Medianews.az
 Qəribə ixtilafın polemikası
468 baxış

Qəribə ixtilafın polemikası

xalid kazimli kose 1
Əslində, bir yazar üçün ən çətin durumlardan biri həbsdə olan şəxslə mətbuat polemikasına girməkdir. 
Sən azadlıqdasan, əlinin altında hər cür elektron və yazılı arxiv var, o, bunlardan məhrum, dar bir yerdədir. Sən yazdığını dərhal dərc etdirə bilirsən, o, hələ sənin yazdığını bir neçə gündən sonra oxuyur və onun sənə yazdığı cavab on gündən sonra gəlir. Durumlar arasında fərq böyükdür.
Məhkum vəkil Qurban Məmmədovun fevralın 28-də yazdığım bir yazıya cavabının martın 14-də gəlməsi və mətndə emosional ifadələrin bolluğu bunun əyani sübutudur. O, bu yazını martın 1-də yazıbmış, cavab dünən gəlib saytlara çıxıb.
Polemika mövzusu Müsavat başqanı İsa Qəmbərlə Milli Məclisin üzvü Adil Əliyevin 9 il öncə 20 saylı Nərimanov seçki dairəsində alternativ olması və Qurban Məmmədovun fikrincə, o vaxt Adil Əliyevin İsa Qəmbərə “qalib gəlməsidir”.
Üstündən 9 il keçəndən sonra bu məsələnin niyə aktual olması, doğrusu, heç cür anlaşılmır. Bu dəftər çoxdan qapanıb. İsa Qəmbər Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə həmin mübahisənin qalibi sayılıb və maddi təzminat da alıb.
İndi baxaq, görək, 9 il öncəki “qalibiyyət”in və ya “məğlubiyyət”in yenidən münaqişə predmetinə çevrilməsi kimə lazımdır? O vaxtdan bəri buna bənzər çox hadisələr baş verib, bu müddətdə İsa Qəmbər bir dəfə də deputat Etibar Hüseynova “uduzub”.
Ancaq belə görünür ki, 9 il öncəki “qalibiyyət”in dönə-dönə vurğulanması nəyə görəsə Adil Əliyevə lazımdır. Elə A.Əliyev də 4 il əvvəl eyni dairədə bir daha bütün alternativlərinə “qalib gəlib”, amma nədənsə fikri 9 il əvvəldə qalıb.
Sağlıq olsun, gələn ilin payızında bu qəribə ixtilafın əsl səbəbi bəlli olacaq. Onda bilinəcək ki, 9 il öncəki seçkidən bir epizodu şişirdikcə şişirtməkdə məqsəd İsa Qəmbərin “məğlubiyyət”ini gözə çarpdırmaqdır, yoxsa Adil Əliyevin “qələbə”sini.
İndi gələk Qurban Məmmədovun bəzi qeydlərinə. O yazır ki, guya mən onun İsa Qəmbərə qarşı antipatiyası haqqında ağızdan ağıza eşitmişəm. Xeyr. 1995-ci ildə o, İsa Qəmbərə qarşı sözün birbaşa mənasında “beş batman balla yeyilməsi mümkün olmayan” ittihamlar irəli sürəndə mən mətbuatdaydım və o, “Yeni Müsavat” qəzeti ilə, ACP sədri Sülhəddin Əkbərlə məhkəmədə üz-üzə gələndə məhkəmə proseslərində iştirak edirdim.
Bir az da əvvələ qayıtsaq, 1992-ci ilin aprelində, hələ AXC hakimiyyətə gəlməzdən öncə Qurban Məmmədovun öz hərəkat yoldaşları haqqında dediklərini də xatırlayıram. O zaman bir rayon cəbhəçisinin verdiyi suala cavab olaraq Q.Məmmədov Elçibəyi öydü, amma onun ən yaxın silahdaşlarını aşağıladı. Həmin görüşdə onun bir partokratla münaqişəyə girdiyini əlavə etsəm, bəlkə də yadına düşəcək. Hətta toplantıda iştirak edənlər onun İsa Qəmbərə qarşı dediklərindən narazı qaldılar, amma Qurban Məmmədov parlaq bir nitq söyləyərək situasiyanı xilas etdi.
Əlbəttə, o və ya bir başqası mütləq İsa Qəmbəri sevməyə məhkum deyil. Mən sadəcə, Qurban Məmmədovun İsa Qəmbərə qarşı antipatiyasının uzunömürlü olduğunu vurğulamaq istəyirəm. Hətta onu da əlavə edə bilərəm ki, bu, qarşılıqlıdır, heç İsa Qəmbərin də Qurban Məmmədova rəğbət bəslədiyini demək olmaz.
Ancaq bu xüsus Müsavat başqanının, eləcə də bu sətirlərin müəllifinin bu gün açıq-aşkar haqsızlığa məruz qalmış, ömrünün ən gözəl illərini məhbəsdə keçirmiş, üçüncü dəfə heç bir əsas olmadan məhkum edilmiş bir hərəkatçının haqqını müdafiə etməyə mane olmur.
Əsas məsələ də budur. Biz şəxsiyyətinə simpatiya və ya antipatiya bəsləməyimizdən asılı olmayaraq, haqlının tərəfində durmalıyıq, onu müdafiə etməliyik.
Keçən dəfəki yazımda heç də Qurban Məmmədovu düşərgəyə xəyanətdə suçlamamışam, belə bir iddia ilə çıxış etmək insafsızlıq və qeyri-obyektivlik olardı. Sadəcə, hörmətli vəkilin bəzən obyektiv ola bilməməsini, öz şəxsi simpatiya və antipatiyasından çıxış etdiyini vurğulamışam.
Dediyim odur ki, əsas məsələ dürüst seçkidir, kiminsə qalib gəlməsi yox. Təki ölkədə qanuni, azad, şəffaf seçkilər keçirilsin, kimin həvəsi, ehtiyacı, gücü varsa, gəlib İsa Qəmbərə qalib gəlsin.
Bir də hərəkat yoldaşımızın bir tələbi var: “Başqa jurnalistlər və qəzetlər kimi Siz də bizimlə bağlı məsələləri intensiv olaraq işıqlandırın”.
Bax, buna heç bir ehtiyac yox idi. Çünki elə çıxır ki, biz indiyədək “intensiv işıqlandırmamışıq”. Həqiqət isə budur ki, indiyədək siyasi məhbuslarla bağlı heç bir yeniliyi nəzərdən qaçırmamışıq, qaçırmarıq.

Bizə qoşulun