Medianews.az
Dadı qaçan müstəqillik
473 baxış

Dadı qaçan müstəqillik

zamin yeni raz   Rusiya prezidenti Putin bu ölkənin NTV kanalına divan tutmazdan qabaq mən ordakı verilişlərə baxmağı sevərdim, o cümlədən kanalın aparıcılarından Yevgeni Kiselyovun verilişləri yadımda qalıb (Rusiyada Dmitri Kiselyov adlı yaltaq jurnalist də var, qarışdırmayın).
Bugünlərdə həmin hörmətli jurnalistin maraqlı intervüsünü oxudum. Ukrayna ətrafında baş verən hadisələrdən danışırdı, Putinin yaxın gələcəkdə regionun hansı başqa dövlətlərinə “kəllə vurmaq” ehtimalını şərh edirdi.
Məsələn, Belarus şefi Lukaşenkonun Ukraynanın indiki rəhbərliyinə yönələn xırda-para dəstək çıxışlarını belə izah etmişdi: “Lukaşenko hiyləgər və təcrübəli siyasətçidir. Bax, elə indi o, bəyan elədi ki, Turçinovu legitim rəhbər kimi qəbul edir. Fikrimcə, Lukaşenko indi çox narahatdır. O, Rusiyanın bir hissəsi olan Belarusun qubernatoruna çevrilmək istəmir. Çünki Kreml istənilən qubernatoru istədiyi vaxt azad edə bilər”. Daha sonra Kiselyov Putinin planlarından Azərbaycan prezidenti İlham Əliyevin də narahat olduğunu demişdi.
Doğrudan da narahatlıq var və Kiselyovun qeyd elədiyi kimi, burda əsas narahatlıq qubernator narahatlığıdır. Qərb “tutduğu” ərazilərə dəyərlər, bazarlar ixrac eləyir, orda kimin “goburnat” olmasına çox zaman fikir vermir. Ən azı 20 ildir öz təcrübəmizdə bunu görürük. Qərb üçün neft şlanqının kimin əlində olması önəmli deyil, təki şlanq işləsin. Rusiya isə öz müstəmləkələri ilə tarixən başqa cür davranıb, qubernatorlara müstəqillik verməyib, üstəlik onlardan arabir “çastuşka”-zad oxumaq, sirkdə velosiped sürmək tələb edib.
Bu mənada həyat çətindir, necə deyərlər. Rəhmətlik üçün lap çətindir. Ancaq bu “rəhmətlik” başqa söhbətdir. Mövzuya dəxli yoxdur, oxucular israrlı xahiş etsələr yazaram.
İllərlə əlləşirsən, vuruşursan, pulu basıb kisələrə yığırsan, ancaq rahat xərcləməyə də qoymurlar, Putin kimi allahsızın biri böyürdən çıxır, burnundan gətirir. Hardasan ay Obama, Niyə baxmırsan obana? Lirika vaxtı deyil, ey afət. (Burada müəllifin xisləti özünü göstərir və gül kimi, ciddi geopolitik analizin məhv olunmasının əsaslarını qoyur).
Sözümün canı odur ki, srağagün polisin aeroport yolunda avtoşluq edən Yevlax gömrüyü rəisinin oğlu Tural Həsənovu tutub 20 sutka həbs verməsi çağdaş dövrümüzün, postsovet məkanının durumunu açan simvoldur. Həsənov özü də polisdə işləyirmiş, deyilənə görə ordan da qovulub. Ümid edək bunun gömrük rəisi olan papası da işdən qovular, çünki ona saatda 240-la gedən bahalı maşını papa alıb vermişdir və məlum məsələdir ki, maaşla almamışdır. Xalq tələb edir, hər bir məmur balası “sürət həddini aşanda” papa da vəzifədən uçmalıdır. Xalq qladiatorların başını istəyir!
Bax, avtoritar rejimləri demokratik rejimlərdən fərqləndirən mühüm elementlərdən biri elə bu sürət həddi məsələsidir. Avtoritarizmdə pulu yığırsan, ancaq qəfil sanksiya çıxır, Avropaya, ABŞ-a girə bilmirsən, viza vermirlər. Daha o pulun nə mənası? Sərhədi bağla, keçmiş SSRİ kimi, öz ölkəni özünə zindan elə, xaricdə yaşayanlara da hasarın üstündən baxıb ağzının suyunu axıt...
Əgər gömrük rəisinin oğlu bahalı maşını ötüşdürə bilməyəcəksə, o maşının içinə ... olsun. Elə bil arvada 2 kilo qızıl almısan, o da boğazına dolayıb toya gedə bilmir, heç kimə göstərə bilmir. Ləzzətsiz həyatdır. Məcbursan artistlik eləyəsən, yetim kimi geyinib-kecinib xalq arasına çıxasan. Azərbaycan icra başçılarını, nazirləri, prokuror və polis rəislərini qüssəli, boz günlər gözləyir. Və maraqlıdır ki, bu boz günlərin səbəbkarlarından biri... Putindir. Gülməlidir. Müstəqillik-zad təhlükə altına düşməsin deyə sən gərək Vasif müəllimin buraxdığı “NAZ-Lifan” sürəsən, nazla sürəsən, aeroport yoluna həsrətlə baxasan.
Bu saat Yevlax gömrüyünün rəisi fikirləşir ki, ta bu müstəqillik mənim nəyimə gərəkdir. Adam haqlı, bəylər...

Bizə qoşulun