Medianews.az
Qırılan qoşundandır
622 baxış

Qırılan qoşundandır

zamin yeni raz   “Soyun, ey murdar cəlladlar, Nəsiminin tənin, Bunca namərdi görün, bir ər qıyarlar, ağrımaz" (Nəsimi)
NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsinə getmişdim. İclasdan çıxanda yadıma düşdü ki, əvvəlki gün 3 hərbçimizin həlak olması haqda (ikisi guya ehtiyatsızlıqdan güllələnmə, biri intihar) gənclərə məlumat verməyi unutmuşam. Ancaq kompüteri açıb internetə girəndə bunun artıq köhnəlmiş məlumat olduğunu gördüm: Füzulidə mina partlayıb, 3 əsgər ölüb.
Azərbaycan ordusu niyə 2 gündə heç nədən 6 əsgər itirir? Bunun əsas səbəblərindən biri məhz elə o NİDA-çı gənclərin məhkəməsidir. Bu gənclər ötən il “Əsgər ölümlərinə son” şüarı ilə kütləvi aksiyalar başlamışdılar, hakimiyyəti də yetərincə tərpədib dəli eləmişdilər. Sonra onların “qabaqda gedənləri” şərlənib tutuldu, indi əsgərlərimiz rahat şəkildə, iqtidara başağrısı yaratmadan qırılırlar. Vəziyyət bu dərəcədə sadədir. Hökuməti nəzarətsiz qoyarsan, ... hər yeri batırar.
Mən bu absurd məhkəmənin sədri Cavid bəyə ağsaqqal yaşında ciddi bir peşə ilə məşğul olmağı məsləhət görərdim. Söhbəti çox uzatmadan dünənki prosesdən sitatları dərc edirəm, qoy oxucular özü nəticə çıxartsın.
Hakim: “Şahidlərdən ikisi qalıb, onlar da tapılmır. Gəlin iclas boş keçməsin deyə müəyyən sənədləri oxuyaq. Qırılan qoşundandır”.
Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzi. Bu ad yəqin zəhmətkeşlərimizdə hansısa ciddi bir qurun təəssüratı yaradır. Ancaq bu qurumun gənclərin evlərindən “tapılan” yandırıcı kokteyl (Molotov) haqda verdiyi mütəxəssis rəyi karikaturadan başqa bir şey deyildi. Həmin çekist-ekspert Mövsüm Əsgərov - xalq öz “qəhrəmanlarını” tanımalıdır - yazıb ki, yeşikdə butulka var idi, butulkanın ağzına rəngli şar taxılmışdı, şarın altında tıxac, tıxacın içində şpris, şprisin içində ağ tüstülü “Sokol” barıtı qoyulmuşdu. Bir o qalmışdı yazsın ki, barıtın içindən yumurta çıxdı, yumurtanı sındırıb quşu öldürdüm, div canını tapşırdı.
Sitat: “Böyük Vətən müharibəsi zamanı belə butulka ilə düşmənin zirehli texnikasını yandırırdılar”. Başqa bir yerdə isə ekspert yazır: “Butulkadakı mayenin iyi onun benzin olmasını ehtimal etməyə imkan verir”. Saxlanılan gənclərdən İlkin Rüstəmzadə bu məqamda məhkəməyə təklif elədi ki, bəlkə eksperiment aparılsın, butulkanın birini partladaq, böyük ehtimalla o heç yanmayacaq, çünki MTN benzin baha olduğu üçün butulkaları yarıya qədər doldurub.
MTN-in, ümumiyyətlə dövlətin necə gülünc olduğu içi maye dolu butulkanı, benzinə bulaşmış əskiləri vurhavur ekspertiza eləməsi, lupa ilə parçaya baxması (gülməyin, hansı parçanın lifinin zolaqlı, butulkanın ağzına taxılan cındır parçasının tərkibi haqda ayrıca ekspert rəyləri var idi və hakim Cavid əkə yaşının o vaxtında xəcalət çəkmədən “tapılmış əski parçasının 200 millimetr uzunluğu” kimi şeylər oxuyurdu) fonunda 3 əsgərin mina partlamasından ölməsi kimə lazımdır? Əsgər salamı verə bilməyən adamı nazir qoyublar, günahsız gəncləri, Azərbaycan xalqının demokratiya və azadlıq pöhrələrini isə tapdalayırlar.
Cavid müəllim daha sonra oxuyur: “Əskidən qoxusu gələn benzinə bənzər maddəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşı, ali hüquq təhsilli Hümbətova Gülşən, Hacıyev Pərviz və Məlikov Ceyhun spektral analizdən keçirmişlər”. Görün dövlət hesab elədiyimiz qurum nə qədər bekardır, insanların hüquqlarını tapdalamaq üçün nə cür mənasız işlərlə məşğuldur. 3-4 nazirlik oturub spektral analiz aparıblar ki, görək həqiqətən Bəxtiyar və Məmməd adlı gənclərin balkonundan “tapılan” əskinin üstündəki qoxu nəyin kimyəvi tərkibidir. Sanarsan radioaktiv əski-zad imiş. Ağlıma gəldi ki, gərək hakim spektral analizin nəticəsini də oxuyaydı: “Yuxarıda yaşıl, ortada qırmızı, altda mavi zolaq olmaqla rənglər çıxdı, bu isə bayrağımızı tərs asmaqdır, bu gənclərə ar olsun!”
Ancaq hakim Cavid bəy yaman demişdi: “Qırılan qoşundandır”. Bəlkə ağlına da gəlməmişdi ki, həm də elə o ərəfədə Füzulidə mina partlayışından ölən 3 əsgəri nəzərdə tutur.
 

Bizə qoşulun