tərəflər arasında “siyasi düşmənlər”ə dair “dosye mübadiləsi” olur, bundan 4 gün sonra azərbaycanlı jurnalistin akkreditasiyası ləğv olunur, 10 gün sonra isə özü ələ verilir. Hər şey düz gəlir, bir-birini tamamlayır. Bir də Mirqədirovu hansı tərəfin (Türkiyənin, yoxsa Azərbaycanın) “ifşa etdiyi” qaranlıqdır, amma onun ekstradisiyasının dövlət rəhbərləri səviyyəsində baş tutması göstərir ki, Mirqədirovun məsələsi sıradan bir şey deyil. Bunu indilikdə bağlayaq, bir kənara qoyaq. Yaxın günlərdə, yəqin ki, həftənin birinci günü bu məsələyə dair daha geniş açıqlama yayılacaq və sular xeyli dərəcədə durulacaq. İndilikdə onu da qeyd edək ki, həbsdə bir neçə jurnalist və yazar var və bu peşə adamlarını həbsə alaraq mühakimə, daha sonra məhkum etmək Azərbaycan iqtidarı üçün problem deyil.

Bizə qoşulun