Medianews.az
Şeyxor şeyxin istəkləri, iştəkləri
676 baxış

Şeyxor şeyxin istəkləri, iştəkləri

samir sari kose 1
Tam səmimisini deyirəm, hələ indiyədək Adnan Oktarın verilişinə televiziyada bir dəfə də, heç bir saniyə də baxmamışam. Amma onun internet resurslarında yayılan teleçıxışlarının fraqmentlərinə baxmışam. Hətta onu parodiya edən aktyor İsmayıl Bakinin videosunu da görmüşəm.
Bu adamı tanımamaq mümkün deyil. Türkiyədə hansı qəzeti, saytı açırsan, onun və yanındakı “kedicik” adlandırılan qızların şəkillərini görürsən.
Qızlar da ki, elə-belə qızlar, adi dünya gözəlləri deyillər. Zalım qızlarını elə bil heykəltəraş yonub və ya əldə hissə-hissə yığıblar (Hərçənd onların plastik əməliyyatlar nəticəsində bu görkəmdə olmaları istisna deyil, iddia edənlər də var).
Dünən Adnan Oktar barəsində müdhiş iddialarla dolu informasiya yayılmışdı. Yazılırdı ki, o, öz təriqətinə cəlb etdiyi qadınlarla intim əlaqəyə girir, onlara Yəməndən gətirilmiş narkotik səciyyəli yarpaq çeynətdirir, hərəmxana saxlayır və sair və ilaxır.
İndi buna inananlar da olacaq, inanmayanlar da. Jurnalistin işi isə belədir ki, gərək heç birindən olmasın, yəni nə bu iddialara kor-koranə inanmalısan, nə də onları qulaqardına vurub kənara atmalısan. Gərək əlamətlərə baxasan, daha çox fakt və informasiya toplayasan.
Göz önündə olan faktlardan biri budur ki, Adnan Oktar nəinki daldabasarda, hətta milyonlarla tamaşaçının gözü qarşısında “kedicik”lərə müştəri gözü ilə baxır. “Baxır” da yox, manyak-manyak süzür, iltifatlar, komplimentlər yağdırır, iki dəqiqədən bir “maşallah”ı “inşallah”a calayır.
Xalqımız onun “maşallah”ını anlayır, görür ki, Adnan bəy ehtizaza gəlib, gözəllərin gözəlliyindən riqqətə gəlibən ürəkdən “maşallah” deyir. Bəs “inşallah” nədir? Deməli, yaramazın başqa niyyəti də var və bunu sonrakı vaxtlara saxlayır, deyir, inşallah, bu məsələyə qayıdarıq.
Bu minvalla Adnan şeyx, Allah qoymasa, insanları mənəvi saflığa çağırır. Ta demir ki, gənclər onun verilişinə baxandan sonra, türkün sözü, tamam azırlar.
Oktar əfəndinin pəstəha və iştəkləri barədə mediaya məktub göndərən azərbaycanlı qadın yazır ki, o, qızları hipnoz altına salır.
Bu da hiss olunur. Adam nəinki yaxınlığında olan qadınları, az qala Türkiyənin və Azərbaycanın yarısını hipnoz edib, hamı ondan və onun “kedicik”lərindən danışır.
Zatən, seksual manyaklar hipnozdan çox istifadə edirlər. O vaxt Hitlerin yaxın ətrafında da bir hipnozçu həkim olub, yanına gələn qadınları hipnoz edib, başlarına oyun açırmış. Sonradan üstü açılıb, tutub birtəhər ediblər.
Məsələnin maraqlı cəhəti odur ki, neçə vaxtdır bu adamın verilişində yer alan erotik görüntülər və söhbətlər barədə yazılsa da, hələ də onun barəsində bir tədbir görən yoxdur.
Bizdə yazıq İlham Mirzəyev hələ heç kəsi hipnoz eləməmişdi (eləmişdisə də, sırf pul-para üçün eləmişdi, başqa pis niyyəti yox idi), tutub qoyublar içəri.
İlin-günün bu vaxtında intim münasibətlərə dayalı təriqət yaratmaq, hərəmxana saxlamaq nə deməkdir, nerdə dövlət, nerdə toplum?
Onu da deyim ki, bizim coğrafiyada bu kimi işlərin mədəni var, tez-tez müxtəlif ölkələrdən bu cür xəbərlər gəlir. Bir də görürsən ki, hansısa şərq ölkəsində biri özünü şeyx elan edərək 15-20 arvadı yığıb başına, 7-8 il bəridən o yana fəaliyyət göstərir, amma sonra kasıbdırsa, ifşa olunur, varlıdırsa, xatunlarının sayını artırır.
Elə öz ölkəmizdə beş-altı il əvvəl bir şeyxfason biri peyda olmuşdu, o da qadınları öz təriqətinə cəlb etməklə məşğul idi, axırda cələklədilər, arvadları başsız qaldı. İndi heç bilinmir, o manyak hardadır, azadlıqdadırmı, yoxsa sadəcə, qulağını-filanı burub buraxıblarmı.
Azərbaycan mediasına məktub göndərən qadın bir də onu yazır ki, Adnan Oktarın tələsinə düşənlər arasında azərbaycanlı qızlar da var və onlardan biri də onun xalası qızıymış. Hazırda həmin xalaqızı ərə gedib və iki uşağı var, ona görə də adını açıqlamaq istəmir.
Əlbəttə, əgər məktub müəllifinin xalası qızı ərə getməsəydi, ailə həyatında xoşbəxt olmasaydı, öz ifadələrimizlə desək, Adnan Oktar onu bədbəxt etmiş olsaydı, o zaman o, mediaya çıxıb geniş açıqlama verərdi, daha maraqlı situasiya yaranırdı.
Xüləs, yaxın vaxtlarda Türkiyədən babat Adnan Oktar xəbərləri gələcəyi gözlənilir. Adam yetişib, lap düşes sortlu armud kimi lalıqlayıb.

Bizə qoşulun