Medianews.az
 Novruzəli bayramı
679 baxış

Novruzəli bayramı

zamin yeni raz
Yazın gəlişi qədim yurdumuzda hərtərəfli hiss olunmaqdadır. Məsələn, srağagün uşaqlar qapılara papaq atırdılar və mən axşam 5 qatlı binanın bloku ilə yuxarı qalxdıqca hər qapının ağzında bir qara papaq gördüm. Sözgəlişi, biz əsgərlikdə olanda bu papaqlara “çeçenka” deyirdilər.
Papaqların hamısı məlul şəkildə boyunlarını büküb durmuşdular, qapıların açılacağını gözləyirdilər. Keçib getdim və təəssüf elədim ki, nə üçün cibimdə qozdan-fındıqdan bir şeylər yoxdur. Ötən əsrin əvvəlində yaşamış bir klassik yazarımız həmişə cibində kişmiş, ləpə gəzdirərmiş, qabağına çıxan uşaqlara verərmiş. Bizdə o qabiliyyət yoxdur. Nəsil belə cırlaşır. Üstündən keçdiyim o papaqlar uzun müddət yadımdan çıxmayacaqdır.
Həmin əhvalatdan az öncə isə biz dostlarla yığışıb siyasi dustaq Anar Məmmədlinin ailəsinə baş çəkməyə getmişdik.
Anar Məmmədli Azərbaycanın yetişdirdiyi, ancaq elə bu Azərbaycanın da hələ anlamağa və qədrini bilməyə gücünün çatmadığı böyük insanlardan biridir. Mən onun zindandan “Amerikanın səsi” radiosuna verdiyi intervünü oxumuşdum və heyrətə gəlmişdim. İnsan aylardır qanunsuz həbsdə saxlandığına baxmayaraq bir damcı da əsəbi deyildi, soyuqqanlı, intellektual və xalis zəka örnəyi idi. Bu “xalis zəka” söhbətini nahaqdan yazmıram. İmmanuil Kant o qədər dəqiq adam imiş ki, almanlar öz saatlarını Kantın evdən çıxma vaxtına uyğun düzəldirmiş. Bax, Anar bəy də mənə həmişə bu cür dəqiq, zəkalı bir insan təsiri bağışlayıb.
İndi bu rejim mənim Anar Məmmədli kimi dostumu vicdansızcasına zindanda saxladığı vəziyyətdə mən necə deyə bilərəm ki, bayramdır? Zindan dostlarımla doludur. Rəşadət Axundov, Üzeyir Məmmədli, Tofiq Yaqublu, Yadigar Sadıqov... Hansını yazım? Bu adamların hamısının bircə günahı var: Azərbaycana yazın gəlişini istəmək. Azərbaycanda gerçək dəyişiklik arzulamaq. Vəssalam. Tək günahları budur.
Cəmiyyətin də bundan ümumi götürəndə xəbəri yoxdur. Dünən biz Anar bəyin evinə - Əhmədlidəki “Ukrayna dairəsi” yaxınlığına gedərkən məlum oldu ki, həmişəki yol bağlıdır. O yolda... bayram yarmarkası açmışdılar. Qadınlar yumurta-filan alıb gedirdilər. Kimsə dedi ki, icra hakimiyyəti pulsuz kabab da veribmiş. Bunun replikası da oldu: “Kabab nə ətindən idi?”. Əlbəttə, müftə kababın nə ətindən olmasını soruşmaq qanacaqsızlıqdır. Bəy verən atın dişi misalı...
İndi mənim ağlıma başqa sərsəm fikirlər də gəlir. Məsələn, hər ailədə cücərdilən, bazardan alınan səmənilərin ümumi sahəsini hesablayıb Azərbaycanda orta hesabla nə qədər taxılın çölə atıldığını tapmaq. Ancaq bunun üçün gərək boşqabın sahəsini hesablayasan, mənim isə boşqab sahəsi hesablamaqdan zəhləm gedir. Ada bax: boş qab.
Yaxud ümummilli, ortaq bayram tablosu çəkmək lazımdırsa bizim ölkə üçün bu, belə şəkildə ola bilər: küknar ağacına bağlanmış qoyun səməni yeyir.
Bayramın dəqiq adını da müəyyənləşdirməliyik. Novruz bayramı fars dilindən gəlmədir. Bahar bayramı deyiləndə şəxsən mənim yadıma vitse-spiker Bahar Muradova düşür. Yaz bayramı da destruktivdir. Necə yəni yaz? Nəyi yaz? Yazmaq və oxumaq olmaz.
Təklif edərdim ki, ortaq bir ad olaraq bu gözəl bayramı qədim ellərimizdə indən belə Novruzəli bayramı adlandıraq. Personajının hörmətinə görə klassikin də ruhu şad olardı. Cibində kişmiş gəzdirən klassikin...
Novruzəli bayramınız qutlu olsun!

Bizə qoşulun