Medianews.az
Halal benzin
662 baxış

Halal benzin

zamin yeni raz
Gəncədə “KamAZ”la “Lada” toqquşub, 6 nəfər ölüb. “KamAZ” sürücüsü APA-ya intervüsündə maraqlı bir izahat verdi: “Mənim heç bir xəsarətim yoxdur, bu da onu göstərir ki, yəqin günah onlarda olub”.
Şübhəsiz. Bizdə günah həmişə öləndə olur. Ölü sayı 6 nəfərdirsə, demək, günah lap böyükdür. Yeri gəlmişkən, mən bu faciəvi qəza haqda bütün xəbərləri oxumağa çalışdım. Heç bir yerdə heç bir kəs sual verməmişdi ki, görəsən 6 nəfər balaca salonlu, uzağı 4 nəfərlik “Lada” avtomobilinə nə üçün minibmiş? Bu, ucuz taksi olubmu? Ya qohum-əqrəba imişlər, hansısa tədbirə gedirmişlər? Bütün hallarda salonun tutumundan artıq adam aparmaq olmaz, bu özü ölümə bir addım atmaqdır. İnsanları buna məcbur edən sosial səbəblər bir yana, yol polisi hara baxır?
Təbii, sual ritorik sualdır, cavaba ümid etmirəm.
Dövlət başçısının bir dəfə yarızarafat dediyi “Bizə dünya standartları lazım deyil, bizim özümüzün Azərbaycan standartlarımız var” sözləri tam sürətlə, hər sahədə həyata keçməkdədir. Elə bu standartlara görə İctimai Televiziya adlı karikaturanın əməkdaşı o boyda söyüş-qarğışdan sonra Ərdoğana nurçularla dost olması haqda sual verə bilir. Ölçü hissi yoxdur axı! Bir maşına nə qədər adam basmaq mümkündürsə, mətbuat konfransında da hansı sualı istəsən bas getsin. Çətini ölənə qədərdir.
Adını “halal nemət”-filan qoymuş bir şirkətin beş qəpiklik sosiskalarından qurd çıxıb, bunun şəklini paylaşırlar, indi şirkətin gülməşəkər müdiri deyir ki, o, bizim sosis deyil, üstündə emblemi yoxdur. Guya sosisi qaynadan binəva onu üstündəki polietilen örtüklə birgə yeməliymiş. Əslində onun yerinə olsam deyərdim bu bizim milli standartdır, xoşun gəlmir, yemə.
Həyasızlığa bax sən canın, ətin kilosu 10 manatdır, bu adamlar isə kilosu 3 manata olan sosiskadan qurd yox, qara kürü çıxacağına ümid edirmiş! Yavaş ye, boğazında qalar! Qazana nə tökmüsən, o da çıxmalıdır. Utanmazlar! O boyda halal şirkətimizə şər atırlar.
Halal demişkən, bu günlərdə Standartlaşdırma Komitəsinin sədri Ramiz Həsənov da demişdi ki, bizim öz milli halal standartımız var. Xaricdən ölkəmizə “Halal” markası adıyla gətirilən məhsullar bu standarta uyğun olmalıdır. Mən maraq üçün Ramiz müəllimin həmin o şanlı AZS-731-2012 “Halal” standartını tapıb oxudum. Orda yazılmışdı ki, hər bir dana (məsəl üçün) kəsilərkən “Bismillah, Allahu Əkbər” deyilməlidir. İndi Polşadan gətirilən ətin bu cür kəsildiyini Ramiz müəllim necə yoxlayacaq?
Hər bir kolbasanın üzərində lent yazısı da olmalıdır? Yoxsa firmanın burdakı nümayəndəsi and içəcək, Ramiz müəllim də inanacaq? Qəliz məsələdir. Hərçənd, milli standartlarımıza görə burda qəliz heç nə yoxdur. Sovet dövründə almanı qurdlu, dənəli basıb yeyən oğlanın kinosu var idi, yadınıza gəlirmi? Bax, həmin oğlan indi yekəlib və yuxarıda adını çəkdiyimiz karikatur telekanalizasiyanın müdiri qoyulub. O kinodakı “Bəs qurd hanı” sualı daha aktual deyildir. Hamı bilir qurd hardadır. Qurda bizim başımız qurban olsun.
Milli standartımız benzinin qiymətində də ortaya çıxdı. Yapokratlar xalqın cibinə girmək üçün yaxşı fırıldaq tapıblar: köhnə benzini təzə adla sırıyırlar. Deyirlər indi Aİ-95 yox, “Avro-95" satırıq. Rəsmi izahatdakı ən həyasız cümlə isə bu idi ki, sən demə, bizim şanlı neft emalı zavodlarımızın Aİ-95 standartına uyğun benzin istehsal eləməyə ümumiyyətlə imkanı yox imiş! Bəs neçə ildir camaata nə satırdınız?
Bəlkə də bunu birdəfəlik “Halal benzin” adıyla sertifikatlaşdırmaq lazımdır. Guya Rövnəq əkə quyunun başında durur, hər dəfə neft fontan vuranda “Bismillah” söyləyir. Elə bilirsiniz uca millətimiz buna şübhə ilə yanaşar? Qətiyyən. Biz halal camaatıq, bizə belə xoşdur. Hətta bütün yanacaq növlərini “Lada”ya mindiyimiz üsulla bir yerə qatıb milli “Azərbaycan benzini - AB” yarada bilərik. İçinə bir az su da vursaq lap aydınlıq olar.

Bizə qoşulun