Medianews.az
 Öz itimiz
467 baxış

Öz itimiz

zamin yeni raz Yaxud, Qaralov Somosanın heyfini amerikalılardan necə aldı 
20-ci əsrdə Nikaraqua dövlətini yalan olmasın, 50 ildən çox fırladan Somosa sülaləsi vardı. Bunun rəhbərləri milləti ordu ilə mələdə-mələdə hakimiyyət sürürdülər. Anastasio Somosa hakimiyyəti oğlu Luis Somosaya ötürmüşdü, o isə yenidən atasının adını qoyduğu Anastasio Somosaya. Beləcə, xalq inqilaba qalxana qədər. Nəhayət xalq bu Somosalardan bezib üsyan eləmişdi, Anastasio atasının, babasının meyitlərini qəbirdən çıxardıb “Boinq”ə yükləmişdi, o cümlədən, sağ qohum-əqrəbaları da təyyarəyə doluşub ABŞ-a qaçmışdılar. Qaçarkən dövlətin olan-qalan pulunu, qızılını da aparmışdılar.
Amerikanın ötən əsrdə bu tip diktatorlara dəstək verməsinin bir düşük ideoloji bazası da var idi, deyirdilər guya kommunistlərin, SSRİ təsirlərinin yayılmasını önləyirlər. Elə bizim yazı da bənzər motiv haqdadır, ancaq bu haqda az sonra.
Yeri gəlmişkən, amerikalıların indiki dünya siyasəti də təxminən “soyuq müharibə” dövrünün o siyasətinə bənzəyir. Sadəcə, indi kommunizm təhlükəsini dini təhlükə əvəz edib. Dünyanın müxtəlif dəlmə-deşiklərində yaşamaqda olan psevdodemokratik (bu da yeni dondur) rejimlər çox vaxt yalançı islam təhlükəsi-filan düzəldirlər, bununla amerikalılardan dəstək alırlar. Uzun söhbətdir, qalsın başqa vaxta.
İndi Somosanı xatırlamağımın səbəbkarı isə Zakir Qaralovdur. Təəccüblənməyin. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılı uydurma bir cinayət işi ilə bağlı tez-tez Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinə çağırıb dindirirlər. İşin qısa məzmunu belədir ki, guya jurnalist Bakıdakı restoranlardan birində ABŞ Senatının əməkdaşları ilə görüşüb, onlara dövlətçiliyimiz əleyhinə məlumatlar verib. Əslində bu cinayət işinin hakimiyyətin Xədicə İsmayıldan araşdırmalarına görə qisas aksiyası olduğu gün kimi aydındır. Bununla işimiz yox. Ancaq son günlərdə prokurorluğun dindirməsi zamanı maraqlı bir ifadənin səsləndiyi ortaya çıxdı. Prokurorluğun müstəntiqi jurnalistə sual verib ki, nə üçün amerikalılarla Azərbaycanda təhsilin problemlərini müzakirə edib, “onlar haranın itidirlər” (sitat). Məhz bu “it söhbəti” hətta ABŞ səfirliyinin də reaksiyasına səbəb olub, ittihamı gülünc və cəfəngiyyat adlandırıblar.
Düzü, son dövrlər yapokratiyada Amerikanı alçaldan hərəkətlər çoxalıbdır, hətta keçmiş müdafiə naziri Əbiyev səfir Morninqstarı az qala “jim” elətdirmişdi. Ancaq amerikalıları birbaşa “onlar haranın itidir” adlandıran ilk dəfədir. Görün qüdrətimiz haracan artmışdır! İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Əlbəttə, bunu Rusiyanın Ukraynaya qarşı əlləm-qəlləm hərəkətləri fonunda Azərbaycanın Qərb üçün enerji baxımından önəminin artması, başqa geopolitik amillərlə yozmaq, “dillərini uzadan budur” demək mümkündür. Ancaq bütün hallarda Zakir Qaralovun idarəsindən belə bəyanatlar eşitmək müstəqil respublikamızın vətəndaşlarının, xüsusilə Zəngilan və Füzulidən məcburi köçkünlərin qəlbini fərəhlə doldurur.
Ümumiyyətlə, prokurorluq düz deyir, başqa ölkənin iti bizim ölkənin oğrusuna niyə hürməlidir? Bu milli məsələdir. Hər it öz həyətini qorumalıdır, başqa həyətin suverenliyinə gərək qarışmasın.
Nəhayət bunun Somosa ilə əlaqəsini yazım, yoxsa yazı qurtaracaq. Deyilənə görə 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzveltə jurnalist sual verir ki, nə üçün Nikaraqua diktatoru Anastasio Somosanı dəstəkləyirlər. Ruzvelt deyir: “Düzdür, Somosa it balasıdır, amma bizim itin balasıdır”. İfadə tarixə düşür, bu haqda hətta “Taym” jurnalı da yazır. Sonradan bunun Reyqan və Trumen tərəfindən başqa diktatorlar haqda deyldiyi versiyaları da səslənib, amma olay dəyişilmir. ABŞ-ın siyasətini bu cümlə çox dəqiq açır.
Və indi bir amerikalı siyasətçinin hansısa diktatura rejimi haqda yox, əksinə, bir repressiv rejimin prokurorunun amerikalı haqda “it balası” söyləməsi bəlkə də tarixin ironiyasıdır. Bizim eldə deyilən kimi, “söyüşünün hamısı özünə qayıtsın”.

Bizə qoşulun