Son günlər mat qaldığım iki mətləb var, izninizlə onlardan bəhs edim. Birincisi, Türkiyədə keçirilən seçkinin nəticələrinə mat qalmışam. Rəcəb Tayyibin partiyasının növbəti qələbəsini gözləmirdim. Düzdür, adam 12 ildir öz millətini və dünyanı mat qoya-qoya gedir, amma hesab edirdim ki, necə deyərlər, hər şeyin bir sonu var.
Lap düzünə qalsa, mən Türkiyənin hakim partiyasının fenomenal triumfuna (özüm belə yazıram ki, bir az da həşəmətli çıxsın) yox, seçicilərin fundamental təfəkkürünə mat qaldım. Heç demə, belə də ola bilərmiş.
Qoogle-də baxmışam, İsveçlə Türkiyənin arası hava yoluyla 2175 kilometrdir. Amma baxaq, görək hər iki ölkənin seçicisinin seçim meyarları arasında məsafə nə qədərdir. Siz deyin, 12 min kilometr, mən deyim, yox, gəlin zamanla ölçək. Azı 50 il.
Dünən dostlar belə bir detal yazıb göndərmişdilər, İsveçdə Qoran Persson adlı bir xarizmatik baş nazir (1996-2006) olub, sosial-demokratmış və yaxşı işlədiyinə görə partiyası seçkiləri dalbadal udurmuş. Axırda o boyda baş nazir meşədə azıb - məcazi mənada. Bir gün məlum olub ki, cənab Persson bankdan kredit götürüb, gedib özünə meşə alıb. Ölkə müxalifəti və mediası dərhal baş naziri hədəfə götürüb. Ondan soruşublar ki, bankdan krediti necə almısan, demək, vəzifənə görə bank sənə krediti aşağı faizlə verib. Persson and-aman edib ki, hamı necə alır, mən də o cür almışam. Sonra dirəşiblər ki, bəs niyə meşə almısan. Baş nazir deyib, satlığa çıxarmışdılar, aldım, başqaları da ala bilərdi.
Xüləs, ona heç nə sübut edə bilməyiblər, amma bu kredit-meşə söhbəti mediada hallanıb, sürüb gedib və bu ərəfədə ölkədə parlament seçkilərinə start verilib. Dünənə qədər nüfuzu, xarizması Avropada dillər əzbəri olan Persson seçkiyə beləcə, zədəli reputasiya ilə girib və uduzub.
Perssonun uduzduğu gecənin haqq-hesabını, yəni seçki gecəsini telekanallarda göstərirmişlər. Deyirlər, baş nazir partiyasının seçki qərargahında döşəmənin üstündə dizlərini yerə atıb (arada çöməlirmiş də) televizordan seçkinin nəticələrini izləyirmiş, fikri varmış ki, seçkini udsa, balkona çıxsın. Vaxt irəlilədikcə o başa düşüb ki, balkona çıxası olmayacaq və artıq banka artıqlaması ilə qaytaracağı kreditin, aldığı çaqqallı meşənin zibilinə düşüb, uduzacaq. Beləcə, seçkinin nəticəsi təxminən bəlli olhaolda Persson durub ayağa, pencəyini geyinib, heç kəsə bir söz demədən, çıxıb gedib evinə.
Əlbəttə, Persson bankdan aldığı krediti faizləri ilə birlikdə qaytarıb. İndi öz meşəsində meşəbəyilik edir və başa düşüb ki, seçkidən qorxan meşəyə girməz.
Görün, İsveç seçicisi nə qədər prinsipial və dürüstdür ki, bir baş nazirin öz vəzifəsindən istifadə edərək borc almasını, satlığa çıxarılmış meşə tədarük etməsini bağışlamayıb, fikirləşib ki, bu gün meşə alan sabah gedib Dubayda holdinq qurar. Əgər Perssonun nazirlərinin oğullarının evindən milyonlar çıxsaydı, öz oğlu da bir gün səhərdən axşamacan ora-bura pul daşımala məşğul olsaydı, o, nəinki yenidən seçilə bilərdi, sadəcə, tutub qoyardılar türməyə.
İndi gələk ikinci mat qalmalı məsələyə. Bu, ölkəmizdəki bir sıra milli demokratların qəfildən Ərdoğana qahmar çıxmaları ilə bağlıdır.
Ukraynada əvvəlcə Kuçmanı, sonra Yanukoviçi, Rusiyada Putini, Belorusda Lukaşenkonu, bir sözlə, dünyanın hər yerində despotları dəstəkləyən milli fəallarımızın Ərdoğanı dəstəkləməsini anlamaq olur, amma özünü demokrat adlandıranların durub, “Yutub”u, “Tvitter”i yasaqlayan, jurnalistləri tutduran, qəzetçilərə birbaşa təzyiq edib manşet dəyişdirtdirən, etiraz bildirənləri qazda boğduran bir baş naziri müdafiə etmələrini başa düşmək çətindir.
Hanı, bəs demokrat idiniz, insan haqlarını prioritet sayırdınız, demokratik dəyərlərə önəm verirdiniz, söz və mətbuat azadlığını vazkeçilməz nemət adlandırırdınız, “burda bizik, Bağdadda kor xəlifə” deyən Siyavuş Novruzovun başını yarırdınız, nə oldu? Axırda gəlib Ərdoğan məsələsində onunla müttəfiq oldunuz, yaraşdımı?
Deyirlər, adam fenomendir, iqtidarını qorudu. İqtidar qorumağa qalsa, Fidel Kastro 55 ildir iqtidarını qoruyur. Onun hakimiyyətinin dünən ad gününü qeyd edən şair Qəşəm Nəcəfzadə qədər yaşı var, amma hələ də iş başındadır və “Kuba, Kuba, Kuba” deyib ölən günə qədər hakimiyyətdə qalacaq. İndi duraq, ona heykəl qoyaq, siyasi irsini öyrənək, adını Nelson Mandela ilə yanaşı çəkək?
