Medianews.az
“Burda mənəm, Bağdadda....”
509 baxış

“Burda mənəm, Bağdadda....”

samir sari kose 1
Beş-altı həftə öncə məhəlləmizdəki mağazadan alış-veriş edərkən qulağıma zabitəli səs gəldi: “Deyəsən, şişmisiz ha. Demədim, buranı bağlayın?” İstər-istəməz gözümü səs gələn tərəfə döndərdim və gördüm ki, “Opel” markalı avtomobilin sükanı arxasında bir arıq polis mayoru oturub və maşının pəncərəsini endirərək qonşuluqdakı yuyucuda (öz dilimizdə desək, “moyka”da) işləyən 15-16 yaşlı oğlana təpinir.
Burada iki maraqlı məqam vardı. 1. Polis zabiti nəyə görəsə arıq idi, çəkisi vərdiş elədiyimiz standartdan aşağıydı, ən çoxu 75 kq olardı; 2. Prinsipcə, o, bu xidmət obyektini bağlatdırmaq səlahiyyətində deyildi.
Bəs bu nə söhbət idi? Çox keçmədi, anlaşıldı. Yuyucu sexinin sahibi qəfildən hadisə yerində peyda oldu. O, 15-16 yaşlı yeniyetmənin atasıydı və bazburutlu adam idi. Sahibkar polis mayoruna dedi ki, qardaş, bu məsələni danışmışıq axı, bizim uşaq sənin maşınını ayda bir dəfə yuyacaq. Mayor ona qınayıcı nəzərlərlə baxaraq dedi, yox ey, dünən tələsik işim vardı, gəlmişəm ki, maşınımı tez yusun, gedim, deyir, əlimdə iş var.
Yuyucu sexinin rəhbəri ötkəm-ötkəm dedi ki, əlində iş olmasa yuyardı, amma yumayıbsa, bu o demək deyil ki, sən ona “şlanqını yığ, qaloşunu çıxar, buranı bağla” deməlisən.
Aha. Demək, mən əslində serialın ikinci bölümünə baxıram, birinci dünən olub.
Sahibkarın ötkəmliyi mayoru bir az pərt elədi və o, maşınını yola düzəldərək getməyə üz qoyanda sahibkar əlavə etdi: “Ayda bir dəfə yuyacaq sənin maşınını”.
Polis zabiti maşınını sürüb getdi və sahibkar üzünü mənə və yaxınlıqdakı adamlara tutub dedi: “Gör, nə günə qaldıq ey, uçaskovı mənim obyektimi bağlayır. Sən mayorsan, mən də mayoram”.
Sanki jurnalist deyilmişəm kimi tövr alaraq soruşdum ki, bu “ayda bir dəfə yumaq” nə söhbətdir, adam pulunu verib hər gün maşınını yuduzdura bilməzmi. Sahibkar-mayor dedi, pul vermir axı, müftə yuduzdurur, bax bu küçədəki yeddi “moyka”nın hamısı ayda bir dəfə onun maşınını yumalıdır, növbələşdirmişik.
Hesabladım ki, əgər 7 yuyucu sexinin hamısı öz borcunu vicdanla yerinə yetirsə, yəni sahə müvəkkilinin maşınını söz verdikləri vaxtda müftə-müsəlləm yusalar, rəisin maşını 3-4 gündən bir təmizlənmiş olur. Pis deyil, Allah bərəkət versin. Bu da cənab mayoru ayda 35 manat (hər avtoyuma prosedurunu 5 manatdan götürsək) qabağa salır.
Heç demə, sahə müvəkkili buna qane olmur, arada, tələsik gedəsi yeri olanda ekstra xidmət tələb edir. Sözü keçməyəndə isə deyir, qapadın buranı.
Yuyucu sexinin rəhbərini qızışdırıb danışdırmaq üçün dedim ki, şikayət etsəniz, onun poqonları ziyan çəkə bilər. Adam dedi, poqon yoldaşlığına görə mərdiməzarlıq etmək istəmir, ayda bir dəfə maşını pulsuz yuduzdurmaq elə də bir şey deyil, amma gərək o da qudurmasın, yox, əgər bir də uşağa “buranı bağla” desə, məcbur olacam bir tədbir görüm.
Söhbət əsnasında aydın oldu ki, sex yiyəsi özü də FHN-də işləyir.
Hərdən yol keçəndə baxıram ki, 15-16 yaşlı yuyucu öz işindədir, deməli, rəislər anlaşıblar.
Bu haqq-hesabı ona görə indi yazdım ki, dünən Balakəndə sahə müvəkkilinin kəndxudalıq eləməsi, “burda mənəm, Bağdadda - Tələbanı” deyə əda sərgiləməsi barədə xəbər oxudum. Daha sonra özünü yol polisi kimi təqdim edən şəxslərin vətəndaşı saxlayıb incitməsinə dair video yayıldı. Lap sonra aydın oldu ki, həmin şəxslərə - həm sahə müvəkkilinə, həm də zorakı yol polisi işçisinə dair araşdırma başlanıb.
Olsun, araşdırılsın, həqiqət ortaya çıxsın.
Yoxsa bu ölkədə bəziləri elə bilirlər ki, əgər bunların çiynində poqon, bellərində qoburlu tapança, əyinlərində hərbi mundir varsa, hamı onlara biət etməlidir, xərac verməlidir, qarşılarında mil durmalıdır.
Hiss olunur ki, bir çoxları “Ferrari”də şütüyən varlı balalarına baxır, hesab edirlər ki, vəzifəli oğruların, möhürlü reketlərin at oynatdığı ölkədə onlar da bir küncdə xırda-xırda reketlik edə bilərlər.
Ta bilmirlər ki, o iş üçün də lisenziya, mandat lazımdır, hər adam xərac yığa bilməz.

Bizə qoşulun