Medianews.az
Dəhşətli təhlükə
592 baxış

Dəhşətli təhlükə

zamin yeni raz   Zəhmətkeşlərimiz fil qulağında yatıblar, respublikamızın başı üzərindən asılan dəhşətli təhlükədən xəbərsizdirlər. Bu təhlükə heç də ermənilərin Qarabağ tərəfdə atəşkəsi pozması ilə bağlı deyildir. Heç Putinin SSRİ-ni bərpa eləmək, guya müstəqilliyimizə zərbə vurmaq arzusunun da dəxli yoxdur - camaatımız üçün müstəqil olub-olmamağın böyük dəxli yoxdur. SSRİ vaxtında da rəhbər Əliyev idi, müstəqillik vaxtında da.
Pul onda da bir qrup adamda idi, qalanları növbələrdə dayanırdı ki, bəlkə bir parça kolbasa alacaq. İndi təxminən bənzər vəziyyətdir, sadəcə, kolbasa növbəsi yoxdur, əvəzində İran xəstəxanalarına gedənlərimizin, Rusiyada iş axtaranlarımızın növbəsi var. Bir də banklarda kredit götürmək istəyənlərin.
Söhbəti çox uzatmayaq, qoy zəhmətkeşlərimiz də gənc və müstəqil respublikamızı gözləyən qorxunc təhlükədən xəbərdar olsunlar: gələn il “Eurovision” musiqi yarışması növbəti dəfə Bakıda keçirilə bilər! Bəli! Oyanın! Qalx ayağa, millət!
Məsələ ondadır ki, may ayında Danimarkada “Evrovizqon” yarışı olacaq, bukmeker kontorları qalib gəlməyə ən çox şanslı ilk beşliyi müəyyənləşdiriblər və bunların içində Azərbaycanın göndərdiyi manıs Dilarə Kazımova da vardır. Xanımın oxuyacağı mahnı da tam bizim stildə bir şeydir, baxmayaraq hər şeyini isveçlilər yazıbdır. Mahnı “Yanğına başla”, ya da “Hər yerim yanır” tipində bir şeydir. Əgər azərbaycanlı müğənni Odlar yurdumuzun alovundan bir parça götürüb Kopenhagendəki salonun canına sala bilsə, şübhə etməyin ki, yenidən 1-ci yer bizim olacaqdır. Bax, o zaman Bakıda əsl yanğın, “Yanıq Kərəmi” başlayacaqdır. Evimiz sözün əsl mənasında yıxılacaqdır.
Özünüz baxın, bu qız orda qalib gəlsə 2015-ci il “Evrovizqon”u gərək Bakıda olsun. Yarışın qaydası belədir, poza bilməzsən ki? Əgər yarış Bakıda olacaqsa, o zaman yapokratiya şəhərin əvvəlki “Evrovizqon”dan qalan hissələrini də darmadağın edəcəkdir. Bir adam evində otura bilməyəcəkdir. Hələ durumu ikiqat ağırlaşdıran odur ki, 2015-ci ildə paytaxtımızda başqa bir yarışma - Avropa oyunları olacaqdır. İki oyun bir yerə düşsə, hesab elə iki dəvə otluqda ağnayır - Bakıda bir düz yer qalmayacaqdır. Gərək başını götürüb qaçasan, hökumətin ekskavatorlarının çanağı çatmayan hansısa dağa dırmaşasan.
Yeri gəlmişkən, hələ yarışı udmamışıq, ancaq qorxunc anonslar var. Bulvar idarəsinin müdiri deyib ki, hazırda bulvarın uzunluğu 18 kilometrdir, çalışırıq 25 kilometr eləyək, ondan sonra daha da uzadaq, bulvar gedib girsin ermənilərin gözünə, Cıdır düzünü də bulvar eləyək, bulvarımız gələn Novruz bayramında inşallah İrəvanda olsun! Bundan sonra bulvarı qoşacağıq peykimizin dalına, Yupiterə, Saturna, Veneraya uçurdacağıq! Kosmik bulvarımız olacaqdır. Bulvarı uzun olan xalqın dili də uzun olar. Bulvarı ver bulvarçıya, dənizi də üstəlik. Bulvar-xalq birliyi əbədidir, daimidir! Bulvarı uzun olan xalq hər şeyə qadirdir.
Ona görə də hesab edirəm uca millətimiz və sevgili xalqımız indidən nəsə tədbir görməlidir. Bəlkə də müxalifətin Milli Şurası, Düşüncə Mərkəzi, Qeyri-Düşüncə Şurası və sairə qurumları, o cümlədən özünü buraxmış İctimai Palata, Demokratik Konqres, SİDSUH, canım sənə desin, Əli Vəliyevin Vətəndaş Quruculuğu və Milli Özgürlüyün Təbəddülatlarına Girişi Partiyası və sairə qurumlar təcili toplaşıb Dilarə Kazımovaya Azərbaycanın minillik xalqı adından müraciət etməlidir. Qısa və konkret şəkildə deyilməlidir ki, ay xanım, sənə qurban olsun canım, səsin batsın, çalış birinci yeri tutma, ayağının altında ölək, itin-pişiyin olaq, etmə-eləmə!
Danimarkada diaspora hərəkatımızı işə qoşub Dilarə xanıma dondurma yedizdirmək, otağının pəncərəsini sındırıb küləyə vermək kimi ekstremal tədbirlər də mümkündür.
Nəsə eləmək lazımdır. Yoxsa məhv olacağıq. Mən xəbərdarlıq elədim.
İndi söz əlaqədar təşkilatlarındır.

Bizə qoşulun